Koronavirusun üçüncü dalğa TƏHLÜKƏSİ: - azərbaycanlı alimdən AÇIQLAMA

24-11-2020, 12:25           
Koronavirusun üçüncü dalğa TƏHLÜKƏSİ: - azərbaycanlı alimdən AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib.

Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev bildirib ki, ümumiyyətlə bütün Avropa ölkələri, eləcə də Azərbaycan üçün üçüncü dalğa terminini demək elmi cəhətdən doğru deyil:

“Çünki Avropada elə ölkələr var ki, onlar artıq sübut ediblər ki, öz ölkələrində ilk COVID-19 dalğası deyilən rəsmi vaxtdan da öncə başlayıb. Azərbaycanda da ilk dalğanın nə zaman olduğunu biz elmi cəhətdən dəqiq bilmədiyimizə görə, 3-cü dalğa terminini istifadə etməkdənsə, növbəti dalğa deməyimiz daha düzgündür”.

N.Abdullayev qeyd edib ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:

“Bu da onu deməyə əsas verir ki, peyvənd çıxmazsa və ya virus mutasiyaya uğrayıb virulentliyini itirməzsə, ölkələrin 70 % əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək və biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq”.

Azərbaycanlı alim əlavə edib ki, dalğaların bir-birindən xüsusi fərqlənmə predmetləri yoxdur və bunun qarşısını almaq üçün isə qızıl qaydalar eyni olaraq qalır:

“Ya uzunmüddətli sərt karantin rejiminə keçilməli, ya da elmin dediyi kimi, ən son karantin və izolyasiya qaydalarına əməl olunmalıdır. Bununla yanaşı klasterlərə (topluluq - red.) nəzarət ələ alınmalı və insanların şəxsi məsuliyyətlərinin önəmi onlara mütəmadi izah olunmalıdır ki, iqtisadiyyata ziyan vurulmadan, yəni sərt karantin rejimləri tətbiq edilmədən virusa nəzarət kontrol altında olsun.

Bundan başqa fərqli test strategiyalarının tətbiqi də virusun aşkarlanmasına kömək etməklə yanaşı ona nəzarəti ələ almağa kömək edə bilər”.

Xatırladaq ki, Azərbaycanda dünən koronavirus (COVID-19) infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 92 281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstə sayı 29 646 nəfərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.