Necə yazılmalıdır: İrəvan, yoxsa Yerevan? – Dilçilər
25-07-2020, 09:38
Tiflis və İrəvan şəhərlərinin adının “Yerevan” və “Tbilisi” kimi yazılması doğrudurmu? Maraqlıdır, Azərbaycan dilində bu şəhərlərin adı necə yazılmalıdır?
Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Dövlət Dil Komissiyasının üzvü, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, rəsmi olaraq bu şəhərlərin adı “Yerevan” və “Tbilisi” olsa da, tarix baxımından bunlar dilimizdə “İrəvan” və “Tiflis” kimi işlədilib və dilin yaddaşında da belə qalıb:
“Hazırda AMEA kitab hazırlayır. Kitabda toponimlər və onların etimologiyası ilə bağlı araşdırma aparılır. İrəvan adı da araşdırılan şəhərlər arasındadır. Bu şəhərin adı və yaranması ilə bağlı bir çox rəvayətlər var. Alimlərimizin bu şəhərlərin adları ilə bağlı araşdırması kitabda qeyd ediləcək”.
AMEA Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli də deyib ki, bu şəhərlər dilimizin qaydalarına uyğun olaraq Tiflis və İrəvan kimi yazılmalıdır:
“Dilimizin qaydalarına uyğun olaraq, biz Tiflis və İrəvan kimi qədim adları yenidən bərpa edirik. “Yerevan” adı İrəvanın təhrif olunmuş formasıdır. Bundan başqa, müxtəlif dövrlərdə “Erevan” və buna bənzər formalarda da səsləndirilib. Gələcəkdə sözügedən şəhərlərin adı ilə yanaşı, bir çox adlar var ki, onların dilimizdə işlənmə qaydasına yenidən baxılmalıdır”.