“Məni evində lüt vəziyyətdə qarşıladı” — Bərdədə 70 yaşlı kişi tanışına DƏHŞƏT YAŞATDI
16-06-2020, 13:15
Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Qabil Bəylərov ehtiyatsızlıqdan tanışının ölümündə təqsirli bilinib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2017-ci il mayın 21-də Bərdə şəhərində baş verib.
Həmin gün səhər saat 08 radələrində Qabil Bəylərov tanışı, özü kimi tüfeyli həyat tərzi keçirən Müşfiq Məmmədov ilə birlikdə spirtli içki içmək üçün digər tanışı Orxanın yaşadığı Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən 5 saylı binanın 1-ci mənzilinə gəlib.
Həmin vaxt mənzilin zal otağında olan divanda şalvarsız və trusiksiz vəziyyətdə uzanmış Orxanla birlikdə araq içməyi təklif edib. Sonuncu xəstələndiyini, ağrılarının olmasını və yerindən qalxa bilmədiyini deyib, araq içməkdən imtina edib.
Qabil Bəylərov Orxanın onunla araq içməkdən imtina etməsini, habelə lüt vəziyyətdə onun qarşısında uzandığından bu hərəkəti özü üçün təhqir kimi qəbul edib. O, Orxanla mübahisə edib və onun üzündən bir neçə dəfə şillə ilə vurub.
Həmin vaxt Müşfiq Məmmədov araya girib və Qabil Bəylərovu kənara çəkib. Sonuncu Müşfiq Məmmədovla birlikdə mənzildən çıxaraq öz yaşadığı evə gedib, araq içməkdə davam edib.
Bundan bir müddət sonra isə, yəni həmin gün təxminən saat 10 radələrində Qabil Bəylərov Müşfiq Məmmədova Orxanın vəziyyətini yoxlamaq lazım olduğunu deyib. O, Müşfiq Məmmədovla birlikdə yenidən Orxanın yaşadığı evə gedib.
Mənzilə daxil olduqdan sonra isə eyni zəmində Orxanla əvvəlki mübahisəsini davam etdirib, onun ünvanına nalayiq söyüşlər söyüb. Müşfiq Məmmədovun müdaxiləsinə məhəl qoymayan Qabil Bəylərov əlləri ilə Orxanın üzündən bir neçə dəfə şillə ilə vurub. O, Orxanı uzandığı çarpayıdan döşəməyə saldıqdan sonra sağ əli ilə, xəstə olduğu üçün döşəmənin üzərində uzanmaqla özünü müdafiə etmək qabiliyyətində olmayan Orxanın boyun nahiyəsindən qəsdən tutaraq sıxıb, ona bədən xəsarətləri yetirib.
Bundan sonra Qabil Bəylərov Müşfiq Məmmədovla birlikdə oradan gedib, nəticədə Orxanını ölümünə səbəb olub.
İstintaq orqanı tərəfindən Qabil Bəylərovun barəsində Cinayət Məcəlləsini 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qabil Bəylərov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müyyən olunub.
Hökmdən narazı qalan Qabil Bəylərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib. Bu qərardan kasasiya şikayəti versə də, Ali Məhkəmənin qərarı ilə Qabil Bəylərovun kasasiya şikayəti də təmin olunmayıb.