Qoruyucu geyimdəki tibb işçiləri koronavirusa necə yoluxur? - “Məcbur oldum ki, kombinezonun…”

10-07-2020, 13:07           
Qoruyucu geyimdəki tibb işçiləri koronavirusa necə yoluxur? -
Son aylar ölkəmizdə tibb işçiləri arasında da virusa yoluxanların sayı artmaqdadır.

Xüsusi qoruyucu geyimlərlə xidmət göstərsələr də, virus onlardan da yan keçmir.Tibb personalı arasında ölüm faktları da var.

Özlərini maksimum dərəcədə qoruyan həkimlər virusa necə yoluxurlar?

Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının Uşaq Kardio - Revmatologiya şöbəsinin baş laborantı, pediatr Aytən Şıxəliyeva Cebhe. info-ya bu barədə danışıb.

Həkim koronaviruslu xəstələrin müalicəsində iştirak etmək üçün mart ayından müraciət edib. O bildirir ki, klinika bütün qoruma vasitələri ilə təmin olunub:

"Gündəlik bizə 2 maska, 2 əlcək, xüsusi geyim və eynəklər verilir. Bizə verilən ləvazimatlar birdəfəlik istifadə üçündür. Növbəyə gedəndə geyinirik, iş saatımız bitdikdən sonra xüsusi dezinfeksiya olunan otaqda soyunuruq. Eynəklərimizi xüsusi təmizləyici suyun içinə atırıq. İstifadə olunan maska, əlcəklər - hamısı atılır. Daha sonra bizə təzə maska verilir və növbədən çıxırıq".

Bütün qoruma vasitələrindən istifadə edildiyi halda virusa yoluxan həkimlərimizin sayı getdikcə artır, bunun səbəbini müsahibimiz belə açıqlayır: "Bəzən elə olur ki, özümüzü unuduruq, ancaq xəstəni düşünürük ki, onu vəziyyətdən çıxaraq. Bu istidə 8 saat işdə oluruq, o geyimin içində tərləyərək çoxlu maye itiririk, iş saatında maye qəbul etmək mümkün deyil. Növbədən çıxandan sonra isə düzgün qidalanmaq olmur. Yoruluruq, immunitetimiz düşür, çox stress keçiririk".

Gün ərzində 8 saat ağır xəstələr ilə ünsiyyətdə olduqlarını deyən Aytən xanım qeyd edir ki, xəstələr arasında öskürənlər, təmasda olanlar da olur: "Hərdən vəziyyət elə gətirir ki, biz artıq məcburuq onlarla təmasda olaq. Məsələn, bu gün bir xəstə anidən ağırlaşdı və təzyiqini ölçməli oldum. Elektron termometr daha dəqiq ölçmür deyə mən artıq məcbur qaldım ki, başımdakı kombinezonun papağını çıxarıb, xəstənin təzyiqini ölçüm".

Koronavirus xəstələrinin müalicəsində könüllü xidmət göstərən həkim bildirib ki, uzun müddət iş mənəvi, psixoloji cəhətdən də təsirli olur: "Vətəndaşlarımızı elə vəziyyətdə görmək bizim üçün çox ağırdır. Vaxt olur ki, biz öz həyatımızdan daha çox onların sağalmağını düşünürük. Özünüzü qoruyun".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.