Məkrli planın qurbanları… – Vilayət Eyvazova MÜRACİƏT
25-07-2020, 13:22
Daxili işlər orqanlarının fəaliyyəti təqdir olunan mühüm struktur vahidlərindən biri də mühafizə xidmətidir. Belə ki, fiziki və hüquqi şəxslərə mənsub bütün mülkiyyət formalarında olan obyektlərin və əmlakın saxlanması yerlərinin qorunmasının haqqı ödənilmək qaydası ilə təmin edilməsi üzrə xidmətlərin göstərilməsi səviyyəsi həmişə qənaətbəxş olmuşdur. Təbii ki, polisin mühafizə xidmətini özəl mühafizə xidmətlərindən fərqləndirən əsas cəhət təkcə burada maddi-texniki bazanın ən yüksək səviyyəli mühafizə xidmətləri təqdim etmək üçün bütün zərurı ləvazimatlara, avadanlıqlara malik olması, mülkiyyətçinin əmlakının mühafizəsinin silahlı təmin edilməsi deyil, həm də əməkdaşların özlərinin əmək və istirahət hüquqlarının etibarlı qorunması, məvaciblərinin stabilliyi kimi əhəmiyyətli şərtlərin ödənilməsinə təminatdır.
Daxili İşlər Naziriliyi Baş Mühafizə İdarəsnin Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Şəfiyev Elvin Fazil oğlu və Əli Qarayev RealMedia.az saytının redaksiyasına üz tutaraq məkirli planın qurbanı olduqlarını və və haqsız yerə işdən azad edildiklərini bildiriblər. Məhz buna görə də, onlar redaksiyamız vasitəsilə üzləşdikləri haqsızlıqlardan və başlarına gətirilən məkrli plan barədə cənab nazir Vilayət Eyvazovu bilgiləndirməklə, qeyd olunanların ciddi şəkildə araşdırılmasını xahiş edirlər.
Hər zaman xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərini, indiyə qədər heç bir nöqsanlara yol vermədiklərini, işlərində məsuliyyətli olduqlarını deyən Elvin Şəfiyev və Əli Qarayev bildirir ki, bu günləri onlar məqsədli şəkildə oyuna gətirilərək, işdən çıxarılıblar.
Şəfiyev Elvin və Əli Qarayev bildirirlər ki, onlar hər ikisi xidmətdə olduğu bir vaxtda, 06.07.2020-ci il tarixində xəbərləri olmadan işdən çıxarılıblar. İşdən çıxarılmalarını xidməti təhvil verib şöbəyə gəldikləri 07.07.2020-ci il tarixdə biliblər.
E. Şəfiyev bildirir ki, 23.06.2020-ci il tarixdə saat 09:00 – da xidməti təhvil alıb, 24.06.2020-ci il tarixdə saat 09:00-da təhvil verib. Lakin 24. 06.2020-ci il tarixdə manqa komandiri Əhmədov Eldəniz ona zəng edərək yenidən xidmətə çıxacağını deyib. Elvin Şəfiyev isə ona xidmətdən yenicə çıxdığını və onun istirahət vaxtı olduğunu, hətta qonağı olduğundan içki qəbul etdiyini də deyib. Ancaq manqa komandiri Əhmədov Eldəniz Elvin Şəfiyevə narahatçılığa əsas olmadığını deyərək xidmətə çıxmasının vacibliyini bildirib.
Elvin Şəfiyev iddia edir ki, komandirinin təhdidindən sonra onunla razılaşmaq zorunda qalıb və xidmətdən çıxdığı gün – 24. 06.2020-ci il tarixdə axşamüstü saat 18:00 – da, bu dəfə səhər təhvil verdiyi posta deyil, başqa bir posta – Tarix – Diyarşünaslıq Müzeyinə növbəyə çıxıb.
Burda belə bir sual yaranır: Elvin Şəfiyev spirtli içki qəbul etdiyini dediyi bir halda manqa komandiri onu xidməti obyektə niyə buraxırdı? Belə olan halda suçlu manqa komandiri Eldəniz Əhmədovdur, yoxsa Elvin Şəfiyev? Ümid edirik ki, hər halda bu sualın cavabını aidiyyəti qurumlar verəcəklər.
Məkrli plan Elvin Şəfiyevin xidməti postu təhvil aldığı gecə işə düşür: Yəni, 24-dən 25-nə keçən gecə saat 01:06-da manqa komandiri Eldəniz Əhmədov Elvin Şəfiyevin xidməti postunu yoxlayır və onu sərxoş, içkili vəziyyətdə “tutur”. Hansı ki, Elvin Şəfiyev manqa komandirinə istirahət vaxtı spirtli içki qəbul etdiyini əvvəlcədən demişdi. Məhz manqa komandiri Eldəniz Əhmədov da onu xidməti postuna qəbul edib, qol çəkdirərkən onun içkili olduğundan da xəbərdar idi.
