Vaksinin ikinci dozasından sonra yoluxma: Buna da bazar qərar verir?

4-02-2021, 00:01           
Vaksinin ikinci dozasından sonra yoluxma:
ATU-nun dosenti Ədalət Rüstəm: "Hələ bir aydan sonra biz biləcəyik ki, bu vaksinin effekti var, yoxsa yox".
Peyvəndin ikinci dozası vurulan insanlarda yoluxma halının qeydə alınması pandemiyanın başa çatmasına olan ümidləri azaldır. Məlumatlara görə, artıq İsraildə Pfizer/BioNTech peyvəndinin ikinci dozası vurulmuş şəxslərdən 20-si koronavirusa yoluxub. Azərbaycanda yanvar ayının 18-dən COVID-19 infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsinə start verilib. Sputnik Azərbaycan ölkəmizdə vaksin vurulmuş şəxslərdə yoluxma ehtimalının nə dərəcədə olduğunu araşdırıb.

Öncə qeyd edək ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı Çinin "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksini tətbiq edilir. Odur ki, mütəxəssislər peyvəndlərin təsirinin istehsalına görə dəyişəcəyini istisna etmirlər.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ikinci dozadan sonra virusa yoluxmanın baş verəcəyi inandırıcı deyil. Onun sözlərinə görə, bu, vaksin istehsal edən əczaçılıq şirkətlərinin bazarda apardığı qeyri-sağlam rəqabətin nəticəsi də ola bilər: "Əczaçılıq şirkətləri bir-biriləri ilə saxta rəqabət aparırlar. Ola bilər ki, ikinci dozadan sonra yoluxma da saxta peyvənddən sonra baş verib. Amma Azərbaycanın COVID-19 infeksiyası əleyhinə aldığı vaksin ən bahalı peyvənddir. Bu vaksindən indiyədək ciddi ağırlaşma halları olmayıb".

Ə.Rüstəm özü də vaksin olunduğunu bildirib:

"Biz indidən vaksindən sonra yoluxmadan danışa bilmərik. Çünki Azərbaycanda vaksinin vurulmasının hələ birinci mərhələsi başa çatmayıb. Vaksin vurulduqdan bir ay sonra qanda virusa qarşı anticisim yaranır. Nəzərə alınmalıdır ki, birinci mərhələdə vurulan vaksin azaldılmış dozadır. Hələ bir aydan sonra biz biləcəyik ki, bu vaksinin effekti var, yoxsa yox. Mən vaksin vurdursam da 20 gün ərzində yoluxa bilərəm. Yoluxmanı azaltmaq üçün ikinci əsas doza vurulmalıdır. İkinci doza vurulduqdan bir ay sonra yoluxma 0-a düşəcək".
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da mətbuata açıqlamasında bildirmişdi ki, COVID-lə mübarizədə bizim bütün ümidimiz vaksindir: "Azərbaycana gətiriləcək peyvəndə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin belə sehrli çubuq deyil. Bir insan peyvənd vurdurursa, onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq. Birinci doza vurdurduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir. Hamımız əlbir olub özümüzü qorumalıyıq. Çünki birinci dozanı alıb, ikinci doza alana qədər, yəni onda immunitet yaranana qədər təhlükədə olacaq. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır".

Digər mütəxəssislər isə Azərbaycanda ikinci dozadan sonra yoluxmanın olub-olmayacağını söyləmək üçün müəyyən zaman gözləməli olduğumuzu bildirirlər. Professor Adil Qeybulla deyir ki, vaksinin birinci dozasından 42 gün sonra qanda virus əleyhinə antikor yaranır: "Vaksinin ikinci dozası birinci dozadan 21 gün sonra vurulur. Ona görə də qanda COVID-19 əleyhinə lazımi immunitet formalaşanadək yoluxma riski var".

Qeyd edək ki, indiyə qədər Azərbaycanda 50 minə yaxın vətəndaş peyvənd olunub. Onların əksəriyyəti səhiyyə işçiləridir. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

O ki qaldı COVID-19 infeksiyası əleyhinə vaksinin ikinci dozasından sonra yoluxma hadisələrinə, mütəxəssislər bu faizin yüksək olmadığı qənaətindədirlər. İsrailin "Maccabi" Səhiyyə Xidmətinin apardığı araşdırmalardan sonra məlum olub ki, Pfizer/BioNTech peyvəndinin ikinci dozası ilə vaksinasiya olunmuş 128 min 600 nəfərdən cəmi 20-sində virusa yoluxma halı müəyyən olunub. Bu isə ümumilikdə, 0,015 faiz təşkil edir. Yoluxma halları peyvəndin ikinci dozası vurulandan bir həftə sonra qeydə alınıb. Sözügedən araşdırmanın aparılmasında iştirak etmiş şəxslərdən biri olan Anat Ekka Zohar yerli mətbuata açıqlamasında bildirib ki, peyvənddən sonra virusa yoluxanlar xəstəliyi yüngül keçiriblər. Belə ki, həmin insanların heç birində hərarət 38,5 dərəcədən yüksək olmayıb və onlar xəstəxanaya yerləşdirilməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.