"BU, RUSİYANIN AZƏRBAYCANA ƏKS HƏMLƏSİDİR" - Deputat və politoloqdan açıqlama
25-07-2020, 11:19
İyulun 23-də Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlanıb. Ermənistan Müdafiə Nazirliyindən bildirildiyinə görə, təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir. Təlimlərdə Ermənistan- Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirlər.
Bakıda bəzi ekspertlər bu məsələdən bəhs edərkən diqqəti daha çox belə məqama çəkirlər ki, bu təlim-məşqlər Azərbaycan və Ermənistan sərhədi boyunca ağır silahlardan, habelə dronlardan istifadə ilə toqquşmalardan dərhal sonra keçirilir.
"Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə..."
Politoloq Elxan Şahinoğlu "Azadlıq" radiosuna deyib ki, bu məsələ ilə bağlı Rusiya Müdafiə Nazirliyi açıqlama verməlidir. O, habelə düşünür ki, Ermənistan Müdafiə Nazirliyi bu təxribat xarakterli açıqlamanı Azərbaycanla Rusiyanı yenə qarşı-qarşıya qoymaq üçün də yaya bilər:"Amma Rusiya tərəfi bu məsələyə aydınlıq gətirməyəcəksə, bunu artıq Rusiyanın Azərbaycana əks həmləsi kimi dəyərləndirmək olar".Politoloq daha sonra da deyib: "Əgər Rusiya hərbçiləri, Rusiya müdafiə naziri Azərbaycan PUA-larına qarşı mübarizə tədbirlərini Ermənistan tərəfə izah edirsə, bu, birbaşa Rusiyanın Azərbaycana qarşı ən azı xoş olmayan siyasətidir. Ona görə açıqlama gözləyirik ki, bu məsələyə aydınlıq gətirsin".
E.Şahinoğlunun vurğulamasına görə, ilk dəfədir eşidir ki, Rusiya Ermənistan hərbçiləri ilə birgə PUA-ların neytrallaşdırılması ilə bağlı təlimlər keçir:"Bunun başqa adı yoxdur, əgər bu fakt doğrudursa, bu, Rusiya Müdafiə Nazirliyinin Azərbaycana əks həmləsidir. Görünür, Rusiyanı da narahat edən Azərbaycanın hərbi-texniki üstünlüyüdür. Bu üstünlüyü aradan qaldırmaq üçün erməni dostlarına kömək etmək qərarı verib".
"Təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir"
Deputat Vahid Əhmədov da "Turan" agentliyinə deyib ki, təlimi keçirən də, təlim adı ilə təxribatı törədən də Rusiyadır: "Çünki məlumdur ki, Ermənistan faktiki Rusiyadan idarə edilən oyuncaq dövlətdir, Odur ki, təlimi də Rusiya keçirir, qərarı da Rusiya verir".V.Əhmədov hesab edir ki, Ermənistanın iyulun 12-14-də Tovuz rayonu ərazisində törətdiyi təxribat da, bu təlim kimi, Rusiyanın təhriki ilə Azərbaycana təzyiq idi. Onun fikrincə, amma artıq dünya dövlətləri də başa düşür ki, Rusiya MDB dövlətlərinə təzyiq edir.
V.Əhmədovun dediyinə görə, bu hadisələrdə Türkiyənin Azərbaycanı ən yüksək səviyyədə müdafiə etməsi göstərdi ki, Azərbaycan təklənmiş dövlət deyil, onu müdafiə edən dövlətlər var: "Odur ki, belə təlimlər artıq Azərbaycan üçün təhlükə deyil".
Deputat deyib ki, dövlət başçısı İlham Əliyev Qarabağı azad etməkdə israrlıdır.
Xatırladaq ki, 2015-ciil dekabrın 23-də Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında "Qafqaz regionunda hava hücumundan müdafiə üçün Birləşmiş regional kollektiv təhlükəsizlik sisteminin yaradılması haqqında" Saziş imzalanıb. Müqavilənin 2-ci maddəsinəəsasən, tərəflər hava hücumundan müdafiə imkanlarını təkmilləşdirmək məqsədilə Qafqaz regionunda Kollektiv Təhlükəsizlik Hava Hücumundan Müdafiə (HHM ) sistemi yaradırlar.