Kəşfiyyat Stalini inandıra bilmədi: Və ölkə gecə atılan bomba səsinə oyandı

22-06-2020, 11:19           
Kəşfiyyat Stalini inandıra bilmədi: Və ölkə gecə atılan bomba səsinə oyandı
22 iyun səhər saat 4. Almaniyanın SSRİ-yə qarşı həyata keçirdiyi ildırımsürətli müharibə (almanca Blitzkrieg) planı başladı. Əməliyyatın adı Roma imperiyasının imperatoru I Fridrix Barbarossanın adından götürülmüşdü.

Cebhe.info xəbər verir ki, plan 1940-cı il iyulun 21-də general Fridrix Paulusun rəhbərliyi altında hazırlanmağa başlanmışdı. Həmin il 18 dekabrda Vermaxtın ali baş komandanı Adolf Hitlerin 21 nömrəli direktivi ilə təsdiq edilmişdir. Plana görə 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tutmaq planlaşdırılırdı.

Bəzi mənbələrə görə, müharibə sovet dərsliklərində yazıldığı kimi 22 iyun gecə saat 4-də deyil, 4-ə 15 dəqiqə işləmiş almanlar tərəfindən Sevastopola ilk bombaların atıldığı andan başlanıb. Bu haqda ilk olaraq Hərbi Dəniz Qüvvələri komissarı Kuznetsov müdafiə komissarı (müdafiə naziri) Timoşenkoya məruzə edib. Gecə 4-ün yarısında alman artilleriya qoşunları bütün sərhəd boyu SSRİ ərazilərini atəşə tutublar. Ukraynanın, Belarusiyanın, Pribaltikanın iri şəhərləri, o cümlədən hərbi aerodromlar bombalanıb.

Əməliyyat 1941-ci il 22 iyun tarixində 4,5 milyon nəfərlik alman ordusunun hücumu ilə 2 900 km-lik SSRİ sərhədi boyunca icra edilməyə başladı. Bu hadisə tarixə ən böyük hücum əməliyyatı kimi daxil olub. Əməliyyata həmçinin 60 000 texnika və 750 000 at cəlb olunub.

Barbarossa planına uyğun olaraq 22 iyun 1941-ci ildə SSRİ-yə hucum üçün Almaniya və onun müttəfiqlərinin 190 diviziyası(o cümlədən 19 tank və 14 mühərrikli diviziya) hazırlanmışdı. Onları dörd hava donanması, eləcə də Rumıniya və Finlandiya aviasiyası dəstəkləyirdi. Hücum üçün cəmləşdirilmiş qoşunlar 5,5 mln əsgər, 4300 tank, 47 min səhra topları və minaatanları, 5000 döyüş təyyarəsindən ibarət idi.

Stalin kəşfiyyata inanmadı və...

1941-ci ilin əvvəllərindən Stalin tez-tez alman qoşunlarının yeni sovet sərhədləri boyunca cəmləşdirilməsi haqqında məlumatlar alırdı. Həmin ilin mayın 15-də sovet kəşfiyyatçısı Rixard Zorgenin Tokiodan göndərdiyi məlumatda hətta müharibənin başlanacağı tarix 1941-ci il iyunun 22-si dəqiq olaraq göstərilmişdi. Lakin Stalin bu məlumatlara inanmır, onları Almaniyanı SSRİ-yə qarşı yönəltməyə çalışan İngiltərənin cəhdləri kimi qiymətləndirirdi. O, Almaniyanın İngiltərə ilə müharibəni başa çatdırmadan SSRİ ilə müharibəyə başlayacağını gözləmirdi.

Digər iddialara görə, Stalin bilərəkdən Sovet ordusunu Almaniya ilə sərhəd bölgədə zəiflətməklə Almaniyanı müharibəyə bilərəkdən həvəsləndirirdi, bununla da öz üstün qüvvələri ilə müharibədə Almaniyanı dağıtmaqla Şərqi Avropanı, Balkan yarımadasını və Qara dənizdəki boğazlara sahiblənmək istəyirdi. Tarixçilər indiyə kimi Stalinin müharibədən qabaq hansı fikirdə olduğunu müəyyən edən qəti nəticəyə gələ bilməyiblər. Beləliklə, SSRİ qoşunlarının hazırlıq vəziyyətinə gətirilməsi yubanırdı. SSRİ-nin yeni sərhədlərinin möhkəmləndirilməsi işi süni surətdə ləngidilirdi. SSRİ hərb sənayesinin inkişafına, ordunun yenidən silahlandırılması sürətinə görə Almaniyadan çox geri qalırdı. 30-cu illərin repressiyaları da Sovet ordusu rəhbərliyini xeyli zəiflətmişdi.

Müharibə necə başladı?

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. Alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən 100-250 km geri oturduldu.

1941-ci ilin sonlarında almanların Moskva ətrafındakı döyüşlərdə geri oturdulmasından sonra əməliyyatın tam uğursuz olduğu məlum oldu. 1942-ci ilin qış hücumunda sovet qoşunlarının qələbəsi Almaniyanın İldırımsürətli müharibə planını boşa çıxardı.Bu qələbə işğal edilmiş ölkələrdə Müqavimət hərəkatına güclü təkan verdi, antihitler koalisiyasını möhkəmlətdi, faşist dövlətləri blokunu zəiflətdi.

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzaladı. Bununla da müharibəs faşizm üzərində qələbə ilə başa çatdı.

Xəzər
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.