COVID-19-un mənşəyi araşdırıldı: Virusun labaratoriyadan sızdığı istisna edilmir
4-02-2021, 00:00
İngilis alim Peter Daszak tədqiqatçıların əvvəllər heç kimin görmədiyi məlumatları aldıqlarını söyləyib
Çinin Uhan şəhərində COVID-19-un mənşəyini araşdıran dünya mütəxəssisləri qrupu, virusun laboratoriyadan sızması ehtimalını istisna etməyib. AYNA xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adından çalışan mütəxəssislər Çinin bir il əvvəl koronavirus epidemiyasının mərkəzinə çevrilən böyük bir virus tədqiqat laboratoriyasında araşdırmalarını başa çatdırıblar. Bir qrup elm adamı, bu günə qədər dünya səviyyəsində 2,2 milyondan çox insanın ölümünə səbəb olan xəstəliyə ilk şəxsin necə yoluxduğunu öyrənmək üçün yaxşı qorunan Uhan Viroloji İnstitutunda dörd saata yaxın vaxt sərf ediblər.
İngilis alim Peter Daszak tədqiqatçıların əvvəllər heç kimin görmədiyi məlumatları aldıqlarını söyləyib. O, hər şeyin boş yerdən yaranmadığını vurğulayıb. Uhan laboratoriyası 2019-cu ilin sonunda meydana çıxan virusun daxili sızma ilə əlaqəli olduğu iddialarını təkzib etsə də, ölkəyə gəldikdən sonra ilk müsahibəsində Daszak belə bir halın istisna edilmədiyini deyib.
Qeyd edək ki, Çin epidemiyanı gizlətmək, həyəcan siqnalı qaldırmağa çalışan həkimləri susdurmaq və baş verənlər barədə dünyaya gecikmədən məlumat verməməkdə günahlandırılır. Bununla yanaşı, rəsmi Pekin virusun mənşəyi ilə bağlı xarici araşdırmaya maneə törətməkdə qınanılır.
Xatırladaq ki, Uhan laboratoriyası 2003-cü ildə mediada SARS olaraq adlandırılan kəskin tənəffüs sindromunun (SARS) başlamasından sonra tikilib.