Vaksinlə bağlı azərbaycanlı həkimlər ümidsizdir - SƏBƏB

13-06-2020, 09:13           
 Vaksinlə bağlı azərbaycanlı həkimlər ümidsizdir - SƏBƏB
Dünyada koronavirus təhlükəsi davam edir. Azərbaycanda isə proses sönməyə doğru gedərkən, karantin tədbirlərinin yumşaldılması və insanların məsələyə laqeyd yanaşması səbəbindən hazırda statistika sürətlə artmaqdadır. Artıq koronavirus xəstələrini yerləşdirmək üçün yeni xəstəxanalar ayrılır. Mütəxəssislər vəziyyətin ciddi olması ilə bağlı həyəcan təbili çalır. Belə bir məqamda hər kəs bu virusa öldürücü təsir edəcək dərman və ya vaksinin hazırlanmasına ümid edir. Düşünülür ki, bu vaksin sehrli çubuq kimi bütün dünyanı bir anın içində xilas edəcək.

Artıq dərmanla bağlı pozitiv xəbərlər gəlir. Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank açıqlama verib ki, koronavirusa qarşı yerli və milli olaraq öz sintezimizlə inkişaf etdirdiyimiz çox vacib bir dərman istehsal ediblər. Dərmanın yaxın vaxtda təsdiqlənməsi planlaşdırılır.

Rusiya xəstəxanalarına isə COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub.

“Kliniki sınaqların nəticələri ”Avifavir"i dünyada ən ümid verən dərman preparatlarından biri hesab etməyə imkan verir", - Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kiril Dmitriyev qeyd edib.

Preparatın sərbəst satış üçün nəzərdə tutulmadığı bildirilib. O, yalnız xəstəxanalarda əlçatan olacaq. Bu ay ərzində ümumilikdə 60 min “Avifavir” istehsalı planlaşdırılır. Zərurət yaranarsa, istehsalın həcmi ildə iki milyona qədər artırılacaq.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun hazırladığı bu dərman dünyada koronavirus infeksiyana qarşı qeydə alınan iki preparatdan biridir.

Vaksin məsələsinə gəlincə, bununla bağlı da pozotiv rəylər var. Oksford Universiteti və İtaliyanın “Irbm” kompaniyasının birgə hazırladıqları koronavirus əleyhinə peyvənd payız və ya qış aylarında əlçatan ola bilər. Bu barədə proqnozu İtaliyanın Səhiyyə nazirinin müşaviri və ölkənin Dünya Səhiyyə Təşkilatındakı nümayəndəsi Valter Riççardi səsləndirib.

“Əgər hər şey yaxşı alınsa, payız və ya qış aylarında vaksinin ilk dozaları istehsal oluna bilər”, - deyə Valter Riççardi telekanalın efirində bildirib. Onun sözlərinə görə, Avropa vaksin hazırlamaq prosesində ABŞ-ı qabaqlayır. İtaliya və Britaniyanın müştərək preparatı digərlərindən daha ön mərhələdədir.

Oktyabr ayında epidemiyanın ikinci dalğasının başlayacağı barədə fikirləri şərh edən ekspert bunun baş verəcəyini 100 faiz əminliklə söyləməyin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, may ayının ortalarında “Irbm” kompaniyasının direktoru Piero Di Lorenso vaksin üzərində çalışmaların sürətləndiyini və sentyabrda yetərincə peyvənd dozasının hazırlanma ehtimalının yüksək olduğunu deyib. O, aprelin sonlarında vaksinin 510 insan üzərində sınaqdan keçirildiyini və könüllülərin səhhətində heç bir problem müşahidə olunmadığını bildirib.

