Fərqli mübahisələr və bir gerçək - onlar türkdürlər
3-08-2020, 00:01
1801-1803-cü illərdən sonra bu bölgədəki insanları bir-birindən ayırmaq üçün onlar ya İran mənşəli, ya da Qafqaz mənşəli adlandırılırdılar. Buna görə də bəzi xalqların türk kökənli olduqlarına şübhə edilirdi
. Azərbaycanın şimal-qərbini multikultural bölgə adlandırmaq olar. Müxtəlif azsaylı xalqlar yaşadıqları bu torpaqlarda öz dillərində danışa, istədikləri dinə sitayiş edə bilirlər. Bu dəfə Sputnik Azərbaycan avarlardan danışacaq. Daha çox Zaqatalada və Balakəndə məskunlaşan bu xalqın kökləri hara dayanır? Həmişə fərqli mübahisələrə yol açan bu mövzu haqqında AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ilə söhbətləşdik.
Alim: “Mənim araşdırdıqlarıma görə, qədim Bizans, Roma və yunan mənbələri, hətta yəhudi mənbələri belə, qədim türk tayfalarının adlarını çəkəndə sabir, bulqar, xəzər, hun və avarların da adını çəkir”, - deyərək söhbətinə başlayır.
Şimal-qərb bölgəsində yaşayan avarlar
“Bu, danılmayan bir faktdır. Məşhur tarixçi Lev Qumilyov özünün “Qədim türklər” əsərində də türklərin bir qolu olaraq avarlardan bəhs edir. Avropaya hərəkət edən Atillanın yanında, cinahların birisində avar atlıları mövcud idi. Təəssüf ki, Avropada 558-ci ildən 803-cü ilə qədər mövcud olan Avar xaqanlığı dağıldıqdan sonra frankların hücumlarının qarşısında artıq duruş gətirə bilmədi. Bir qismi Cənubi Qafqazda, indiki Dağıstanın Hunzax (hunların olduğu, Hun dağı adlanan yer) adlanan yerdə oturub məskunlaşdı. Çünki avarlar daim hunlarla birlikdə hərəkət edirdilər”, - A.Məmmədli deyir.
Avarların türksoylu olmasını sübut edən bir sıra səbəblər var. Tarixçinin dediyinə görə, onların dilinin alt qatında çoxlu prototürk sözlər hələ də qalmaqdadır: “Onlardan birisini ifadə edirəm: onlar yağa “nəh” deyirlər. Yağ da nehrədə düzəldilir. Bu sözün bir neçə min il tarixi var. Bu gün bir az qədim avar dilini bilən birisi olsaydı, birmənalı şəkildə avarların türksoylu bir etnos olduğunu, heç şübhəsiz, etiraf edərdi. Mən araşdırmamda da, yazdığım yazılarda da bu məsələyə toxundum”.
Şimal-qərb bölgəsində yaşayan avarlar
Rusiya imperiyası Azərbaycanı 1801-1803-cü illərdə işğal etməyə başladıqdan sonra bu bölgədəki insanları bir-birindən ayırmaq üçün onlar ya İran mənşəli, ya da Qafqaz mənşəli adlandırılırdılar. Və bu konsepsiya Dağıstanda daha çox yeridilirdi.
Müsahibimizin sözlərinə görə, bu gün Dağıstanda və Azərbaycanda əhali arasında gerçək bilgi olmadığı üçün, Sovet dövründən müstəqilliyə qədər türk tarixini araşdırmağa icazə verilmədiyi üçün avarlar özlərini genetik olaraq türklərə bağlı olduqlarını qəbul edə bilmirlər: “Bu, elmi bilgisizlikdən irəli gəlir. Amma bütün parametrlər üzrə avarların ucaboylu, sarışın, bəzən mavigözlü olmaları eynilə onlar haqqında deyilən fikirləri doğruldur. Məşhur tarixçi Pletnova xəzərləri araşdırıb. O, hətta yəhudi, Roma və yunan mənbələrinə istinad edib, deyir ki, avarlar 9 türk qolundan biri idi. Biz, heç olmazsa, buna sayğı duymalıyıq”.
Şimal-qərb bölgəsində yaşayan avarlar
Həmsöhbətimiz avarların türksoylu olmasını sübut edən başqa bir fakta da nəzər saldı: “Azərbaycanın görkəmli şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən olan Mirzə Kazım bəy 1859-cu ildə Qafqaz xalqlarının milli qəhrəmanı Şeyx Şamil Qunibdə tutulduqdan sonra sürgünə göndəriləndə imperatora məktub yazır və Şeyx Şamillə görüşmək üçün icazə alır. Şeyx Şamillə görüşdüyü zaman Mirzə Kazım bəy soruşur: “Ey böyük mücahid, biz indi hansı dildə danışacağıq? Ərəbmi, farsmı?” Şeyx Şamil də cavab olaraq: “Əlbəttə, bizə doğma olan türk dilimizdə danışacağıq”, - deyir”.
“Daha bir fakt - İlisu sultanı Danial Sultanın Şeyx Şamilə verdiyi ən böyük təklif və məsləhətlərdən birisi Türkiyə ilə konfederativ dövlət yaradaraq, Qafqazı Rusiyanın cəngindən çıxarmaq idi. Belə ideyalar o zamandan mövcuddur və "Bir millət, iki dövlət" deyimi də buna bir sübutdur. Yəni bu fikrin əsasını 150 il öncə Danial Sultan və Şeyx Şamil qoymuşlar”, - deyə Akif Məmmədli əlavə etdi.