Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanov danışdı

30-07-2020, 09:25           
Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanov danışdı
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaq dövründə həbsdə saxlanma müddəti 5 ay uzadılmışdı.

Bu gün qətldə günahlandırılan kənd sakininin apellyasiya şikayətinə baxılıb. Şikayət təmin edilməyib.

İlkin Süleymanov yenə məhkəmədə günahsız olduğunu deyib. O, həbsdə saxlanma müddətinin uzadılmasına etirazını bildirib. Vəkilləri də bunun lüzumsuz olduğunu məhkəmə heyətinin nəzərinə çatdırıb. Məhkəmə iclasından sonra bizimyol.info-ya danışan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev şikayətin təmin olunmamasına görə təəssüfünü çatdırıb: “Yeddi aydır İlkin həbsdədir. Amma onun əleyhinə heç bir mötəbər sübut ortaya qoyulmayıb. Zəruri istintaq hərəkətləri aparılıb. Araşdırılmalı olan halların hamısı araşdırılıb. Onun təqsirli olmadığı sübutlarla təsdiqini tapıb”.

İlkin Süleymanovun yaxınları da həbs müddətinin uzadılmasından narazılıq ifadə edib. Təqsirləndirilənin qardaşı Adil Süleymanov bizimyol.info-ya deyib ki, pandemiyaya görə görüşə bilmirlərmiş: “Yalnız telefonla danışırdıq. Həbs müddətinin uzanması ona pis təsir edir. Günahsız insan yeddi aydır həbsdədir. Belə ağır vəziyyətdədir, amma yenə də bizi sakitləşdirməyə çalışır. Deyir ki, Nərminin ailəsinin üstünə getməyin. Bax, bu qədər mədəni adamdır”.

Təqsirləndirilənin əmisi oğlu Tariyel Süleymanovun fikrincə, İlkin bu hadisədə qurban seçilib, cinayətin üstünün açılması görüntüsü yaradırlar: “Əsl cinayətkarı qorumaq üçün günahsız adamı tutublar. İşi belə bağlamağa çalışırlar. Ya cinayətkarı tapa bilmirlər, işi İlkinin boynuna qoyurlar, ya da cinayətkarı, ümumiyyətlə, gizlədirlər”.

Nərmin Quliyeva 2019-cu ilin noyabrın 21-də itkin düşmüşdü. Onun meyiti bu il yanvarın 6-da kənd ərazisində yandırılmış halda tapılmışdı. İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət Məcəlləsinin 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.