Ermənilərin İsraillə bağlı hiyləgər planı: - Bakının atmalı olduğu addımlar

13-06-2020, 12:45           
Ermənilərin İsraillə bağlı hiyləgər planı: -
İsraildə səfirlik açmağa hazırlaşan Ermənistanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir. Ermənistan ikiüzlülükdə ittiham edilir.

Azərbaycan yəhudilərinin İsraildə erməni məhəlləsində himnimizi oxuduqları haqda videolar var.

Bir sıra siyasi ekspertlər hesab edir ki, əslində, Azərbaycan öz səfirliyini İsraildə çoxdan açmalı idi. Çünki İsrail Azərbaycanın tərəfdaşıdır. Biz onlardan müasir texnikalar, silahlar alırıq, onlara neft satırıq. Azərbaycan da gecikmədən İsraildə səfirlik açmalıdır. Bir çox müsəlman ölkələrinin, o cümlədən, Azərbaycanın yaxın tərəfdaşları olan Qazaxıstan və Türkiyənin də İsraildə səfirlikləri var. Heç kim də bu iki dövlətə təzyiq etmir.

Bəs, Ermənistanın İsraildə səfirliyi açılsa, İran-Ermənistan münasibətləri korlana bilərmi? Bu hadisə İsrail-Azərbaycan əlaqələrinə necə təsir edər? Yəhudilərin işğalçıya münasibəti istiləşə bilərmi? Bizim İsraildə səfirliyimiz yoxdur, Ermənistan bizi buna görə qabaqlayır? Bakı da İsraildə səfirlik açsa, İranla münasibətlər necə olacaq?

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın İsraildə səfirlik açmaq istəyi, əsasən, Azərbaycan-İsrail əlaqələrinə zərbə vurmağa hesablanıb. Ermənistan rəsmiləri hesab edirlər ki, səfirlik açılarsa, bununla İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığının qarşısını alar, həmçinin siyasi əlaqələri zəiflədə bilərlər: “Bu istiqamətdə onlar çalışır. Məhz 2016-cı il aprel döyüşlərindən sonra Ermənistan İsrailin Azərbaycana verdiyi silahların gücünü gördükdən sonra bu ölkə ilə yaxınlaşmaq, hər vəchlə iki ölkə arasında əlaqələrə zərbə vurmaq üçün fəaliyyətə keçdilər. Ona görə də çalışırlar ki, onlar İsraildə səfirlik açsın. Bizim orada səfirliyimizin olmaması da ermənilərin əl-qolunu açır.

Ermənistan səfirliyini Qüdsdə açsalar, müsəlman dünyasının ermənilərə qarşı antikoalisiyası formalaşa bilər. Bunu ilk növbədə İran etməlidir. Hazırda İrəvanın İsraildə səfirlik açmaq planına qarşı etiraza baxmayaraq, rəsmi Tehran bunu sükutla qarşılaya bilər. Çünki Ermənistan səfirlik açmasını Tehranla danışıqlarda Azərbaycana qarşı fəaliyyət kimi qələmə verəcəklər. Əlbəttə ki, Azərbaycana qarşı olduğu üçün İran Ermənistanın bu istəyinə yaşıl işıq yandıra bilər. Qeyd edim ki, əgər İran buna qarşı olmasa, deməli, bu ölkə birbaşa Azərbaycanın ərazilərinin işğalına tam zəmin yaradır. Bundan əlavə, İran Ermənistan üçün nəfəslikdi. Bu ölkə hətta öz nəfəsliyinin düşməni ilə sıx əlaqələr qurmaq istəyir. İran görməlidir ki, onun əsl dostu və üzdə dostu kimdir. Bu gün Azərbaycan məhz İrana qarşı heç bir koalisiyaya qoşulmur. İrandan heç bir asılılığı olmadan qonşuluq əlaqələrinə daim yüksək səviyyədə qiymət verib. Amma İran bunu başa düşməyib".

