Rusiyanın “ermənisiz Ermənistan” planı - Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb?

30-11-2020, 00:19           
Rusiyanın “ermənisiz Ermənistan” planı -
Cənubi Qafqazda baş verən hərbi münaqişə dünya mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya kütləvi informasiya vasitələri də bu məsələyə xüsusi diqqət ayırırlar. Qarabağda yenidən alovlanmış müharibə haqqında Almaniya mediasında yüzlərlə xəbər yayılıb, problemin mahiyyətinin izahı ilə bağlı təhlil xarakterli onlarla məqalələr yazılıb. Bu prosesi mütəmadi şəkildə izlədiyimə görə deyə bilərəm ki, sonuncu Qarabağ savaşına qədər Almaniya mediası təsadüfi hallarda Azərbaycan haqqında müəyyən şeylər yazıb. Bəllidir ki, Qərb mətbuatında ermənilərə xristian təəssübkeşliyindən doğan xüsusi məhəbbət var. Almaniyada da bu tendensiya aydın görünür. Ancaq o da etiraf olunmalıdır ki, son vaxtlar Qərb mətbuatı Azərbaycan haqqında, Qarabağ probleminin mahiyyəti barədə kifayət qədər obyektiv yanaşma sərgiləyir. Və bu, beynəlxalq səviyyədə Azərbaycanın ciddi uğuru sayılmalıdır.

Bu yazımızda belə nümunələrdən biri haqqında söhbət açacağıq. “Der Tagesspiegel” qəzetində gedən “Tradition russisch-türkischer Absprachen” (Rus-türk anlaşmasının ənənəsi) adlı məqalədə bölgənin tarixi ilə bağlı müəyyən mülahizələr irəli sürülür. Məqalənin müəllifi Tessa Hofmann bəzi tarixi mənbələrə istinadən Dağlıq Qarabağın Azərbaycanamı, yoxsa Ermənistanamı məxsus olduğunu aydınlaşdırmağa çalışır.

Tessa Hofmann yazır ki, 1813-cü ildə Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı. Nəticədə, “keçmiş fars xanlıqları olan Dərbənd, Bakı, Gəncə və Qarabağ xanlıqları Rusiyanın nəzarəti altına keçdi”. 1828-ci ildə isə Gülüstan müqaviləsi imzalandı. İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın əlinə keçdi. Bu ərazidə qısa müddət ərzində mövcud olan “erməni bölgəsi” (1828-1840) yaradıldı. Bu, ermənilər arasında erməni dövlətinin qurulacağı ilə bağlı ümidləri artırdı. O vaxt Qarabağ etnik və dini baxımdan Gəncə quberniyasına bağlı idi.

Gördüyünüz kimi, müəllif Azərbaycan xanlıqlarını fars (persiyan) kimi təqdim edir. Ancaq farslar arasında heç vaxt xanlıq anlayışı və ənənəsi olmayıb. Ümumiyyətlə, o vaxt tarixdə İran adlı dövlət yox idi. Həmin ərazidə yüzdə yüz türk olan Qacarlar sülaləsi hökmranlıq edirdi. Bəllidir ki, Qacarlar və ya Qacarlar sülaləsi 1796-1925-ci illərdə hazırkı Azərbaycanın və İranın ərazilərində hakimiyyətdə olublar. Bu dövlət İran yox, Qacarlar dövləti adlanırdı.

Təəssüf ki, müəllif 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən söhbət açmır. Həmin müqavilə Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilirlər. Kürəkçay müqaviləsi son dərəcə önəmli bir sənəddir. Çünki bu sənəddə birmənalı olan fakt odur ki, Qarabağın sahibi azərbaycanlılardır. Məhz azərbaycanlıların xanı ilə Rusiya dövləti müqavilə bağlayır. Məntiqlə ermənilər Qarabağda güc sahibi olsaydı Rusiya onlarla rəsmi müqavilə imzalayardı.

Almaniyalı müəllif qeyd edir ki, XIX əsrdə Rusiyanın ermənilərə yönəlik siyasətində qarışıqlıq vardı. Belə ki, Rusiyalı ruhanilər erməniləri xristianlığı parçalayan təfriqəçi hesab edirdilər. Rusiyanın gizli xidmət orqanları isə erməniləri inqilabçı sayırdı. Belə qarışıqlıqdan dolayı “Ermənisiz Ermənistan” ifadəsi ortaya çıxmışdı. Bu ifadə ilk dəfə Rusiyalı diplomat Aleksey Lobonov-Rostovski tərəfindən işlədilmişdi. 1882-ci ildən sonra Rusiya Cənubi Qafqazda zorakılığa söykənən coğrafi və etnik reallıqları nəzərə almayan siyasət yeridirdi. Bu da Rusiyanı xilaskar hesab edən ermənilər arasında ruslara olan inamı sarsıdırdı.

Söhbət açdığımız məqalədə bizim üçün önəmli olan məqamlardan biri İrəvan xanlığı ilə bağlıdır. Yuxarıda vurğuladıq, xanlıq klassik türk dövlət idarəçiliyi formasıdır. Xanlığın farslarla heç bir əlaqəsi yoxdur. Ermənilərin isə xanlıqdan danışması ümumiyyətlə, mümkün deyil. Əgər İrəvan xanlığı ərazisində ermənilər söz sahibi olsaydı məhz onlara məxsus dövlət qurumu olardı və həmin dövlətin rəhbərliyi Rusiya ilə anlaşma əldə edərdi. Ancaq tarixdə belə bir şey olmayıb.

Belə ala-yarımçıq da olsa Almaniya mətbuatında Azərbaycan xanlıqları haqqında məlumatın verilməsi, xüsusən Qarabağ və İrəvan xanlıqlarının adının çəkilməsi müsbət hadisədir. Ümid edək ki, Almaniyada Azərbaycan tarixinə maraq göstərən alimlərin sayı bundan sonra daha da çoxalacaq. Bunun üçün isə Azərbaycan güclü dövlət olmalıdır. Yalnız güclü dövlət özünə güclü maraq yaratmağa qadirdir.

Elbəyi Həsənliшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.