AZƏRBAYCANDA ANALOQU OLMAYAN MƏHKƏMƏ QƏRARI – 20 sabiq deputat eyni iddia üzrə məhkəməyə müraciət etdi, birinə “yox” deyildi
10-08-2020, 00:40
Bəhruz Bayramov: “Bakı Apellyasiya Məhkəməsi qərəzli şəkildə Eldar Səfərovun iddiasını ləğv etdi”
Keçmiş deputat Eldar Sabiroğlu: “Bu, mənə qarşı olan ayrı-seçkilikdir”
Vəkil Bəhruz Bayramov 1995-2000-ci illərdə deputat seçilmiş və adını açıqlamadığı deputatın Bakı Appelyasiya Məhkməsinin haqsızlığına məruz qalması barədə “Facebook” səhifəsində yazı paylaşıb. O, eyni iddia ilə 20-yə yaxın Millət Vəkilinin məhkəməyə müraciət edib qazandığını bildirib. Hurriyyet.org olaraq, məsələdən tam agah olmaq üçün Bəhruz Bayramovla əlaqə saxladıq:
-Bəhruz bəy, ilk olaraq bilmək istəyirik ki, barəsində söhbət açdığınız hansı keçmiş deputatdır?
- 1995-2000-ci illərdə Milli Məclisin deputatı seçilmiş Səfərov Eldar Sabiroğludur.
- Sözügedən mülki iddia təxminən neçə müddətdir davam edir?
-Təxminən, keçən ilin iyunundan müraciət etmişik. İlk olaraq 1 saylı Bakı İqtisadi Məhkəməsi bizim xeyrimizə qərar çıxardı və iddiamızı təmin etdi. 2007-2013-cü illərdə əmək pensiyası düzgün hesablanmamışdı. Bu iş üzrə həmin vaxt deputat işləyənlərin bir çoxu müraciət etmişdi və iddiaları təmin olunub. Həmin keçmiş deputatların adını çəkməyəcəm. Bir neçəsinə də mən vəkillik etmişəm. Ali Məhkməyə kimi qərarımız qüvvədə qalıb və verdiyimiz iddia təmin olunub. Eldar Səfərov barəsində verilən iddia təəssüf ki, Bakı Apellyasiya Məhəkəməsi tərəfindən ləğv edilib. Belə çıxır ki, anoloji və qanuni qüvvəyə minmiş qərarları saymırlar. Bu ayrı-seçkilikdir. Qanun və məhkəmə qarşısında hamı bərabərdir. Həmin dövrdə işləyən keçmiş deputatların verdiyi iddia təmin edilir, amma Eldar Səfərov haqqında verilən iddia təmin edilmir. Birinci İnstansiya Məhkəməsi təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edir. Bunun bir adı var, o da ayrı-seçkilikdir...
-Prosesə hansı hakimin sədrliyi ilə baxılırdı və qərar konkret nədən ibarət oldu?
- Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva sədrlik edirdi. İddianı da o ləğv etdi. Eldar Səfərov 1995-2000-ci illərdə deputat olub. İddia qaldırmışdıq ki, Eldar Səfərov 2007-2013-cü illərdə əmək pensiyasına çıxıb, həmin dövrdə isə pensiya düzgün hesasblanmayıb. Eyni halla bağlı həmin dövrdə seçilmiş deputatlar da eyni iddianı qaldırıb. 20-dən çox deputat eyni iddianı qaldırıb. Bakı Apellyasiya Məhkəməsi qərəzli şəkildə Eldar Səfərovun iddiasını ləğv etdi. Səbəbini hələ açıqlamırlar. Bildirirlər ki, qərara alanda qərarda göstərəcəyik. Hələ qərara almayıblar.
-Statusunuzda qeyd etmisiniz ki, digər deputatlar da eyni iddianı qaldırıb və onların iddiası təmin olunub. Necə olur ki, eyni çağırışdan olan depuatatlar, eyni iddianı qaldırır, birinin iddiası təmin olunmur, amma digərlərinin ki, təmin olunur?
-Bəli, 1995-2000-ci illərdə deputat olduqları vaxt 20-yə yaxın deputat eyni iddianı qaldırıb. Mənə də o maraqlıdır. Niyə Eldar Səfərovun iddiası təmin olunmur?...
-İddiası təmin olunan deputatlar hansılardır?
-Ad çəkmək istəmirəm. Çünki bir neçəsinin hüquq müdafiəçisi olmuşam. Digər tərəfdən də bu vəkil sirridir. Amma onların iddiası təmin olunub.
-Siz bu qərarın arxasında hansı maraqları görürsünüz və həmin qərar deputatın hakimiyyətə qarşı mövqeyinə görə ola bilərmi?
-Mənə də maraqlıdır ki, bir qrup şəxs eyni iddianı verir. Onlarda iddia təmin olunur, amma Eldar Səfərovun iddiası təmin olunmur. Ya mən qanunu düzgün dərk eləmirəm, ya da qanun tətbiqi mənə çatmır. Hansı əsasla iddia təmin olunmur? Maraqlıdır...
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın haqsız qərarıyla üzləşmiş keçmiş deputat Eldar Sabiroğlu ilə də əlaqə saxladıq. O, deputatlar arasında yalnız onun iddiasının qəbul edilmədiyini bildirib:
-Sadecə olaraq, mənə qarşı qəbul edilən haqsız qərarı anlaya bilmirəm. Pensiya təminatında olan adamam. Bəzi keçmiş millət vəkilləri də mənimlə birlikdə iddia qaldırdılar. Onların təmin olunmamış pensiya təminatının ödənilməsinə qərar qəbul edildi. Halbuki, mən də onlar kimi eyni motivdə və eyni tələbdə iddia qaldırmışdım. Ancaq, mənim iddiam rədd edildi. Bu da mənə qarşı olan ayrı-seçkilikdir.
Məsələylə bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyeva ilə əlaqə saxlamağa çalışsaq da, nə özü, nə də köməkçisi zəngimizə cavab verdi.
YƏHYA
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.
muxalifet.az