Pulsuz çimərliklərdə kim pul yığır? – Cavab
6-08-2020, 21:28
Karantin rejiminin yumşaldılması çərçivəsində ötən gün çimərliklər istifadəyə verilib. Amma insanlar artıq göstərilən xidmətdən narazılıq etməyə başlayıblar. Belə ki, çimərliklərə üz tutan şəxslər polislərin insanları zorla ödənişli çimərliklərə yönəltmələrindən şikayətlənirlər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Yenisabah.az-a açıqlamasında ilk əvvəl bildirib ki, iki gün ərzində heç bir insident yaşanmayıb:
"Ötən gün tərəfimizdən iki nəfər xilas olunub. Şəxslər arasında sosial məsafəyə xüsusi nəzarət olunur, lakin onların temperaturunun yoxlanması bizim səlahiyyətimizdə deyil. Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus profilaktikasına dair metodik göstərişi var. Həmin göstərişdən biz çıxarış etmişik. Məsələn, çimərliklərdə ailə üzvləri istisna olmaqla, insanlar arasında məsafə 2, çətirlərin oxları arasındakı məsafə isə 4 metr olmalıdır. Qapalı sahələrdə mümkün qədər tibbi maskalardan istifadə olunmalıdır. Özündə koronavirus simptomları hiss edənlər mütləq həkimə müraciət etməlidir. Bu barədə biz ASAN könüllüləri ilə birlikdə nəzarətimizdə olan çimərliklərdə maarifləndirmə işləri aparırıq. Məlumdur ki, “cimerlik.az” saytı da istifadəyə verilib. Orada çimərlikdə hansı xidmətlərin göstərildiyi barədə məlumatlar yerləşdirilib. Xilasetmənin olub-olmaması ilə bağlı da məlumat mövcuddur. Vətəndaşlar getmədən əvvəl buna xüsusi nəzər sala bilərlər”.
Aqşin Əlili qeyd edib ki, hazırda 26 çimərlik onların nəzarətindədir: “Bu il “İDEA” İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 6 çimərlik istifadəyə verilib və həmin o çimərliklərdə də nəzarəti biz həyata keçiririk. Onlarla birlikdə hazırda nəzarətimizdə 26 çimərlik var”.
Vətəndaşların ödənişli çimərliklərə yönləndirilməsi məsələsinə gəldikdə isə həmsöhbətimiz nəzarət etdikləri çimərliklərdə belə bir faktın aşkarlanmadığını diqqətə çatdırıb: “Giriş-çıxışın pullu olub-olmamasına, dayanacaqlar, ümumiyyətlə, digər xidmətlər üçün haqq alınmasına bizim xidmətimiz cavabdehlik daşımır. Biz ancaq sularda təhlükəsizlik məsələsinə cavabdehik. Bildirim ki, bizim nəzarətimizdə olan çimərliklərdə heç sıxlıq da olmayıb ki, şəxslər başqa ünvana yönləndirilsin. Düzü, biz sıxlıq olacağını düşünürdük. Lakin deyəsən, virusa görə insanlarda narahatlıq var, çünki müəyyən qədər boş yerlər var idi. Dünən mən Şıx ictimai çimərliyində oldum. Orada təxminən 50-60 boş yer var idi. Həmçinin Pirşağıda da sıxlıq yox idi”.