Qafqazda gərginliyin artması fonunda regional güclər əlverişli mövqe qazanmağa çalışır
29-07-2020, 00:03
Müəllif: Sinem Cengiz
Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış Cənubi Qafqaz dövlətləri – Azərbaycan, Gürcüstan və Ermənistan həm regional (Türkiyə və İran), həm də beynəlxalq (ABŞ və Rusiya) güclərin maraq dairəsindədir.
Bu dövlətlərin yaranması ilə Qafqaz regionu postsovet məkanında yeni regional təhlükəsizlik bölgələrindən birinə çevrilib. İndi, bu regionun sabitliyi kifayət qədər ciddi məsələdir. Nəticədə, bu bölgədə baş verənlər regionla enerji və təhlükəsizlik baxımından əlaqəli olan dövlətlərə birbaşa təsir göstərir.
Bu ay Ermənistanla Azərbaycan arasında gərginlik yenidən artıb. Bu iki qonşunun münaqişəsi 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ regionu üzündən başlayıb. O vaxtdan tərəflər arasında mütəmadi hərbi toqquşmalar baş verir və bu, iki ölkənin liderlərinin sərt ritorikası ilə müşayiət olunur.
Lakin son hərbi əməliyyatların baş verdiyi məkan və vaxt çoxlarının diqqətini cəlb edib. Söhbət iki ölkə arasında Azərbaycanın Tovuz rayonu istiqamətində bu il iyulun 12-də başlamış toqquşmalardan gedir. Bu, Ermənistanla Azərbaycan arasında 2016-cı ildən sonra baş vermiş ən ciddi hərbi qarşıdurmadır.
Məsələ ondadır ki, Azərbaycan, Gürcüstan və Türkiyəni, həmçinin Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən enerji, dəmir yolu və ticarət marşrutları son hərbi əməliyyatların baş verdiyi ərazinin yaxınlığından keçir. Məhz bu üzdən Rusiya və İranın bu bölgədə hər hansı fotmada iştirakı xoş qarşılanmır. Bura Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu da bu bölgədən keçir. Ankara Azərbaycan və Gürcüstanla bu iki böyük layihə vasitəsilə daha sıx əməkdaşlıq edir. Nəticədə, Türkiyə gözlənildiyi kimi, son hərbi toqquşmalara sərt reaksiya verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycana hücumunu sərt tənqid ediblər. Lakin Türkiyənin Bakının tərəfini tutması heç də təəccüblü deyil.
Bundan başqa, Ermənistanla Azərbaycan arasında yaşananlarla əlaqədar, Türkiyə parlamentində təmsil olunan partiyalar da birgə bəyanat qəbul edib. Yerevanın əməllərini pisləyən partiyalar hesab edir ki, baş verənlər Türkiyənin milli maraqlarına da ziddir.
“Türkiyə Azərbaycan torpağına hücumlara, eyni zamanda onun hüquqlarının tapdanmasına qarşı çıxmaqda heç zaman tərəddüd etməyib”, - deyə Ərdoğan bildirib. Onun iddiasına görə, bu hücumun arxasında daha böyük qəsd planı dayanır: “Bu, təkcə sərhəd boyu zorakılıq deyil, Azərbaycana qarşı qəsdlə edilmiş hücumdur. Son hadisələr göstərir ki, Ermənistan “başından yuxarı” tullanır”.
Bir sözlə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hərbi toqquşma həm daxili, həm regional, həm də beynəlxalq vəziyyətə öz təsirini göstərib. Demək, baş verənlərin daha dərindən araşdırılmasına ehtiyac var.
Son toqquşmanın mahiyyətini daha yaxşı anlamaq üçün, onun nə vaxt baş verdiyinə diqqət yetirmək lazımdır. Koronavirus pandemiyası dövründə həm Ermənistan, həm də Azərbaycan yüksək işsizlik səviyyəsi ilə müşayiət olunan iqtisadi problemlərlə üzləşib. Neftin ucuzlaşması Azərbaycana ciddi ziyan vurub. Ermənistan isə daxili problemlərlə yanaşı, iki qonşu ölkə ilə sərhədinin bağlı olması üzündən çox ciddi sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Azərbaycanla sərhəddə baş vermiş son hərbi toqquşmalar təbii ki, erməni cəmiyyətinin fikrini daha getdikcə dərinləşməkdə olan iqtisadi problemlərdən yayındırıb.
Son hərbi toqquşmalara region nöqteyi-nəzərindən yanaşsaq, Türkiyə ilə İranın mövqeyi diqqətdən kənarda qalmamalıdır. Tehran tərəflər arasında vasitəçi ola biləcəyini deyir, bununla da Bakı və Yerevana təsir etməyə çalışır. Yeri gəlmişkən İranda kifayət qədər böyük olan erməni icmasının böyük nüfuzu var. Doğrudur, Tehran istər Ermənistan, istərsə də Azərbaycanla əlaqələrdə incə yol seçib. Amma o, Yerevana bir addım yaxındır.
Beləliklə, bir tərəfdə Ukrayna, Gürcüstan və Azərbaycanla müttəfiq olan Türkiyə (ABŞ ilə NATO öz zamanlarını gözləyir), digər tərəfdə isə Rusiya ilə Ermənistan və müəyyən mənada İran.
Vaşinqtonun NATO vasitəsilə Azərbaycanla əməkdaşlığa can atdığı bəllidir. Bu isə regionu hələ də “arxa bağça”sı kimi qəbul edən Rusiya üçün həyəcan təbilidir. Doğrudur, Ankara Suriya məsələsində (Astana sülh prosesi) Tehranla Moskvanın tərəfdaşıdır. Eyni zamanda o, enerji sahəsində bu iki ölkədən asılılığını azaltmağa çalışır. Ankaranın axtardığı alternativ enerji tədarükçüsü məhz Bakıdır. Yeri gəlmişkən, bu il Azərbaycan Türkiyəyə qaz tədarükündə Rusiyanı qabaqlayıb.
Beləliklə, bəzi ekspertlər hesab edir ki, Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsi Türkiyə ilə Rusiya arasında yeni rəqabətin əsasını qoya bilər. Ankaranın Suriya və Liviyada Moskva ilə rəqabət aparmağa başladığı bəllidir. Odur ki, bu iki Cənubi Qafqaz ölkəsi arasındakı gərginlik Türkiyə-Rusiya münasibətlərə təsir göstərən amillərdən yalnız biridir.
Bir sözlə, Mərkəzi Asiyadan Şimali Afrikaya qədər uzanan geniş ərazidə Türkiyə ilə Rusiyanın (hətta İranın) perspektivlərini müəyyən edən ən vacib məsələ onlar arasındakı qarşılıqlı asılılıqdır.
Hər halda, coğrafiya, iqtisadiyyat, Yaxın Şərqin təhlükəsizliyi və beynəlxalq mühitin daha da mürəkkəbləşməsi Türkiyə, Rusiya və İranın yürütdüyü siyasətə təsir göstərən başlıca amillərdir.
Worldmedia.az