Deputatın statusu aranı qatdı - “Statusumun təhrif edilməsi halları var”
19-06-2020, 10:29
Deputat Etibar Əliyevlə tibb elmləri doktoru, professor Adil Qeybulla arasında qalmaqal yaşanır. Buna səbəb Milli Məclis üzvünün tanınmış həkim barəsində öz Facebook profilində “Adanom Qebreyesus Adil Qeybulladan insaflıdır” başlıqla paylaşdığı statusdur. E.Əliyev sonradan yazısını silsə də, həmin statusun screenləri sosial şəbəkələrdə qalır.
Deputat statusunda əvvəlcə A.Qeybullanın musavat.com-a verdiyi bu açıqlamanı paylaşıb: “Əhalinin 60 faizi koronavirusa yoluxmuş durumdadır. Biz hər gün virusa yoluxmuş xəstə görürük. Hər gün ayrı-ayrı klinikalarda koronavirusa yoluxmuş ən azı 10-15 xəstə tapılır, təcili yardım maşınları ilə testi müsbət çıxan insanlar gətirilir. Yəni vəziyyət çox pisdir”.
Ardınca E.Əliyev mövqeyini bu cür ifadə edir: “Professor Adil Qeybulla ixtisasca nə infeksionistdir, nə də virusoloqdur. Bu sahələr üzrə ixtisaslaşmış həkim olsaydı, indi görün nələr deyərdi”.
Professorun deputata cavabı gecikməyib. Onun statusunu təqdim edirik: “Dostlar, deputat Etibar Əliyev qeyd edib ki, Adil Qeybulla virusoloq deyil, o bu barədə danışa bilməz. Əlbəttə, bu onun subyektiv fikridir. Amma Etibar Əliyevin də üzərinə düşən xeyli funksiyalar var ki, onlarla məşğul olsa, daha faydalı olar”.
Daha sonra professor virusla bağlı fikirlərini bu cür əsaslandırır: “COVID-19 koronavirus infeksiyasının (xəstəliyin adı belədir) pandemiyası SARS-CoV-2 koronavirusu (törədicinin adı belədir) tərəfindən törədilib. Yoluxma əmsalı (R) deyilən bir anlayış var. Ciddi karantin qaydalarına əməl etməklə bu əmsalı 1-ə və daha aşağı saldırmaq olar. R1 odur ki, 1 adam 1 nəfəri yoluxdurur. Almaniyanın Federal Robert Kox adına infeksion və yoluxucu olmayan xəstəliklər İnstitutu 16 apreldə yoluxma əmsalının 0.7-yə endirdiklərini açıqlamışdı. Bu o deməkdir ki, görülən karantin tədbirləri imkan verir ki, bir adamın 1 nəfərdən azını (məs, 10 nəfər 7 nəfəri) yoluxdura bilər. Karantin tədbirləri gözlənilməyən yerlərdə (sosial məsafə gözləməmək, maskasız gəzmək və öpüşüb qucaqlaşmaq kimi səmimiyyət qiyafəsindəki möhtəşəm adətlərimiz sayəsində) orta hesabla yoluxma əmsalı R6 ola bilər. Qapalı məkanda isə 1 adam 10-larla adamı yoluxdura bilər. Karantin qaydaları yumşaldılandan sonrakı dövrdə Bakı bulvarı, küçələr, parklar, bina həyətlərində izdihamlı təmaslar bunu təsdiq etmirmi, dəyərli dostlar? Xəstəlik insanlarda simptomsuz (subklinik forma), yüngül, orta, ağır və septik şok formasında keçə bilər. Simptom başlayandan ölümə qədər keçən vaxt 6 gündən 41 gün, orta hesabla isə 14 gün davam edə bilər. Ölüm (mortality) barədə dəyərləndirmə birbaşa diaqnoz qoyulmuş infeksiyadan ölüm sayı (CFR) və diaqnoz qoyulan və qoyulmayan infeksiyaya yoluxmuş ümumi ölümlərin faiz hesabı (İFR) ilə müəyyən edilir.
Epidemioloji prosesin fazaları barədə danışsaq deməliyəm ki, biz bu gün reinfeksiya və eksponensial artım fazasını yaşayırıq. Çox yazardım, amma təəssüf ki, Etibar Əliyev təbirincə desək, virusoloq deyiləm...
Metamorfoz rəzaləti yaşayırıq, dostlar..."
A.Qeybulla statusuna yazdığı rəy də diqqət çəkir: “Xalqın gözü tərəzidir. Etibar Əliyevin də şəxsinə yönələn qərəzim yoxdur. Sadəcə onun yanaşması bu məsələdə yanlışdır, demək istədim. Heç bir virusoloqun, infeksionistin və digər dostlarımızın danışmaq hüququ əlindən alınmayıb. Buyursunlar. Meydan xeyli genişdir”.
E.Əliyevin statusunu silməsi daha çox müzakirələrə çevrilib. O, “Yeni Müsavat”da məsələyə bu cür aydınlıq gətirdi: “Statusuma çoxlu sayda rəylər gəlirdi. Bu səbəbdən sildim. Yoxsa başqa səbəb yoxdur. Adil Qeybullanın haqqımdakı fikirlərinə cavab olaraq bildirim ki, üzərimə ictimai vəzifələr nöqteyi-nəzərindən düşən işləri Adil Qeybullanın üzərinə düşən vəzifələrdən daha çox, daha miqyaslı yerinə yetirirəm. Elm sahəsində ekspert idim və 20 ildən çoxdur ki, üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışıram. Konkret olaraq, elm, təhsil sahələrində ekspert rəylərim olur. Ona yaxın kitabım çap olunub ki, həmin kitabları kitabxanalara, universitetlərə paylamışam. Əslində onun haqqında yazdığım statusda səmimi notlar daha çoxdur. Bu notlar isə ondan ibarətdir ki, bu istiqamətdə virusoloqlar, infeksionistlər tibbi rəylər versələr, daha yaxşı olar. Yəqin ki, ölkədə o sahə üzrə mütəxəssis qıtlığı olduğuna görə Adil müəllim daha çox görünür. Bu da pis hal deyil. Amma hər halda, bütün dünyada ixtisaslaşma tibb, təbiət elmləri, kənd təsərrüfatı sahəsində çox ciddi şəkildə həyata keçirilir. Bir sahənin mütəxəssisi başqa bir sahənin mütəxəssisinin işlərinə müdaxilə etmir. Xüsusilə bu, tibb sahəsində özünü daha qabarıq göstərir. Adil müəllimin son cümləsinə də münasibət bildirmək istəyirəm. O metamorfoz anlayışı işlədir. Açığı, bunu başa düşə bilmədim. Çünki yazdığımda metamorfozalıq heç nə yoxdur. O anlayışın mənasını başa düşərək ifadə edibsə, düşünürəm ki, bu mənə deyil, daha çox onun özünə aiddir. Bir məsələni də qeyd edim ki, onun həkimliyinə heç bir şübhəm yoxdur. Onun yaxşı və ya pis həkim olması barədə mənim də məlumatlarım var. Sonda onu da deyim ki, statusumun təhrif edilməsi halları var”.
“Yeni Müsavat”