Bu emblem necə yaranıb?
21-06-2020, 11:24
Tibb elminin emblemi piyaləyə sarılmış ilan hesab edilir. Onun nə vaxtdan və nə üçün emblem kimi qəbul edildiyi tarixçəsi maraqlıdır.
Tibbi mənbələr xəbər verir ki, simvolun tarixi eramızdan əvvəl 800-600-cü illərə gedib çıxır. Qədim yunan rəvayətinə görə, işıq allahı Appollonun oğlu olan Eskulap kentavr Xironun yanında həkimlik sənətinə yiyələnmiş və hətta ölü dirildən bacarıqlı həkim kimi tanınıb. Səma allahı Zevs Eskulapın bütün insanları ölümsüzlüyə qovuşdurmasından qorxaraq onu ildırımla vurub öldürüb. O vaxtdan Eskulap həkimliyin rəmzi hesab edilir.
Əvvəllər ilanlar və piyalə ayrı-ayrı təsəvvür edilirdi. Bunlar əslində Eskulapın böyük qızı olan sağlamlıq ilahəsi Gigeyanın atributlarıdır. O, bir əlində ilan, digərində isə piyalə ilə təsvir edilib. Qızın qoluna sarılmış ilan onun qanı ilə qidalanır, lakin indiyədək də onun anlamı mübahisəlidir. Piyalədə müalicəvi xüsusiyyətlərə malik zəhər var, ilan isə həm müdriklik və biliyi, həm ölümsüzlük və xeyirxahlığı, həm də sağlamlıq və ehtiyatlılığı əks etdirir. İlan rəsmi müxtəlif ölkələrdə fərqli mənalar ifadə edib. Tək təsvir olunmuş ilan heç bir müsbət məna kəsb etmir, tək piyalə, badə rəsmi isə ölüm rəmzi hesab olunur. Lakin iki rəsm bir yerdə olduqda başqa məna verir, lakin ilan insanların şəfası üçün sarıldığı piyaləyə zəhərini axıdır.
Asiya və Afrika ölkələrində ilan həmişə müdriklik rəmzi sayılıb, çünki onlar ilanı əhliləşdirərək ondan müalicəvi təsirə malik zəhər əldə ediblər. İlan zəhəri isə təbabətdə qiymətli dərman kimi istifadə olunur. (azərtac)