"Xarici mütəxəssisə ehtiyac yoxdur, əsas problemimiz..." - Həkimdən şok sözlər
10-07-2020, 13:10
Hazırda Azərbaycanda əsas problem koronavirusa yoluxmaların artan statistika ilə davam etməsidir.
Bunu Teleqraf.com-a açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
O bildirib ki, yoluxma rəqəmlərinin azalmaması TƏBİB-in və ya həkimlərimizin günahı deyil: "Azərbaycanda koronavirus xəstələrinin müalicəsi ilə bağlı problem çox ciddi deyil. Bunu daxili gücümüz hesabına da həll edə bilərik. Bu baxımdan peşəkar həkimlərimiz var. İndiyədək Azərbaycanda xəstələrə standartlardan kənar baxıldığı, müalicə olunmadığı istiqamətində irad tutulmayıb. Azərbaycanda irad tutulan əsas məsələ yoluxmuş xəstə sayının azalmamasıdır".
Vasif İsmayılın sözlərinə görə, xəstələrin müalicə prosesində iştirak edənlərin heç bir günahı yoxdur: "Bunu nəzərə almaq lazımdır. Mən xaricdən ölkəmizə dəvət olunan mütəxəssislərin kim olduqlarını bilmirəm. Amma Azərbaycanda mümkün işi aparan həkimlərin bununla əlaqədar problemi olduğunu da düşünmürəm.
Yoluxmaların artmasının səbəbi əhalinin davranışından qaynaqlanır. Ən böyük yanlışımız sosial məsafə məsələsini ciddiyə almamağımızdır və bu, hələ də davam edir. Buna məhəl qoymadığımız müddətdə yoluxma artan templə davam edəcək".