İdarəetmə aparatı “şişir”: - Bürokratiya və xərci necə azaltmaq olar?
30-07-2020, 11:34
Ölkəmizdə idarəetmə aparatında ciddi çatışmazlıqların olması bir müddət öncə Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyatlar zamanı da ortaya çıxdı.
İllərdir ki, ölkə gündəmində geniş müzakirələrə səbəb olan məsələlərdən biri də idarəetmə aparatının optimallaşdırılmasıdır. Bu, həm də dövlət büdcəsinin yükünün azaldılması deməkdir.
Ölkəmizdə bu istiqamətdə addımlar atılmaqdadır. Məlumatlara görə, Maliyyə Nazirliyinin rayon şöbələri ləğv edilir. Məlumata görə, rayonlardakı yerli şöbələrin rəhbərliyi və əməkdaşları işdən azad olunub. Ləğv olunmuş şöbələrin əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri idarələri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. Departamentin işçi heyəti isə ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından yalnız birində olan qədər işçi heyəti saxlanılacaq.
Regional idarəetmənin üstünlüyü nədir? Mərkəzi icra aparatlarında idarəetmə optimallaşdırıldığı halda, bu üsulun yerli idarəetmə sistemində də tətbiq olunmasına ehtiyac varmı?
“Konstitusiya Araşdırmaları” Fondunun prezidenti, sabiq deputat Əlimməməd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan idarəetmə aparatının “şişməsi” mövcuddur:
“Aparatın şişməsi əlavə bürokratiya, əlavə xərclərdir. Şübhəsiz ki, idarəetmənin optimalaşdırılmasına ehtiyac var. Əslində 2016-cı ildə Konstitusiyaya əlavə və dəyişikliklər ediləndə əsas məsələlərdən biri kimi qarşıya idarəetmənin optimalaşdırılması məsələsi qoyulmuşdu. Növbədənkənar prezident seçkiləri zamanı da dövlət başçısı tərəfindən idarəetmənin təkmilləşdirilməsinin vacibliyi bildirildi. Sonrakı müddətdə də idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addımların həyata keçirildiyini gördük. Həm Prezident Administrasiyasında struktur dəyişikliyi baş verdi, növbədənkənar parlament seçkiləri keçirildi, ayrı-ayrı nazirliklərin birləşdirilməsi, ləğv edilməsi ilə bağlı addımlar atıldı. Şübhəsiz ki, bunların hamısı idarəetmənin optimallaşdırılmasına və büdcə xərclərinin azaldılmasına xidmət edən addımlar idi”.
Əliməmməd Nuriyev bildirib ki, bu addımlar bütün sahələri əhatə etməlidir: “Təkcə mərkəzi icra hakimiyyəti orqanını yox, eyni zamanda yerli icra hakimiyyəti orqanlarında da idarəetmənin optimalaşdırılmasına ehtiyac var. Yerlərdə həm mərkəzi icra orqanının, həm də yerli icra orqanlarının strukturları var. Həmin strukturlarda da zəruri olan dəyişikliklər edilməlidir ki, həm bütövlükdə idarəetmə aparatı şişməsin. Bundan əvvəl də bir sıra qurumların, o cümlədən Vergilər Nazirliyinin regional şöbələri yaradılıb. Hesab edirəm ki, Maliyyə Nazirliyində də bu istiqamətdə addımlar atılırsa, bu, həmin məqsəddən irəli gəlir. Bir sözlə, ölkə başçısının da dediyi kimi, sistem dəyişiklikləri baş verməkdədir. Sistem dəyişikləri idarəetmənin bütün pillələrində dəyişiklikləri zəruri edir. Eyni zamanda, bir idarəetmədən başqa bir idarəetmə sisteminə keçidi zəruri edir ki, bu idarəetmə həm optimal, həm çevik olsun, bürokratiya, xərclər azalsın”.
Ə.Nuriyev deyir ki, Azərbaycanda “ASAN hökumət” modelinə keçid gedir: “Bu istiqamətdə İqtisadiyyat Nazirliyi mühüm dəyişikliklər edir və təkliflər verir. Hesab edirəm ki, bu yanaşmalar daha da genişlənməlidir. Azərbaycan idarəetmə sistemində paralellik mövcuddur, onun aradan qaldırılması strukturların minimuma endirilməsini zəruri edir. Bu baxımdan da hesab edirəm ki, bu istiqamətdə atılan addımlar ölkədə atılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Pandemiya da ölkələr qarşısında yeni şərtlər qoydu ki, onlardan biri də idarəetməyə yeni baxışın ortaya qoyulmasından ibarətdir. Pandemiyanın nəticələrinin aradan qaldırılması üçün çoxlu qərarlar qəbul edirlər, amma onların həyata keçirilməsi ilə bağlı da müəyyən çətinliklər üzə çıxır. Bəzi idarəetmə formalarında paralelliklərin olması ilə bağlıdır. Bu baxımdan da yaxşı idarəetmənin formalarını ehtiva edən yeni təhcizatların yaranması zəruridir və yeni islahatların ruhuna uyğundur. Çünki islahatları həyata keçirən hər şeydən əvvəl aparatdır. Həmin aparat nə qədər çevik olacaqsa, o qədər də qərarların qəbul edilməsi proseduru asanlaşacaq”.