Politoloq hesab edir ki, Ermənistan İsraildə səfirlik açarsa, bu, İsrail-Azərbaycan əlaqələrinə zərbə ola bilməyəcək: “İsrail-Azərbaycan əlaqələri tarixi köklərə söykənir. Ona görə də Ermənistanın qabağa düşüb buna getməsi elə də əhəmiyyətli deyil. Buna İran baxmalıdır.

İsraildə Azərbaycanın səfirliyinin açılmasına gəldikdə isə biz gecikmişik, bu, çoxdan olmalı idi. İsrail Azərbaycan əlaqələri çoxşaxəli və yüksək səviyyədədir. Bu əməkdaşlığa heç bir dövlət zərər gətirə bilməz. Azərbaycan İsraildə səfirlik açarsa, İranın reaksiyasına gəldikdə isə, bu, əhəmiyyətsizdir. İran yaxşı bilir ki, bu gün Azərbaycanın müdafiə imkanlarının güclənməsində İsrailin əvəzsiz rolu var. Bu da işğal olunmuş ərazilərin azad olunmasına hesablanıb. Bu, İrana qarşı yönəlməyib. Hazırda İsraillə əlaqələrimiz heç səfirlik olmadan da yüksək səviyyədədir".

Politoloq Əhəd Məmmədli isə bildirdi ki, Ermənistanın ikiüzlü İran siyasəti birinci dəfə deyil. İndi də Ermənistan İsraildə səfirlik açmaq istəyir. Bunu ermənilər çoxdan etmək istəyir. Təbii ki, bu da İran-Ermənistan münasibətlərində gərginlik yaradacaq, lakin kardinal şəkildə münasibətlərin pisləşməyinə gətirməyəcək: “Çünki hər dövlətin öz marağı var. Qərbyönümlü sayılan Paşinyan hökuməti İsraillə münasibətlərdə maraqlıdır. Türkiyə-İsrail münasibətlərinin gərgin vaxtında ermənilər bundan istifadə etmək istəyirlər. Ermənistan həm İsrail, həm də dünya yəhudi lobbisini Türkiyəyə qarşı öz maraqları naminə istifadə etməyə çalışır. Düzdür, buna nail olacaqlarını düşünmürəm. Bir müddət öncə xəbərlər yayıldı ki, İsrail Türkiyə ilə münasibətləri düzəldir. Həmçinin İsrail Ermənistana görə Azərbaycan və Türkiyə ilə münasibətlərini itirən deyil. İsrail üçün Azərbaycanla münasibət Ermənistanla dostluqdan daha vacibdir. Ermənilər nə qədər də istəsələr də İsrail Knessetində qondarma erməni soyqırımı tanınan deyil. Ermənistanın İsraildə səfirliyi də, konsulluğu da qurula bilər amma bu da kardinal şəkildə ermənilərin xeyrinə heç nəyi dəyişməyəcək”.

Azərbaycanın İsraildə səfirliyini açmamasına gəldikdə isə ekspert hesab edir ki, indiyə qədər bunun edilməməsi İran və İslam dünyasının digər ölkələrinə görədir. İsrail də bunu anlayır: “Səfirliksiz də Azərbaycan-İsrail münasibətləri, Ermənistan-İsrail münasibətlərindən daha üstün səviyyədə olacaq. Çünki Azərbaycan müsəlman coğrafiyasında yeganə ölkədir ki, İsraillə münasibətləri ən üst səviyyədədir. Bu yəhudi dövləti üçün çox önəmlidir. Ermənistan üçün İsraillə dostluq etmək vacibdir, İsraillə isə Azərbaycanla dostluq etmək daha vacibdir. Ona görə İsraildə Ermənistanın səfirliyinin açılması, Azərbaycan-İsrail münasibətlərinə ziyan gətirə bilməyəcək. İran-Ermənistan münasibətləri də eyni səviyyədə qalacaq”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.