Koronavirusun “yoxa çıxacağı” MÜDDƏT: “Yeni virusa yoluxsaq da, onu adi qrip kimi keçirəcəyik”
23-06-2020, 08:50
“Onsuz da, bizim bədənimizdə bakteriyalar və müəyyən mikroorqanizmlər yaşayır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri dünyanı hələ də qorxu altında saxlayan koronavirus pandemiyasının daha nə qədər davam edəcəyi haqda danışan həkim-ekspert Nazir Allahverdiyev bildirib.
Eksperin fikrincə, qorxunc virusun hər il baş qaldıracağı istisna edilmədiyi üçün insanları davamlı olaraq, evə qapamaq ciddi problemlər yaradacaq:
“Koronavirusdan öncə yayılmış SARS və MERS virusları yeddi ay tüğyan etdi. Lakin o infeksiyaların səngimədiyi müddətdə yoluxma və tələfat üzrə statistika çox da böyük olmadı. COVİD-19 infeksiyasına yoluxma potensialı güclü olsa da, bu virusun öldürücü təsiri zəifdir.
Nəzərə almaq lazımdır ki, bu virus da digərləri kimi, öz “surət”ini yaradaraq, çoxalır. Viruslar hüceyrə olmadıqları üçün bölünüb çoxala bilmirlər. Ona görə də bu virus əlverişsiz şəraitə çox davam gətirmir.
Bu baxımdan, koronavirusun öz təsir gücünü uzun müddət saxlamaq ehtimalı azdır. Ancaq biz bu viruslarla daim yaşamalı olduğumuzu da unutmamalıyıq. Yəni koronavirus hər il baş qaldıracaq. Sadəcə, bu ştam müəyyən zaman ərzində yox olacaq. Lakin sonra başqa ştamlar yaranacaq və biz ona yoluxsaq da, xəstəliyi adi qrip kimi keçirəcəyik”.
Nazir Allahverdiyev vurğulayıb ki, müəyyən dövrdən sonra normal həyata qayıtmaq lazımdır. Əks halda, sosial problemlər bir sıra çətinliklərə yol açacaq:
“İnsan orqanizmi daim ətraf mühitlə təmasda olmalıdır. Onsuz da, bizim bədənimizdə bakteriyalar və müəyyən mikroorqanizmlər yaşayır. Bizim immun sistemimiz məhz buna uyğun formalaşır.
Ona görə müəyyən dövrdən sonra nəzarəti ələ almaqla, normal həyata qayıtmaq lazımdır. Ən effektiv üsul zərurət yarandıqda, maska taxmaq və sosial məsafəni gözləməkdir”.
Gülşən Şərif