Azərbaycanda şok cinayət: Ata qızının yataq otağnda…

14-06-2020, 08:37           
Azərbaycanda şok cinayət: Ata qızının yataq otağnda…
Gədəbəy rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1961-ci il təvəllüdlü Zakir İsgəndərovun məhkəməsi başa çatıb. Zakir İsgəndərovun qızı Könül Bədəlova 2011-ci ildən rəsmi nikahda olduğu əri Emin Bədəlov tərəfindən mütəmadi olaraq yaşadıqları evə sərxoş vəziyyətdə gəlib, onu döyüb incitməsi barədə dəfələrlə şikayət edib.
Könül Bədəlova 2 iyul 2018-ci il tarixdə atasına zəng edərək növbəti dəfə ərinin onu döyməsindən şikayətlənib. O, atasına Eminin hərəkətlərindən bezdiyini, buna görə onunla yaşamaq istəmədiyini, boşanmaq istədiyini deyib. Buna görə Zakir İsgəndərov kürəkəni Emin Bədəlovu öldürmək qərarına gəlib. O, qızına Eminlə söhbət etmək adı ilə axşam onların yaşadıqları evə gələcəyini deyib.
Zakir İsgəndərov həmin gün axşam saat 23 radələrində Gədəbəy rayonu Söyüdlü kəndində yaşadığı evin giriş hissəsindəki stolun altına qoyulmuş çəkici özü ilə götürərək eşşəyini minib qızının ailəsinin müvəqqəti yaşadığı Ərtəpə kəndində Fərmayıl Aslanova məxsus evə yollanıb.
İyulun 3-də gecə saat 01 radələrində Zakir İsgədərov həmin evə çatıb. O, özü ilə gətirdiyi eşşəyi evin yaxınlığındakı baxımsız qalmış “QAZ-53” markalı avtomobilin buferinə bağlayıb. Daha sonra qapının içəridən bağlı olmadığını bildiyinə görə sol əlində işiqlı alışqan, sağ əlində isə çəkiclə əvvəlcə eyvana, daha sonra isə yataq otağına daxil olub.
Zakir İsgəndərov əlindəki alışqanın işığı ilə otağın daxilinə işıq salaraq, qızı Könül Bədəlova ilə kürəkəni Emin Bədəlovun çarpayıda yatdıqlarını görüb. O, sonuncunun oyanmaması üçün asta addımlarla çarpayıya yaxınlaşaraq heç bir müqavimət göstərmək imkanı olmayan Emin Bədəlovun baş nahiyyəsindən əlindəki dəmir çəkicin küt hissəsi ilə bir zərbə vurub.
Zərbənin təsirindən Emin Bədəlov çarpayıdan yerə yıxılıb. Bu zaman səsə qızı Könül Bədəlova yuxudan oyanaraq çarpayıdan qalxıb. Eminin ayağa durmaq istədiyini görən Zakir İsgəndərov onun baş nahiyəsindən çəkicin küt hissəsi ilə daha bir zərbə vurub. Zakir İsgəndərov yerə yıxılmış Emin Bədəlovun sürünərək ona tərəf gəldiyini görüb. O, hərəkətlərini davam etdirib, çəkicin hər iki tərəfi və yan tinləri ilə kürəkəninin baş, sinə və qarın nahiyyələrinə daha bir neçə zərbə vurub. Emin Bədəlov zərbələrin təsirindən orda ölüb.
Bundan sonra Zakir İsgəndərov cinayəti gizlətmək üçün qızı ilə birlikdə Emin Bədəlovun paltarlarını əyninə geyindirib, meyiti sürüyərək evdən çölə çıxarıb, özü ilə gətirdiyi sellofan parçasına büküb, eşşəyə yükləyib. Daha sonra cəsədi Gədəbəy rayonunun Ərtəpə kəndinin yaxınlığındakı “Köhnə dəyirman” deyilən ərazidən keçən “Çəyir” adlanan çaya atıb.
İyulun 9-da polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zakir İsgəndərov həbs edilib. İstintaq orqanı tərəfindən Zakir İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zakir İsgəndərov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zakir İsgəndərov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Zakir İsgəndərovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Zakir İsgəndərovun apelyasiya şikayəti təmin olunmayıb.(Teleqraf.com)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.