İrandakı 4 partlayışın arxasında gizlənən sirlər
28-07-2020, 09:25
Ekspert: “Gizli müharibə davam edir və bu proses bütün Yaxın Şərqi əhatələyir”
İyulun 25-də axşam saatlarında iranlılar Qeşm adasında partlayış səsi eşidiblər, daha sonra isə elektrik kəsilib. “The Jerusalem Post” xəbər verir ki, rəsmilər zəlzələ olduğunu təsdiqləyib, lakin bir çoxu buna inanmır. Sosial şəbəkədə baş verənlər haqda nəzəriyyələr ortaya çıxıb. Qeşm balıqçılıq, turizm və Fars körfəzində qanunsuz neft ticarətində iştirak etməsi ilə məşhurdur. İyulun ortalarında Birləşmiş Ərəb Əmirliklərindən(BƏƏ) İslam İnqilabı Keşikçiləri Korpusu(İRKK) tərəfindən “qaçırılan” “Gulf Sky” tankeri adanın yaxınlığında lövbər salıb. IRKK-nin bu yerdə hərbi bazası olduğu üçün bu da vacibdir. Sosial şəbəkələr və bəzi KİV-lər iddia ediblər ki, adada partlayış baş verib, lakin ölkə hakimiyyəti gizlədir. Yerli balıqçılar isə onlara balıq ovuna getməmək tövsiyə olunduğunu iddia edirlər. Onlar hesab edirlər ki, bu, “sirli” səslərin mütləq zəlzələ ilə əlaqəli olmadığını göstərir. Hadisənin adada döyüş sursatlarının saxlanması ilə əlaqəli olduğu barədə fərziyyələr də mövcuddur. Hər halda, partlayışın baş verdiyinə dair heç bir dəlil yoxdur. Hətta iyun ayının sonundan bəri bənzər hadisələr mütəmadi olaraq yaşanır. Qeşm adasında partlayışı təxribat hesab edənlərin sayı çoxdur. İranda partlayışları hansı ölkə, hansı qüvvə törədir?
Ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, İran və rəqibləri arasında gözlə görünməyən gizli müharibə əslində davam edir. İyunun sonu, iyulun əvvəlində İranda bir neçə müəmmalı partlayış baş verməsi bunu bir daha təsdiq edir: “Baş verənlərin heç biri rəsmi olaraq qəsdən törədilmiş terror aktı elan olunmasa da, hadisələr ətrafında ciddi spekluyasiyalar var. Birinci hadisə iyunun 25-də gecə saatlarında baş verdi. İlk olaraq Əl-Ərəbiyyə telekanalı Tehran yaxınlığında yerləşən hərbi bazada qaz balonunun partladığı haqda xəbər yaydı. Yerli sosial şəbəkələrdə isə elktrik stansiyasında və ya hərbi sursatın məhv edilməsi zamanı yanğın baş verdiyini yazdı. Nyu York Taymz (NYT) müxbiri Farnaz Fassihi isə sosial şəbəkədə partlayışın İranın nüvə stansiyalarından biri olan Parçin terminalında baş verdiyini yazdı. Rəsmi məlumatda isə Parçin rayonunda Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində içərisində texniki qaz olan rezervuar partladığı bildirilirdi. Azadlıq radiosunun fars xidmətində (Radio Farda) gedən məlumatda isə partlayışın Tehranın Xuceyr rayonunda (Parçin yaxınlığında) baş verdiyi bildirilirdi. Xuceyrdə daha əvvəl İranın ballistik raket proqramları həyata keçirilib. Buranın Şəhid Baqeri adına raketlər üçün bərk yanacaq istehsalı mərkəzi olduğu ehtimal olunur”.
Kənan Rövşənoğlu
Ekspert deyir ki, daha bir oxşar partlayışın Xuceyr partlayışından bir neçə saat sonra meydana gəlməsi qəsdən törədilmə ehtimallarını bir qədər də gücləndirib: “Fars əyalətinin Şiraz şəhərində əsas elektrik paylayıcısında baş vermiş partlayış səbəbindən şəhərin yarısının qaranlığa qərq olduğu məlum oldu.
İranda üçüncü partlayış iyunun 30-da Tehranın Şəriəti küçəsində yerləşən Sina xəstəxanasında baş qeydə alındı. Rəsmi məlumata görə, xəstəxananın əməliyyat otağında yerləşən 3 oksigen balonunun partlaması nəticəsində 19 nəfər dünyasını dəyişib, 5 nəfər yaralanıb. 4-cü hadisə isə iyulun 2-də İranın Natanz nüvə obyektində baş verən yanğın oldu. İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi stansiyada baş verən yanğının ciddi zərərlərin olduğunu etiraf edib. Lakin bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb, nüvə və digər radioaktiv materialların sızması qeydə alınmayıb".