Eldıniz Əhmədov postu yoxlayıb getdikdən sonra, saat 02:30 – da mühafizə rəisi Elşən Qayıbov xidməti posta baş çəkir və Elvin Şəfiyevin və digər bir postda xidmətdə olan Əli Qarayevin içkili vəziyyətdə olduqlarını müəyyən edir. Rəis onların sərxoşluğlarının dərəcəsini dəqiq müəyyən etmək üçün hər iki xidməti postu buraxıb həkim müayinəsinə aparır. Hər ikisinin sərxoşluğu müayinədən keçirilir və həkim onların spirtli içki qəbul etdiyini müəyyən edir. Hər ikisinin alkoqol qəbul etdikləri dəqiqləşdiriləndən sonra rəis Elşən Qayıbov onları xidməti posta buraxmamalı olduğu halda, əksinə onları posta gətirir və xidmət aparmaqda davam etmələrini (!?) tapşırır. Bu da çox müəmmalıdır!!!
Əli Qarayev də həmin ssenari ilə şərləndiyini bildirir. Bildirir ki, 21. 06. 2020-ci il tarixdə saat 09:00 – da xidməti postu təhvil alır, 22.06.2020-ci il tarixində saat 09:00 – da xidməti təhvil verir. Yenə də manqa komandiri Əhmədzadə Eldəniz Əli Qarayevə zəng edərək 22. 06. 2020-ci il tarixdə saat 18:00 – da xidməti posta çıxmağı tələb edir. Əli Qarayev də manqa komandirinə istirahət vaxtı olduğundan, mal bazarına çıxdığını deyir, həmçinin, spirtli çki qəbul etdiyini bildirir. Lakin manqa komandiri Əhmədzadə Eldəniz ondan da israrla tələb edir ki, xidməti postu təhvil alsın. Beləliklə də Əli Qarayev 22.06.2020-ci il tarixdə saat 18:00 – da xidməti postda çıxır. 23.06.2020-ci il tarixdə saat 09:00 – da Əli Qarayev xidməti postu təhvil verir. 24.06.2020-ci il tarixdə saat 09:00 – da xidməti posta çıxır və 25.06.2020-ci il tarixdə saat 09:00 – da xidməti postu təhvil verir.
Ümumiyyətlə, həm Elvin Şəfiyevin, həm də Əli Qarayevin xidməti kitabçalarına baxanda aydın şəkildə görünür ki, Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin xidməti qaydaları kobud şəkildə pozulub. Mühafizə polislərinin istirahət vaxtlarında belə xidməti postlara çıxmaları tələb olunur.
Məsələn, 10.05.2020-ci il tarixdən 14.05.2020-ci il tarixində qədər Əli Qarayev sərasər xidməti posta çıxıb və yaxud, çıxmağa məcbur edilib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman – tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.
Əmək Məcəlləsinin tələbinə görə 24 saat işləyən işçi növbəti 48 saatı evdə qalıb istirahət etməlidir. Şəfiyev Elvin Fazil oğlu və Əli Qarayev sutkaboyu xidmət apardıqları bir halda, istirahət hüquqlarından məhrum ediliblər. Aydın məsələdir ki, hətta heç spirtli içki qəbul etmiş olmasaydılar belə yuxusuzluq, yorğunluq səbəbindən onların xidmətə çıxarılmaları məqsədəuyğun sayılmamalıydı. Başqa sözlə, içkisiz halda belə diqqəsizliyə yol verərdilər ki, bu da mühafizə etdikləri obyektə kənar şəxslərin müdaxiləsinə və başqa xoşagəlməz, tək onların özlərinin deyil, ümumən mühafizə polisinin nüfuzuna xələl gətirəcək, maliyyə itkisi ilə nəticələnə biləcək hadisələrə səbəb ola bilərdi. Axı, Baş Mühafizə İdarəsi özəl mühafizə xidmətindən fərqli olaraq, baş verə biləcək hadisələr nəticəsində mülkiyyətçilərə dəymiş maddi ziyanın ödənilməsinə təminat verir.
P.S. İnanırıq ki, DİN-i cənab Vilayət Eyvazov qeyd etdiyimiz məsələni şəxsi nəzarətinə götürəcək və ciddi araşdırmalar aparılmasının təmin olunması üçün aidiyyati vəzifəli şəxslərə göstəriş verəcəkdir. RealMedia.az