Ramin Hacılı "Bandotdel"ə niyə çağırılıb? - AÇIQLAMA

16-06-2020, 17:53           
Ramin Hacılı "Bandotdel"ə niyə çağırılıb? - AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Ramin Hacılının iddiaları ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən Kazus.az-a daxil olan açıqlamada deyilir:

Vətəndaş Ramin Hacılı sosial şəbəkələrin birində canlı yayıma çıxaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel") əsassız yerə çağırıldığını və təhdid edildiyini iddia edib. O, polisə çağırılmasının səbəbini hansısa icra hakimiyyəti başçısının oğlu haqqında dediyi sözlə əlaqələndirib.

Lakin, R.Hacılı özü çox yaxşı bilir ki, o, qeyd edilən idarəyə hansı səbəbdən dəvət olunub. Əgər unudubsa, polisə çağırılmasının səbəbini bir daha ona xatırladaq. Belə ki, o, 2018-ci ildə 35 nəfər vətəndaşın etibarından sui-istifadə edərək müxtəlif xarici ölkələrə viza alacağı və digər sənədləşmə işləri həyata keçirəcəyi adı ilə onların ümumilikdə 153 min 875 manat pul vəsaitlərini ələ keçirmişdir. Həmin şəxslərin çoxsaylı şikayətləri əsasında toplanmış material üzrə BMCMİ-də Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ona ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Təqsirləndirilən şəxs R.Hacılının vətəndaşlara vurulmuş ziyanın qısa zamanda ödəniləcəyi ilə bağlı verdiyi vədlər və səhhətində olan problemlər nəzərə alınaraq 2019-cu ilin mart ayında məhkəmənin qərarı ilə o, həbsdən azad edilmiş və barəsində başqa yerə getməmə haqqında iltizam tədbiri seçilmişdir.

Azadlığa çıxdıqdan bu günə qədər, yəni bir il üç ay ərzində o, yalnız 14 nəfərin pulunu tam, 7 nəfərin pulunu isə qismən (təxminən 30 min manat) qaytarmış , 14 nəfərin pulunu (təxminən 123 min manat) bu günə qədər ümumiyyətlə qaytarmamışdır.

Odur ki, pullarını ala bilməyən 21 nəfər zərərçəkmiş şəxs yenidən istintaqa müraciət edərək R.Hacılının dələduzluq yolu ilə onlardan aldığı pul vəsaitlərinin tam qaytarılmasına köməklik göstərilməsini tələb edirlər. Hətta şikayətçilər polisi R.Hacılını müdafiə etməkdə də suçlayırlar. Buna görə də o, 3 gün əvvəl - iyunun 13-də istintaqa çağırılmış və vətəndaşlara vurduğu külli miqdarda ziyanın qısa müddətdə ödənilməsi ilə bağlı bir daha ciddi xəbərdar olunmuşdur.

R.Hacılı bütün bunları bilə-bilə müxtəlif saytlarda və sosial şəbəkələrdə polisə çağırılmasının əsassız olduğunu, guya bu çağırışların onun fəaliyyəti ilə bağlı olduğunu iddia etməklə məsuliyyətdən yayınacağını fikirləşirsə, böyük səhvə yol vermiş olur. O, vaxtını belə işlərə sərf etməkdənsə, çoxsaylı vətəndaşlara vurduğu ziyanın ödənilməsini təmin etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.