Təmizlik və yetmiş milyard dollar - həyata keçsə, yaşadıq
29-07-2020, 00:00
2040-cı ilə qədər 70 milyard dollara qənaət edilə bilər. Bundan başqa, plastmasla bağlı atılan addımlar istixana qazlarını 25 faiz azalda və 700 minə yaxın iş yerinin açılmasına səbəb ola bilər
Mütəxəssislər müəyyən ediblər ki, hər il dünya okeanına 29 milyon metrik ton plastik daxil olur.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, sahil xəttinin hər metrində 50 kiloqram tullantı var. Məlumata görə, əgər bu problemin qarşısı vaxtında alınmasa, 2040-cı ilə qədər bu rəqəm 3 dəfə artaraq 600 milyon ton olacaq.
Yəni bu çəki üç milyon mavi balinanın çəkisinə bərabərdir.
Tədqiqat "Pew Charitable Trusts" və "SYSTEMIQ" xeyriyyəçi fondları tərəfindən aparılıb.
Onlar qeyd edib ki, koronavirus pandemiyası bu problemi daha da ağırlaşdırıb, tək istifadəlik plastik məhsulların istifadəsi artıb. Bildirilib ki, bu problemin qarşısını almağın bir yolu var. Onların təklifləri sırasına plastik istehsalının azaldılması, təkrar istifadə edilə bilən qablaşdırma məhsullarının istehsal edilməsi, orta və aşağı gəlirli ölkələrdə tullantı yığımının artırılması daxildir.
Digər faydalı addım isə plastik tullantıların ixracını azaltmaqdır.
"Okeanın plastiklərlə çirklənməsinin qarşısını almaq üçün qəti bir qərar yoxdur, amma razılaşdırılmış hərəkətlərlə plastik dalğasının qarşısını ala bilərik", - deyə müəlliflər bildiriblər.
Dəyişmə planının əhəmiyyətli iqtisadi faydaları gözlənilir. Belə ki, 2040-cı ilə qədər 70 milyard dollara qənaət edilə bilər. Bundan başqa, plastmasla bağlı atılan addımlar istixana qazlarını 25 faiz azalda və 700 minə yaxın iş yerinin açılmasına səbəb ola bilər.