Ekspert deyir ki, baş verən 4 qəzadan ikisinin texniki xarakterli olması ehtimalı yüksək olsa da, digər 2 qəzanın, yəni Xuceyr (Parçin) və Natanz qəzalarında təxribat ehtimalı yüksəkdir: “Ən azından hazırda bu qəzalar ətrafında bir neçə təxribat versiyası səsləndirlir. Hökumət rəsmən elan etməsə də, hadisənin təxribat ola biləcəyinə işarə edir. İlk olaraq rəsmi İRNA Agentliyi hadisənin arxasında ABŞ və ya İsrailin olması ilə bağlı iddia irəli sürüb. Hökumət qurumları isə ”təhlükəsizlik mülahizələrinə" görə qəzanın səbəbinin açıqlanmasının təxirə salındığını bildiriblər. İranda baş verən son hadisələrlə bir neçə versiya mövcuddur. Hadisə ilə bağlı birinci versiya bunun məqsədli şəkildə həyata keçirilən partlayış olması ilə bağlıdır. Bu versiyanı ilk dəfə “Nyu York Tayms” kəşfiyyat qaynağına istinadən yazıb. Qəzetin iddiasına görə, Natanzda polad konstruksiyaların inşaatının aparıldığı yerdə partlayış törədilib. Hadisənin İsrail kəşfiyyatı tərəfindən törədildiyi iddia olunur. Qəzet yazıb ki, bu iddianı İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi də qəzetə verdiyi açıqlamada təsdiqləyib. “Azadlıq Radiosu”nun fars xidməti isə “Vətən Hepardları” adlı silahlı müxalif qrupun təxribat törətdiyi haqda məlumat yayıb. İkinci versiya isə Natanzda hadisənin kiber hücum nəticəsində baş verməsi ilə bağlıdır. 2010-cu ildə ABŞ və İsraildə hazırlandığı ehtimal olunan “Stuxnet” kompüter virusu İranın Buşehr və Natanz nüvə stansiyalarına, nüvə proqramına ciddi zərbə vurub, uranın zənginləşdirilməsini həyata keçirən sentrafuqların fəaliyyətini dayandırıb, nəticədə İranın nüvə proqramı bir neçə il geriyə düşüb. Digər viruslardan fərqli olaraq, “Stuxnet” hətta internetə qoşulmayan, şəbəkə ilə bağlantısı olmayan kompüterlərə belə daxil olmaq gücünə malikdir. Bu virusun flaş-kartlar vasitəsilə də yayıla bildiyi ehtimal olunur. 2009-cu ildə üzə çıxarılan bu virusun dünyada ilk dəfə kibersilah olduğu barədə rəy verilib. “Stuxnet” Buşehr Atom Elektrik Stansiyasındakı rus mütəxəssislərin kompüterindən təxminən 30 min kompüterə sızaraq, bu stansiyanı bir neçə il iflic edib. 3-cü versiya nüvə stansiyalarının aviazərbələrlə vurulmasıdır. İlk dəfə bu xəbəri Rusiyanın avi.pro yayıb. Natanz bazasının İsrail ordusu tərəfindən “bombalanması” ilə bağlı versiyanı isə İsraildən olan analitik Eddi Koen “Twitter”də yazıb. Ancaq İsrial mənbələri bu iddianı təsdiqləməyib. İsrailin Baş naziri Benyamin Netanyahu bu iddiaya reaksiya verməyəcəyini açıqlayıb. Qeyd olunan 4 partlayış və bunlarla eyni vaxtda Sistan-Bəlucistan əyalətində ordu qüvvələrinə qarşı törədilmiş partlayış İranda planlı provokasiya aktlarının olduğunu deməyə əsas verir. Xüsusən də 2 hadisə - Natanz və Parçindəki partlayışın təxribat olması ehtimalı yüksəkdir".
Мощный взрыв произошел на сирийской авиабазе в провинции Хомс
Ekspert deyir ki, baş verənlərin xarici kəşfiyyata işləyən silahlı təxribat qruplarının törətməsi ehtimalları da var: “Bir neçə il əvvəl İrana qarşı olan ərəb liderləri də Tehrana qarşı əsas müharibə silahının məhz ölkə daxilindəki qrupların dəstəklənməsi olduğunu bildirib və bundan sonra bu qruplar fəallaşıb. Partlayışın bu qruplar tərəfindən həyata keçirilməsi mümkün ehtimallar içində ən yüksək olandır. Bundan başqa son zamanlar həm kürd regionunda hərbi əməliyyatların keçirilməsi, həm də bəluclar bölgəsində hücumlar göstərir ki, bu ərazilərdə hərəkətlilik və təhlükə riski yüksəkdir. Son hadisələr göstərir ki, hər nə qədər dünyanın, prezident Trampın diqqəti başqa mövzulara cəlb olunsa da, İranla gərginlik heç də arxa plana keçməyib. Gizli müharibə davam edir və bu proses bütün Yaxın Şərqdə əhatələyir”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”