Bələdiyyə sədrinin oğlu 80 hektar toprağı zəbt edib? – "Yalandır, mənim 65 yaşım var"
18-06-2020, 18:01
Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin üzvü Vəfa Nağı, Xol Qaraqaşlı və Mürsəqulu kəndlərinin bələdiyyə sədri Əlibala Səlimovun və oğlu Özal Səlimovun 80 hektar toprağı zəbt etdiyini iddia edib.
Yeniavaz.com xəbər verir ki, V. Nağı bu barədə “facebook”da yazıb. Bələdiyyə üzvünün sözlərinə görə, o bununla bağlı Əlibala Səlimovdan qanuni sənədləri tələb etsə də, onları ala bilməyib:
“Səlimovun sədr olduğu 17 ildə heç bir hesabat, nə də iclas keçirmədiyini dəfələrlə qeyd etmişəm. 150 hektar ərazini, kəndin su anbarı ərazisini və örüş ərazilərini satması, 9 hektar ərazini mənimsəməsi, meşə zolaqlarını məhv etməsi haqqında dəfələrlə yazıram, paylaşım edirəm. Heç biri sənədləşməyib və sənəd istəyəndə qaçmağa üstünlük verirlər. Onun mühasibi Gülağa isə qanunsuzluqları ört basdır etməklə illərdir ona xidmət edir”.
V. Nağı həmçinin Ə. Səlimovun onu iclasda qorxutduğunu iddia edib və “əgər yazmağa davam etsən səninlə başqa cür danışacağam” dediyini bildirib.
Sözügedən iddialarla bağlı Xol Qaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimovla əlaqə saxladıq. Ə Səlimov iddiaların əsassız olduğunu bildirdi:
“150 hektar satılmayıb, hərracdan keçirilərək icarəyə verilib. Oğlumun adına 80 hektar yox, qanuni yolla hərrac vasitəsilə 9 hektar icarəyə verilib. Oğlum buna görə bələdiyyəyə pul ödəyir, əlində qəbzi var. 1996-cı ildə kolxozun fəaliyyəti dayandırıldı və torpaq şəxsi mülkiyyətə verildi. İnsanlara meşə zolağından 10-15 sot torpaq verildi, hansı ki həmin torpaqlarda 1968-1969-cu illərdə əkilmiş ağaclar var idi. Hərə öz pay torpağındakı ağacları kəsdi və istifadə etdi. Bu şəxsi torpaqdır, şəxsi mülkiyyətdir, bələdiyyə o şeyə baxmır. Bələdiyyə ərazisində xüsusi meşə zolağı yoxdur”.
Ə. Səlimov su anbarının ərazisini satmadığını, 4 gəncə həyətyanı sahə kimi verdiyini dedi:
“SSRİ dövründə tikilən, 1980-ci ildə fəaliyyəti dayanmış su anbarı olub. Məndə onu 4 gəncə həyətyanı sahə kimi vermişəm. Satmamışam, vermişəm. İndi iki kənd üçün modul tipli su qurğusu tikilib. Camaat onunla qidalanır”.
Bələdiyyə sədri qurumun fəaliyyəti ilə bağlı sənədlərin Vəfa Nağıya təqdim edilməməsinə isə belə cavab verdi:
“O mənə məktub yazmışdı, yığılan vəsait və hara xərclənməsi ilə bağlı bələdiyyənin ötən ilki fəaliyyəti barədə məlumat verməyimi istəyirdi. Mən də dünən keçirilən bələdiyyə ilcasında, mühasibə tapşırdım, ona məlumat verdi. Sonra dedi mənə bu məlumatı yazılı surətdə verin. Mən də dedim Vəfa xanım, siz həmin il bələdiyyəyə üzv olmamısınız”.
Həmçinin Ə. Səlimov Vəfa Nağını təhdid etmədiyini bildirdi:
“Yalandır, mənim 65 yaşım var, Vəfa yaşında övladım var”.