Dünənə qədər Vüqar Səfərlini alqışlayanlar indi də Əhməd İsmayılova ƏL ÇALIR... - Özləri danışır...
18-06-2020, 18:03
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə elan edib. Yeni qaydalara əsasən, qəzet redaksiyalarına maliyyə yardımı göstərilməsi üçün müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan, 2000 nüsxəlik birdəfəlik tirajı və 1500 nüsxəlik abunə və satışı olan qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Həmçinin, vurğulanıb ki, qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair tələblər avqust ayı ərzində 50 faizədək azaldıla bilər. Təsdiq edilmiş qaydalara əsasən, həftədə azı beş dəfə çap olunan qəzetlər tərəfindən 3, həftədə azı üç dəfə çap olunan qəzetlər tərəfindən 2, həftədə azı bir dəfə çap olunan qəzetlər tərəfindən 1 sahə üzrə layihələrin icrası həyata keçirilməlidir. Ekspertlərin fikrincə, müsabiqənin şərtləri əvvəlkilərdən kifayət qədər fərqlidir. Hər şeydən öncə Fondun budəfəki müsabiqəsində media nümayəndələrinin narazılığına səbəb olan “kateqoriyalaşdırma” məsələsi aradan qaldırılıb. Eyni zamanda mətbu orqanlara bir neçə istiqamət üzrə layihələr təqdim etmək imkanı verilib ki, bu da təkrarlanmanın qarşısını almaq və yaradıcılığı qoruyub saxlamaq üçün olduqca mühüm məqam hesab olunur.
Fondun maliyyələşmə ilə bağlı elan etdiyi müsabiqəsi media nümayəndələri tərəfindən də müsbət qiymətləndirilib. Münasibət bildirən baş redaktorlar şərtlərin normal olduğunu söyləyiblər.
“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid “Şərq”ə bildirib ki, Fondun elan etdiyi müsabiqənin şərtləri redaksiya daxilində ətraflı təhlil olunub:
“Yeni rəhbərliyin məsələyə öz baxışı var. Ona görə də budəfəki müsabiqə fərqli formada həyata keçirilir. Hər halda bizim üçün məqbuldur.
Tələb olunan sənədləri hazırlayacağıq. Ümumən, müsabiqənin şərtləri, yazılar təqdim etməyin əsasında qəzetlərə vəsait ayrılmasını normal qarşılayıram. Çox qəliz məsələlər yoxdur. Tələbləri redaksiyada təhlil edərək sənədləri hazırlamaqla məşğuluq. Ancaq texniki şərtlərlə bağlı arzu edərdik ki, əvvəlki ənənədə tələb olunan həddindən artıq sənəd, kağız-kuğuz da aradan qaldırılsın. Yeni tələblərdə o sənədlər saxlanılıb. Bu sənədlərdə müəyyən ixtisar və yumşalmanın olmasını istəyirik. Arzu edərdək ki, gələcəkdə bu, nəzərdə tutulsun. Bizim redaksiyaların fəaliyyəti şəffafdır və gördüyüm iş qəzet formasında göz qabağındadır”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də “Şərq”ə deyib ki, mediaya sırf yaradıcı müstəvidə yanaşan və Azərbaycanda qəzetçiliyin inkişafını arzulayan istənilən şəxs üçün KİVDF-nin açıqladığı qaydalar məqbuldur:
“Əslində, müsabiqənin tələblərinin müəyyən hissəsi uzun illərdir arzuladığımız bir sıra məqamları özündə ehtiva edir. Xüsusən, yaradıcı prosesin stimullaşdırılması ilə bağlı məqamlar jurnalistlərin redaksiyalarda və bütövlükdə cəmiyyətdə çəkisinin artırılmasına xidmət edir. İlk olaraq tiraj məsələsindən başlayaq. Daha öncə tələb olunan tirajın aşağı salınması, satış və abunə həddi ilə tiraj arasındakı fərqin azaldılması qəzetlər üçün əlavə maliyyə resursları yaradır. Bununla qəzetlər ən azı poliqrafiyanın, çapın keyfiyyətini artırmaq imkanı əldə edirlər. Düşünürəm ki, bu standartlarla qəzetimizin bir neçə səhifəsini rəngli çıxartmaq, dizaynında yeniliklər etmək imkanımız yaranacaq. Bu, önəmli faktorlardan biridir. Azərbaycanın çap mətbuatı ənənəvi ağ-qara görüntüdən müəyyən qədər də olsa, xilas olmalıdır. Vizual görüntü çox əhəmiyyətli faktordur və indiki məqamda olduqca vacibdir”.
