Son günlərin kabusu: Ciyərində “buzlu şüşə” aşkarlanan hər kəs korovavirusa yoluxub?
23-06-2020, 00:08
Son günlər sosial mediadakı, mətbuatdakı müzakirə mövzularından ən birincisi koronavirusa yoluxmanın artması, xüsusilə özəl kliniklarda aparılan kompüter tomoqrafiyası zamanı pasiyentlərdə “buzlu şüşə” efektinin çox aşkarlanmasıdır.
Tanınmış jurnalist, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevdə özü və ailəsinin koronavirusa yoluxduğunu bildirərək “Facebook”dakı paylaşımında “buzlu şüşə”dən yazıb:“Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə “Neftçilər” xəstəxanasında davam etdirilir”.
Bəs koronavirusun ağırlaşmasının əsas əlaməti kimi təqdim edilən “buzlu şüşə” əslində nədir?
Cebhe.info xəbər verir ki, bu termin yeni deyil və sırf koronavirusla bağlı istifadə edilməməlidir. “Buzlu şüşə” ağciyərin toxumasının şəffaflığının azalmasıdır. Ağciyərin əsas strukturları olan alveollar (kiçik qabarcıqlar) normada hava ilə doludur. Bu səbəbdən sağlam insanın ağciyərinin toxuması şəffafdır və KT-də qara rəngdə görünür. Ağciyərin alveollarında müxtəlif səbəblərə görə hava deyil, maye olanda şəffaflıq pozulur və bulanıq əmələ gəlir. Məhz bu bulanığı həkimlər “buzlu şüşə” adlandırırlar. Başqa sözlə, kompüter tomoqrafiyası müayinəsi zamanı bronx və damar görüntüsünün saxlanması şərtilə, ağciyərin toxuma sıxlığı ilə müşayət olunan bir görüntüdür.
Mütəxəssislər bildirir ki, “buzlu şüşə" əvvəl ağciyərin müxtəlif hissələrində ləkə kimi görünür. Xəstəlik inkişaf etdikcə bu "ləkələr" böyüyür, ağciyərin böyük hissəsini tutur və nəticədə ağciyər öz funksiyasını yerinə yetirə bilmir. Belə xəstələr süni tənəffüs və ya EKMO aparatına qoşulur.
Ancaq ağciyərdə “buzlu şüşə” simptomu təkcə koronavirus zamanı deyil, bir çox ağciyər xəstəliklərində, ürək çatışmazlığı, digər səbəblərlə bağlı olan iltihablar, ağciyər ödemi zamanı da müşahidə olunur.
Bu söz radioloqların icadıdır. Təbii ki, ağciyərlərdə heç bir buzlaşma və şüşələşmə getmir. “Buzlu şüşə” görüntüsü heç də həmişə xəstəlikdən, patoloji prosesdən xəbər vermir. Bəzən yalançı “buzlu şüşə” də görmək mümkündür. Məsələn, arxası üstə uzanmış xəstənin KT çəkimi zamanı cazibə qüvvəsi nəticəsində qanın damarlara dolması yalançı “buzlu şüşə” effekti əmələ gətirir. Həmin şəxsi yenidən qarnı üstə uzadaraq təkrar KT müayinə ediləndə effekt itir və ağciyərlər normal görülür.
Yaxud insanın nəfəsalma zamanı normal görünən KT çəkimi və nəfəsvermə zamanı yalançı “buzlu şüşə” effektini ortaya çıxır.