Karantin məkanı kimi istifadə edilən hotellərin fəaliyyəti bərpa edildimi - AÇIQLAMA
17-09-2020, 10:12
Kənan Quluzadə: “Bu günədək hotellərdə monitorinq zamanı heç bir koronavirus faktı qeydə alınmayıb”
Bakıda və bölgələrdə yerləşən bir çox hotellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdi. Yəni bu məqsəd üçün ayrılan hotellər karantin məkanları kimi istifadəyə verilmişdi.
Xüsusən xarici ölkələrdən gələn şəxslər dərhal həmin hotellərdə karantin altına alınır, onlardan testlər götürülür, təxminən 14 gün müddətində yeməklə təmin olunurdular. Təkrar test nəticəsi müsbət çıxan şəxslər isə dərhal karantin zonasından xəstəxana müalicə rejiminə keçirilirdi.
Bəs hazırda karantin məkanları kimi istifadə edilən hotellərlə bağlı vəziyyət nə yerdədir? Bu hotellər də digərləri kimi normal fəaliyyətə geri dönüb, yoxsa?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nazirlər Kabineti 8 avqust 2020-ci ildə koronavirus pandemiyası dövründə ölkədə mehmanxanaların fəaliyyətinin təşkili qaydalarını təsdiq edib. Həmin qərara uyğun olaraq mehmanxanalarda monitorinq keçirilməsi digər aidiyyəti dövlət qurumlarına həvalə edilib:
“24 avqust tarixindən başlayaraq Dövlət Turizm Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Vergilər Xidməti və Səhiyyə Nazirliyinin əməkdaşları həftədə iki dəfə olmaqla, ölkədə fəaliyyətdə olan hotellərdə monitorinqlər keçirirlər. Bu monitorinqlər ümumilikdə 229 hoteli əhatə edir. Hazırda onların 158-i fəaliyyətdədir, 79-u isə fəaliyyətini dondurub. Monitorinq zamanı daha 5 hotel fəaliyyətini bərpa edib. Çünki sahibkarlar gördülər ki, mövcud qaydalar çərçivəsində fəaliyyətlərini qura bilərlər”.
Karantindən sonra turizm obyektləri necə fəaliyyət göstərəcək - Kənan Quluzadə danışır
Kənan Quluzadə qeyd etdi ki, həmin qaydalar ümumən 174 xidmət sahəsini əhatə edir:
“Bura hotellərin girişindən tutmuş, sanitar qovşağı, iaşə, əyləncə xidmətləri daxildir. Hətta hər bir hotelə fəaliyyətlərinə uyğun bal göstəricisi də verilir. Məlum olduğu kimi, bütün hotellərdə 174 xidmətin hamısı yoxdur. Bunu ümumi faiz etibarı ilə hesablayırıq.
Bütün hotellərin personalı həftədə bir dəfə koronavirusla bağlı testdən keçirilirdi. Həmçinin müştərilər də testdən keçirilirdi. Lakin Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nda dəyişiklik etdi və bu şərtlər ləğv edildi.
Monitorinqlər onu göstərdi ki, qeyd olunan qaydaların demək olar ki, 90 faizinə riayət olunur. Bu günədək hotellərdə monitorinq zamanı heç bir koronavirus faktı qeydə alınmayıb. Hər bir hoteldə karantin otaqları ayrılıb. Həm monitorinqi aparanlar, həm də hotelin personalı, turizm könüllüləri üçün treninqlər, təlimatlar keçirilib və bunlar mütəmadi davam etdirilir".