Azərbaycanlı həkimlər isə bu ilin sonuna kimi vaksin tapılacağına inanmır və bunun daha çətin, uzunmüddətli proses olduğunu bildirirlər. Baş infeksionist Cəlal İsayev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, koronavirusa qarşı vaksinin hazırlanması belə tezliklə gözlənilmir: “Ola bilər ki, hazırda həmin vaksinlər heyvanlar üzərində təcrübədən keçmiş olsun, ancaq hələ kliniki təcrübə keçməyib. Onların nəticəsinin bəlli olması ən azı bir il çəkə bilər. O səbəbdən payıza qədər vaksin hazırlanması gözlənilmir.

Əgər vaksin hazırlanarsa və kifayət qədər güclü olarsa, karantin rejiminin ləğv olunmasına da kömək olacaq.

Son günlər Rusiya və Türkiyənin koronavirusu müalicə edən dərman hazırlaması ilə bağlı xəbərə münasibət bildirən baş infeksionist bildirdi ki, hələ ki, dünyada qəbul olunmuş effektiv bir preparat yoxdur".

Baş infeksionist hesab edir ki, zaman keçdikcə COVİD 19 mutasiyaya uğraya bilər, daha da aqressivləşə bilər: “Ancaq hələ ki, elə bir hal yoxdur. Mutasiyanın tez baş verməsi gözlənilən deyil. Amma istisna da olunmur.

Hazırda baş verən xəstəliklər cavanlar arasında da rast gəlinir, müxtəlif əhali qrupları arasında yoluxma halları müşahidə olunur".

Tibb elmləri doktoru Adil Qeybulla da vurğuladı ki, hər hansı bir dərman preparatı və ya peyvənd hazırlansa belə, kilinik testlərdən keçməlidir: “Bu klinik testlərin qısa müddətdə olması real görünmür. Müxtəlif dərman preparatları hazırda COVİD 19-un müalicəsində istifadə olunur. Bu cür çalışmaları müsbət qiymətləndirmək lazımdır. Amma nə dərəcədə effektiv olacağını demək çətindir. Malyariya əleyhinə dərmanlar da koronavirusun inkişafını dayandırır, Sink preparatı da dayandırır. Ancaq tam effektiv bir preparatla bağlı da bir tapıntı yoxdur”.

A.Qeybullanın sözlərinə görə, vaksin hazırlanması bir illuziyadır: “Onun nə zaman hazırlanıb test ediləcəyini bilmirik. Əvvəla zaman lazımdır, bu aman ərzində koronavirusun bu ştampı yoxa çıxa bilər. İkincisi vaksin yaradılsa belə onun nə dərəcədə effektiv olacağını demək çətindir. Bəzən hansısa xəstəliyə qarşı hazırlanan vaksin onun daha da inkişaf etdirir, nəinki sağaldır. Vaksinlərin əks cismlərdən asılılığını gücləndirən reaksiya deyilən bir paradoksal reaksiya var ki, o effetiv olmasına imkan vermir. Hepatit C-nin vaksini hələ də yoxdur. İnsanlar sadə məsələlərə əməl etmir, illuziyalardan danışırlar”.

Doktor hesab edir ki, insanlar vaksinin mahiyyətini bilmədikləri üçün belə illüziyalar qururlar: “Vaksin ilk növbədə yaradılmalıdır, daha sonra qrup-qrup klinik testlərdən keçməlidir, daha sonra istifadəyə verilməlidir. İnsanlar vaksinin mahiyyətini bilmədikləri üçün belə illüziyalar qururlar. Ən sadə üsullara əməl edilməlidir, insanlar sosial məsafə gözləmir, maska taxmır, məsələni iqnor edir. Hamı yoluxduqdan sonra vaksin kimə lazım olacaq?

Biz çox düzgün karantin tədbirləri aparmışdıq və uğurlara nail olmuşduq. Əgər həmin tədbirlər davam etsəydi, indi prosesi söndürmək üzrə idik. Amma təəssüflər olsun ki, yanlışlıqlar oldu. Nəticədə böyük bir yoluxma patensialı yarandı. Bakı və Abşeron yarımadasında insanların 60 faizinin yoluxması potensialı var".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.