“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

30-10-2020, 22:46           
“Putin bir ay susdu, amma indi...” -
“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, Qarabağda münaqişə başlayandan bir ay ərzində səssizliyini qoruyub. Bununla çox adamı təəcübləndirib və hamıda sual yaradıb”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Ekspert Putinin dünənki çıxışından bir sıra məqamlar və gəlinən nəticələrin olduğunu bildirib:

“Putinin fikirlərindən belə anlaşılır ki, Qarabağ problemini həll etmək üçün Ermənistanla Azərbaycanın maraqlarının balansını tapmaq lazımdır. Bunun üçün müharibə dayanmalıdır və tərəflər danışıqlar masasına oturmalıdır. İkinci, ilk olaraq 5 rayon Azərbaycana qaytarılmalıdır, sonra isə 2 rayonla bağlı məsələ öz həllini tapmalıdır. Üçüncü, Rusiya Türkiyənin Qarabağ prosesində iştirakının əleyhinə deyil. Lakin bu iştirak Minsk Qrupu çərçivəsində olmalıdır. Türkiyədən başqa ölkələr də var Qrupda, onlarla birgə iştirak edə bilər.

Putinin bu üç tezisində Rusiyanın məqsədləri tam çılpaqlığı ilə ortadadır. Putin “Ermənistanla Azərbaycan arasında balans tapılmalıdır” dedikdə, əslində Rusiya üçün balansı nəzərdə tutur. O, nə bizi, nə Ermənistanı öz təsir dairəsindən buraxmaq istəyir. Nə də Türkiyənin bölgədə söz sahibi olmasına razıdır”.

Azər Qasımlı hesab edir ki, Azərbaycan Ermənistanın maraqları ilə hesablaşmamalı və balans axtarmamalıdır:

“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, Qarabağ da Azərbaycan ərazisidir. Qarabağla bağlı istənilən hüquqi-tarixi sənədlər bu torpaqların Azərbaycan dövlətinə və xalqımıza aid olduğunu göstərir. Qarabağın və onun ərazisində yaşayan Azərbaycan vətəndaşlarının Ermənistan dövlətinə nə aidiyyəti var? Qarabağda yaşayan vətəndaşlar Azərbaycanda yaşamaq istəmirlərsə, sərbəst şəkildə gedib istədikləri yerlərdə yaşaya bilərlər. Azərbaycan dövləti hamının Qarabağda sülh içində yaşamasına təminat verir. Azərbaycan bunu dəfələrlə bəyan edib.

Putin bir ay susdu, indi isə deyir. tərəflər həmən danışıqlar masasına oturmalıdır və 5 rayon Azərbaycana qaytarılmalıdır. Şuşanın divarlarına qədər gəlmişik, azad etdiyimiz, artıq bizdə olan rayonları bizə qaytarmağı təklif edir. Əsl məqsəd sülhə nail olmaqdırsa, bunu bir ay əvvəl, hətta son 26 il ərzində niyə təklif etmirdilər?”.

Politoloq qeyd edib ki, Putin Qarabağ prosesində Türkiyənin iştirakına razı olduğunu desə də, əslində razı olmadığını gizlədə bilməyib. Dediyi odur ki, Türkiyə də digər həmsədr olmayan 8 üzv kimi mövqe bildirsin, bu qədər. Bir sözlə dediyi odur ki, Türkiyə nə həmsədr ola bilər, nə də Rusiya ilə birgə problemin çözülməsində iştirak edə bilər.

Azərbaycan və Ermənistanın hərbi-siyasi baxımdan tükənəcəyini, bölgədə sülhün yalnız Rusiyadan asılı olacağını və bunu ilk növbədə ermənilərə göstərəcəyi anı gözləyib hər iki tərəfə barış təklif etmək! Üzünü Qərbə doğru çevirmək istəyən Paşinyanın mövqeyini sarsıtmaq, Qarabağa Rusiya sülhməramlılarını yerləşdirmək – Rusiyanın planı budur!

Azərbaycanda heç bir ölkənin və ya hərbi-siyasi blokun bazaları olmamalıdır və Azərbaycan rəsmi neytral ölkə olmalıdır. Bu fikri açıq şəkildə bütün dünyaya, ilk növbədə isə Rusiya rəhbərliyinə çatdırmalıyıq. Qarabağ probleminin həlli məsələsini də məhz bu kontekstdə qoymalıyıq. Hazırda bölgəmizdə söz sahibi ola biləcək iki dövlət var – Rusiya və Türkiyə. Biz yalnız “5+2” rayonu deyil (artıq 1+2!), işğalda olan bütün torpaqlarımızı azad eməli və ərazi bütövlüyümüzü bərpa etməliyik. Rusiya bunu qəbul etməlidir.

Etmək istəmədiyi təqdirdə Azərbaycan xarici siyasət strategiyasında yekun qərarını verməli və gələcək inkişaf yolunu birdəfəlik seçməlidir. Rusiyanın prosesə müdaxilə edəcəyi təqdirdə Azərbaycan Türkiyənin hərbi bazalarını öz ərazisində yerləşdirəcək, NATO ilə sıx və sürətli əməkdaşlığa yaşıl işiq yandıracaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.