Vətəndaş yanlış test cavabı göndərən Agentlikdən təzminat istəyə bilər - Hüquqşünas
27-07-2020, 18:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib.
Belə ki, vətəndaşların bir qisminə koronavirusa yoluxmadığı halda müsbət cavab ya da virus daşıyıcısı olduqları olduqları təqdirdə mənfi cavab gəlib. Bu isə hər iki varintda vətəndaşın və onun çevrəsinin də ziyanınadır.
Maraqlıdır, vətəndaşa dəymiş ziyana görə maddi təzminant ödənilə bilərmi?
Ümumiyyətlə, yanlışlığa yol verən şəxslər hansı məsuliyyəti daşıyırmı?
Məsələ ilə bağlı Modern.az-a danışan “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev vətəndaşa koronavirus testi ilə bağlı yanlış cavab göndərildiyi halda ona maddi təzminat ödənilməli olduğunu bildirib:
“Əgər vətəndaş sübut etsə ki, ona maddi və mənəvi ziyan dəyib, bu zaman o, məhkəmə yolu ilə məsələ qaldıra bilər. Əgər şəxsə koronavirusa yoluxması ilə bağlı pozitiv cavab gəlirsə, bu onu xeyli xərcə salır, həm də ona mənəvi baxımdan ziyan vurur. Çünki koronavirusa yoluxduğunu öyrənən şəxs böyük həyəcan keçirir və bu hətta başqa xəstəliyin yaranmasına gətirib çıxara bilir. Yaxud da testinin cavabı neqativ olan şəxs vaxtında tədbirlər görmür və ətrafındakıları da yoluxdura bilir. Bunun da ziyanının qarşılığını cavabları yanlış göndərən qurum qarşılamalıdır. Məbləğin miqdarı zərərçəkmiş tərəfdən aslıdır, yəni məhkəmə zərərçəkmişin bütün xərclərini hesablayaraq qərar çıxarır. Yəni burda vətəndaşın həmin müddət ərzində iynə-dərmana veridiy pul, harasa gedibsə yolpulu və s. araşdırılır”.
Hüquqşünas cavabları göndərən qurumun vəzifəli şəxsinin də inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü qeyd edib:
“Bundan başqa, vəzifəli şəxs üçün də hüquqi nəticələr yaranır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə müraciət edilməsə də, aidiyyəti vəzifəli şəxslə bağlı müəyyən tədbirlər görülə, ona töhmət verilə, yaxud işdən çıxarıla bilər. Yanlış məlumatlarla bağlı həm də inzibati məsuliyət məsələsi də var. Test aparan və nəticələri elan edən qurumlar çox diqqətli olmalıdırlar. Ölkədə 5 səhiyyə idarəsinə tapşırılıb ki, test yoxlamaları aparsın, ona görə hərtərəfli qiymətləndirmə, məsuliyyətli olmaq lazımdır".