Baş redaktorun sözlərinə görə, başqa mühüm məsələ günaşırı çıxan qəzetlərə 2 istiqamət üzrə layihə yazmaq imkanının verilməsidir:
“Bu məqam manevr imkanlarını artıracaq və yazıların daha keyfiyyətli olmasına zəmin yaradacaq. Çünki eyni mövzünün təkrar-təkrar işlənməsi hər kəs üçün fərqli problemlərə səbəb olur. Heçnə tükənməz deyil. İstənilən mövzu müəyyən mərhələdə tükənir və jurnalistlər eyni mövzuda işləməkdən yorulurlar. İndiki halda ən azı 2 ayrı-ayrı mövzu ilə bağlı araşdırmalar aparmaq imkanı yaranacaq”.
E.Mirzəbəylinin fikrincə, digər önəmli amillərdən biri kateqoriya anlayışının sıradan çıxarılmasıdır:
“Bu da çox vacib məsələdir. Söhbət məsələnin mənəvi tərəfindən gedir. Bildiyiniz kimi, “Xalq Cəbhəsi” əvvəllər gündəlik nəşr olunan mətbu orqan olub. İndi günaşırı fəaliyyət göstəririk. Azərbaycan cəmiyyətində kateqoriyalara nə insanlar bölünür, nə də media orqanları. Bu fəlsəfə bütövlükdə Azərbaycan cəmiyyətində və siyasətində yoxdur. Azərbaycan Prezidentinin vətəndaşa və mediaya münasibətində heç zaman belə yanaşmaya rast gəlinməyib. Dövlət başçısı hər zaman öz vətəndaşını da, ölkə mediasını da yüksək tutub. O baxımdan kateqoriyalara bölünmə müəyyən narahatlıqlar yaradırdı. Bunun aradan qaldırılması və günaşırı anlayışının gətirilməsi çox düzgün yanaşmadır. Burada seçim media orqanlarının öz üzərinə buraxılır”.
Qəzet rəhbəri vurğulayıb ki, mühüm amillərdən digəri müsabiqəyə təqdim olunan istiqamətlər üzrə jurnalist yazılarının da verilməsidir:
“Burada redaksiyaların yaradıcılıq bacarığı ortaya qoyulacaq. Kollektivin və redaksiya heyətinin nə dərəcədə potensialının olduğu üzə çıxacaq. Digər tərəfdən jurnalistlərin redaksiyanın idarəçiliyində rolunu artıracaq. Çünki indiki şəraitdə qəzetin maliyyələşməsi təkcə baş redaktorun təqdim etdiyi sənədlərdən asılı olmayacaq. Eyni zamanda jurnalistlərin verdiyi yazılardan asılı olacaq. Bu da bütövlükdə redaksiyanın və rəhbərliyin üzərinə ağır məsuliyyət qoyacaq. Jurnalistlərin prosesdəki rolunu artıracaq ki, buna çox müsbət yanaşıram. Düşünürəm ki, proses davam edəcək və Azərbaycanda çap mediasının inkişafı üçün zəmin yaranacaq. Böyük ümidlər bəsləyirəm. Arzu edirəm ki, ümidlərimiz özünü doğrultsun”.