Koronavirus testi bu hallarda yanlış göstərə bilər

23-06-2020, 22:53           
Koronavirus testi bu hallarda yanlış göstərə bilər
Son günlərin ən çox rast gəlinən sualı radioloji müayinələrdə COVİD pnevmoniyası aşkar edildiyi halda xəstəlik üçün spesifik hesab edilən PCR testin neqativ nəticələri ilə bağlıdır. İnsanlar narahatdır, əgər xəstəliyin kliniki gedişi, əlamətləri və KT görüntüləri COVİD üçün xarakterdirsə, nədən test neqativdir və əsas götürülür.

Məsələ ilə bağlı şəxsi feysbuk hesabında paylaşım edən Tibb elmləri doktoru Məlahət Sultanova bildirib ki, elmi faktlara, sübutlara əsaslanmayan, praktiki nəticələrə söykənməyən heç bir fikir vətəndaşları çaşdırmasın:

"Tədqiqatlar göstərir ki, yoluxmanın 1-4 günlərində testin yanlış mənfi nəticələri uyğun olaraq 100% –dən 60% –dək azalır, 8-ci gündə hətta 20% ola bilir. Bu baxımdan 8-ci gün test üçün optimal zaman hesab edilir. Sonrakı 9-21 günlərdə isə yanlış mənfi nəticələr 66%-dək yüksəlir. Deməli, testin nəticələrinə ən vacib təsir edən amil onun götürüldüyü vaxtdır. Xəstəlik inkişaf etdikcə virus aşağı tənəffüs yollarında lokallaşır və bu səbəbdən nəticə yanlış neqativ olur. Lakin pandemiyaya nəzarət etmək üçün testin aparılması vacibdir və yanlış mənfi nəticələr heç də bu prinsipə təsir etməməlidir. Bu testin həssaslığının 70-80% arasında dəyişdiyi göstərilsə də, spesifikliyi çox yüksəkdir-98%-dən yüksək".

M.Sultanova bildirir ki, yanlış mənfi nəticələrin digər səbəbləri testin düzgün götürülməməsi ola bilər, ayrıca biomaterial virusun təyin edilməsi üçün lazımi həcmdə götürülməlidir:

"Bir maraqlı məqam isə odur ki, əgər test siqaret çəkmədən dərhal sonra götürülərsə, yanlış mənfi nəticənin alınması ehtimalı daha yüksəkdir. Çünki siqaret çəkmə virusun RNT-sinin xaric olmasını tormozlaya bilir. Həmçinin xəstə testdən qabaq antiseptik və yaxud digər maddələrlə qarqara etmişdirsə, bu zaman da testin nəticələri yanlış mənfi ola bilər. Testin etibarlı nəticəsi üçün testin götürülməsinə hazırlıq, biomaterialın götürülməsi, nümunənin laboratoriyaya daşınması və nəticələrin interpretasiyasından ibarət düzgün zəncir qurulmalıdır. Odur ki, COVİD pnevmoniyasının diaqnostikasında səciyyəvi kliniki əlamətlər və səciyyəvi KT görüntüləri vacib hesab edilir".

Bütün xəstələrdə KT icra edilməlidirmi sualına cavab verən Tibb elmləri doktoru bildirib ki, hansı xəstədə temperatur 38 dərəcədən yüksəkdirsə, təngnəfəslik varsa və döş qəfəsinin rentgen müayinəsində dəyişiklik izlənilməzsə, o zaman KT məsləhətdir. Müayinənin həssaslığl 97-98% təşkil edir, lakin xəstəliyin yüngül formalarında və ən erkən mərhələlərində görüntü normal ola bilər. Şüa yükü və iqtisadi baxımdan bütün xəstələrdə KT müayinəsinin ilk sıra metodu kimi aparılması məsləhət deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.