Qatar Airways da Ermənistana silah daşıyır - Yenə "humanitar yük"
20-10-2020, 02:39
Humanitar yük adı altında Ermənistana silah-sursat daşıyan təyyarələr Yerevan aeroportuna enməkdə davam edirlər.
Bu gün, oktyabrın 19-da gündüz Ermənistan paytaxtına növbəti şübhəli reys gəlib.
Teref.az Ermənistan KİV-lərinə istinadən bildirir ki, saat 12:17-də Qatar Hava Yolları (Qatar Airways) Şirkətinin təyyarəsi Yerevana enib. Ermənistana yüz tondan artıq şübhəli yük gətirilib. Məlumatda bildirilir ki, təyyarə Los-Ancelesdən uçub və “Qarabağın dinc sakinləri üçün nəzərdə tutulmuş humanitar yük” daşıyıb.
Maraqlıdır ki, təyyarə hələ oktyabrın 15-də uçmalı və Türkiyənin hava məkanından keçməli idi. Amma görünür, Türkiyə əsaslı şübhələrə görə, humanitar yük adı altında silah-sursat gətirən təyyarəyə hava dəhlizini bağlayıb. Dörd gün sonra bu təyyarə Zvartnots hava limanına enib.
Mülki təyyarələrdə humanitar yük adı altında Ermənistana silah göndərilir. Bu günlərdə Azərbaycan hərbçiləri qənimət kimi İraqda istehsal olunan minaatan mərmiləri ələ keçiriblər. Bu mərmilər 10 gün əvvəl təyyarələrlə Süleymaniyyədən (İraq Kürdüstanı) Yerevana çatdırılıb, sonra isə Dağlıq Qarabağa gətirilib. Rusiyadan qaçaqmalçılıq yolu ilə silah tədarükü də məlumdur.
Virtualaz.org həmçinin Azərbaycan hökumətinin Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Ermənistan hökumətinin qeydiyyatdan keçirdiyi mülki hava gəmilərindən istifadə etməklə Ermənistana silah göndərilməsi faktlarının araşdırılması barədə rəsmi müraciəti haqda məlumat verib.
Bu gün, oktyabrın 19-da TASS-a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana qaçaqmalçılıq yolu ilə silah göndərilməsi məsələsinə də toxunub. Qonşu ölkələrin hökumətlərini silah-sursat qaçaqmalçılığını nəzarətə götürməyə çağırıb. virtualaz.org