Bakının müharibə yolunu seçməsinin səbəbi... - Professor

3-02-2021, 08:19           
Bakının müharibə yolunu seçməsinin səbəbi... - Professor
Beynəlxalq sistemin “ərköyün uşağı” olan Ermənistanın əvvəlcə 2020-ci il iyulun 12-də, sonra isə sentyabrın 27-də həyata keçirdiyi hücum və təxribatlar Azərbaycanı cavab verməyə məcbur etdi. Yəni, Azərbaycanın müharibə yolunu seçməsinin səbəbi Qarabağ münaqişəsinin mövcud vəziyyəti ilə bağlı idi. Çünki Ermənistanın təxribatları hücumları xaricində münaqişə demək olar ki, “dondurulmuş” vəziyyətdə idi. Bu isə torpaqlarının bir hissəsi uzun illər Ermənistan tərəfindən işğal edilən Azərbaycan üçün bu işğalın leqallaşdırılmasından başqa bir şey demək deyildi.

Axar.az xəbər verir ki, bunu türkiyəli professor Mətin Aksoy bildirib.

"Azərbaycanın münaqişəni həll etmək üçün beynəlxalq cəhdləri bir sıra dövlətlərin Cənubi Qafqazdakı maraqlarına görə nəticəsiz qaldı. Bu da artıq Azərbaycanın öz torpaqlarını qaytarması üçün müharibədən başqa yol qalmadığına işarə edirdi. Bundan əlavə, Azərbaycan artıq 20 ildən çoxdur ki, Türkiyənin də dəstəkləri ilə ordusunu təkmilləşdirmək yolunda iri addımlarla irəliləyirdi. Azərbaycanın torpaqlarını qaytarması üçün seçdiyi vaxt da son dərəcə vacib idi. Ermənistandan fərqli olaraq, Azərbaycan dəyişən qlobal və regional tənliyi olduqca yaxşı təxmin etmişdi. Ermənistan hər zaman olduğu kimi, bu savaşda da ona yaxın ölkələrdən dəstək gələcəyini hesablamışdı. Lakin bu, belə olmadı.

Bu məsələnin digər hissəsi isə ötən zaman ərzində Azərbaycanın dünyanın lider ölkələri ilə əlaqələrini yaxşılaşdırması, ticarətinin həcmini artırması idi. Bundan əlavə, Ermənistanın dəstəklənməsi bu dəstəyi verən ölkələrin Azərbaycanla çox sıx bağları olan Türkiyəni də qarşılarında görməsi ilə nəticələnə bilərdi. Bütün bu amilləri göz önünə gətirdikdə, yaranan müharibə vəziyyətində Ermənistanın lehinə işləyən köhnə şərtlərin artıq mövcud olmadığını görmək mümkün idi. Bütün bu səbəblər Azərbaycanın torpaqların qaytarılması istiqamətində yürütdüyü siyasətin hədəflərinin reallaşmasına kömək etdi.

Bununla da sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində başlanan qarşıdurma noyabrın 9-da imzalanan atəşkəslə sona çatdı. Azərbaycanın 28 il əvvəl Ermənistan tərəfindən işğal edilən torpaqları bu müharibədən sonra öz sahibinə qayıtdı", - Aksoy qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.