“Akkord”un Gürcüstan hesabına həbs qoyulub, şirkətin fəaliyyəti araşdırılır
24-06-2020, 17:18
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun sahibi olduğu “Akkord” Şirkətlər Qrupunun maliyyə maxinasiyaları ilə bağlı faktlar onun vəzifəsindən kənarlaşdırılmasından sonra üzə çıxmağa başlayıb.
Son günlər mediada Zakir Qaralov və onun qardaşları barəsində yazılanlar cəmiyyətdə böyük rezonansa səbəb olub. Gununsesi.org-a daxil olan daha bir məlumatda “Akkord” Şirkətlər Qrupunun Gürcüstandakı fəaliyyətindən bəhs olunur. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olub. Hazırda bank hesablarına həbs qoyulan “Akkord”la bağlı proseslər davam edir.
Şirkətdən şikayətçi olan Gürcüstan vətəndaşı olan vəkil Emil Ocaqquliyev proses barədə bunları deyir: “Gürcüstanda heç vaxt beynəlxalq tender (yol inşaatı) qazana bilməyən “Akkord Koorporasiyası” sənədlər və texniki sənədləşdirməyi yığa bilmədiyi 2 tenderə (Ümumi dəyəri 145 milyon larilik) daxil olmuşdu. Buna görə də “Akkord Koorporasiyası”na dəfələrlə xəbərdarlıq verilib.
“Gürcüstan Yolları İdarəsi” onlara son dəfə rəsmi şəkildə xəbərdarlıq verdi ki, bir daha səhv etdikləri təqdirdə (qüsuru düzəldə bilməsələr) onlar diskvalifikasiya ediləcəklər və tenderləri itirmiş olacaqlar. “Akkord Koorporasiyası” M. Avalişvili və N. Natsvlişvili ilə konsaltinq müqaviləsi bağladı. Bu insanlar öz qrupları ilə lazımi işləri gördülər və gördükləri işin nəticəsində “Akkord Korporasiyası” 2-ci tenderi qazandı (ümumi dəyəri 145 milyon larilik).
Müqavilələrin şərtində “Akkord Koorporasiyası” öncədən heç bir məbləğ ödəməməli idi. “Akkord Korporasiyası”nın tenderdə qalib gəldiyi təqdirdə isə korporasiya ümumi məbləğin 1 %-ni (1 milyon 450 min lari) konsultantlara ödəməli idi. “Akkord Koorporasiyası” qazandıqdan sonra “Akkord Korporasiyası”nın direktoru Burhan Həmidov heç bir məbləğ ödəməyəcəyini qeyd etdi. Məhz bu səbəbdən, məsləhətçilər onların haqqlarını qorumaq üçün işə Emil Ocaqquliyev, İrakli Narmania və Davit Metsxovrişvili vəkillərini cəlb etdilər. Məhkəmə icraatı olunduqdan sonra Burhan Həmidovun müavinləri (Anar Məmmədov, Yaşar Səfərov) Tbilisiyə gələrək məsləhətçilərin nümayəndəsi olan Emil Ocaqquliyev (vəkil) ilə görüş tələb etdilər.
Görüş, Tbilisinin Besiki küçəsindəki “Accord Georgia” ofisində baş tutdu. Görüş zamanı Buhran Həmidovun müavini Anar Məmmədovun vəkil Emil Ocaqquliyevə söylədiklərini diqqətinizə çatdırırıq: “Burhan Həmidov dedi ki, dövlətə ödəniləcək məbləğin (gəlir vergisi və əlavə dəyər vergisi) və razılığa gəlinən məbləğin yarısının Burhan Həmidova qaytarılacağı (atkat şəklində) şərti ilə ümumi məbləği tam ödəyə bilər”. Vergidən yayınma cinayət işi olduğu üçün Burhan Həmidovun müavini buna rədd cavabı aldı.
Bundan sonra Anar Məmmədov Burhan Həmidovun Zakir Qaralovun şəxsi kadrı və dostu olduğunu, Burhanın pulun yarıdan çoxunu Zakir Qaralova verəcəyini söylədi. Emil Ocaqquliyevin onların təklifinə razı olmadığı üçün onu hədələyərək Azərbaycana getməməyini məsləhət görüb, Azərbaycanın onların əlində olduğunu söylədilər…
Bütün bu olanlardan sonra, Emil Ocaqquliyev, İrakli Narmaniya və Davit Metsxovrişvili Tbilisi şəhərinin Şəhər Məhkəməsinin Mülki İşlər Kollegiyasına müraciət etdilər və hazırda məhkəmə dinləmələri davam edir.
Əvvəlcə, “Akkord” müqaviləni məhkəmədə rədd edərək bu müqavilədən heç bir xəbərləri olmadıqlarını bildirdilər. Sonra “Akkord” öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevə qarşı Azərbaycan Respublikasının Nəsim Rayon Məhkəməsinə müraciət edərək, Elmir Babayevin öz səlahiyyətlərini aşdığını və hüquqşünas olmayaraq müqaviləni imzaladığını məhkəmədə bildirdilər.
Nəsimi Rayon Məhkəməsinin hakimi Pərviz Hüseynov qanuna zidd olan qərar qəbul edib (etibarsız hesab olunsun). Bütün bu olanlardan sonra, Gürcüstan məhkəmələri Nəsimi Rayon Məhkəməsinin qərarını tanımadı və işin müzakirəsinə davam etdirərək, Gürcüstan Yolları İdarəsində “Akkordun” hesablarına əl qoydu (tələb edilən məbləğ, 1 milyon 450 min lari). Həmçinin, “Akkordun” icraçı direktoru Burhan Həmidov, müavinləri Anar Məmmədov, Yaşar Səfərov və “Akkordun” Biznesin İnkişafı Şöbəsinin müdiri Elmir Babayev şahid qismində bir neçə dəfə məhkəməyə çağırılıb və çağırılmaqdadır. Hakim, yuxarıda adı çəkilən şəxslərin məhkəməyə gəlmədikləri təqdirdə, polis vasitəsilə ilə məhkəməyə gətirilməsi qərarını verdi”./Gununsesi.org/