Nizami Gəncəvini Koreya ilə bağlayan nədir? - Dahi şair haqqında bilmədikləriniz
3-02-2021, 22:48
“Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan hər hansı bir poemaya baxsaq, müəllifin dünyanın müxtəlif xalqlarının ədəbiyyat nümunələrinə dərindən vaqif olduğunu görərik. Ümumiyyətlə, Nizami özü də əsərlərində qeyd edir ki, bir neçə dil bilib, ərəb, fars, yunan, xristian mənbələri ilə tanış olub. Əsərlərində bu qaynaqlara etdiyi müraciətlər də şairin mütaliə dairəsinin geniş olduğunu göstərir”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, nizamişünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə bildirdi.
Filologiya üzrə fəlsəfə doktorunun sözlərinə görə, Nizami dünya ədəbiyyatının ən mütərəqqi nümunələrindən yaradıcı şəkildə bəhrələnib.
“Məxzənül əsrar”da “Kəlilə və Dimnə”, “Xosrov və Şirin”də Firdovsi “Şahnamə”si, “Leyli və Məcnun”da ərəb rəvayətləri, “İskəndərnamə”də “Psevdo-Kallisfen” və sair mənbələrin təsirini az və ya çox dərəcədə hiss edirik.
“Lakin Nizaminin “Yeddi gözəl” poeması dünya xalqlarının söz sənətinin nadir incilərinin yeni rakursda təqdimi ilə daha çox seçilir. Bu əsər dünya ədəbiyyatından seçmələrin vahid süjetə tabe edilmiş ilk unikal təqdimidir.
Heç təsadüfi deyil ki, ədəbiyyatımızda ideya və kompozisiya xüsusiyyətləri ilə yeni bir üslubun əsasını qoymuş “Həft peykər” məsnəvisi Avropadan Hindistanadək kifayət qədər böyük coğrafi arealda yayılıb, Nizamidən sonra gələn sənətkarların yaradıcılığına nüfuzedici təsir göstərib.”
Bundan başqa Əzizağa Nəcəfzadə bildirdi ki, poemanın ümumi süjetinə bir-birindən maraqlı yeddi hekayət daxil edilib.
“Onlardan diqqəti daha çox cəlb edənlərdən biri də “Altıncı iqlim padşahının qızının hekayəti”dir. Bəli, elmi ədəbiyyatda bu hekayə “Xeyir və Şər” adı ilə də tanınır. Bu parçanın əsas ideyası xeyir və şər qüvvələrin mübarizəsi, xeyrin şər üzərində qələbəsidir.
Ədəbiyyatşünaslar və filosoflar şairin bu hekayəni qələmə alarkən daha çox zərdüştlükdən qaynaqlandığını, bu motivin “Avesta”dan gəlmə xeyir və şər başlanğıcının əbədi mübarizəsindən doğduğunu düşünür.
O zaman bir sual doğur: - Bəs niyə görə hekayəni “dargözlü Çin yetirməsi”, “çinli banu” nəql edir? Yaxud Nizami niyə görə bu hekayəni Azərbaycanın da daxil olduğu və zərdüştlüyün daha geniş yayıldığı dördüncü iqlim məlikinin qızının dilindən deyil, altıncı iqlim padşahı qızının ağzından təqdim edir?
“Çin qızı söylədi: – İki növcavan, Başqa bir şəhərə oldular rəvan”. Maraqlıdır, niyə məhz çin qızı?
Bu suala cavab axtararkən müqayisəli ədəbiyyatşünaslıq köməyimizə gəlir. Məsələn, Koreya nəsrinin xalq ədəbiyyatı motivləri əsasında qələmə alınan “Çok Sonıy” povestinin məzmununa diqqət edək. XIX əsr Koreya ədəbiyyatının nadir nümunələrindən olan bu povest iki qardaş haqqında catakların süjeti əsasında yaradılıb.
Süjetin ana xəttini Uzaq Şərqin ruhani ədəbiyyatında geniş yayılmış xeyrin dostu və şərin dostu olan iki qardaşın xalqın rifahı və ölkəyə əmin-amanıq gətirmək məqsədi ilə səfərə çıxması motivi təşkil edir.
Əsərin qısa süjeti belədir. Şərin dostu qardaşının əldə etdiyi uğuru həzm edə bilməyib, onu kor edir, kimsəsiz çöldə tək qoyub gedir. Müxtəlif sərgüzəştlərdən sonra xeyrin dostu olan qardaş yaxşı insanların köməyi ilə şikəstlikdən qurtulur, vətənə qayıdır və əldə etdiyi mirvari yurdunun çiçəklənməsinə, şahzadə qızı xəstəlikdən qurtulmasına səbəb olur. O, şər tərəfdarı olan qardaşını bağışlasa da, sonda şərin tərəfdarı yenə də cəzasına çatır.”
Qeyd edək ki, belə olan halda çoxları düşünə bilər ki, Nizami bu əsərin sujetində Koreya ədəbiyyatından bəhrələnib. Amma..
“Xeyir, elə deməzdim. Məsələni belə sərt qoymaq olmaz. Görkəmli şərqşünas Adelaida Fyodorovna Troseviçi göstərir ki, bunun kimi sosial problemlərin qoyuluşu və həllinə kifayət qədər yer ayrılan Koreya povestlərinin əksəriyyəti buddist süjetlər bazasında qələmə alınan əsərlərdir.
Haqqında danışdığımız povest də bu qəbildəndir. Məlumdur ki, buddist fəlsəfəsi ilə hind süjetləri yaxın ölkələrin milli ədəbiyyatına keçib. Koreya ədəbiyyatında kifayət qədər məşhur olan “Möcüzəvi mirvari” adlı topluya daxil edilmiş “Xeyrin dostu və şərin dostu olan iki şahzadə qardaş haqqında” povest də buddist cataklardan bəhrələnməklə, daha doğrusu, onların ixtisarı nəticəsində yaradılıb.
Nizaminin mütaliə dairəsi geniş idi. Onun yaşadığı dövrdə Gəncə İpək yolunun üzərində yerləşən, inkişaf etmiş bir şəhər idi. Zəngin kitabxanası var idi. Tacirlər də ravilərdən eşitdikləri maraqlı süjetlərin bir yerdən başqa yerə daşınmasında aktiv iştirak edirdi. Beləcə ayrı-ayrı süjetlər, motivlər yayılır, bir xalqın ədəbiyyatından digərinə keçirdi.
Yelena Nikolayevna Kondratyeva bu xüsusda bildirir ki, iki qardaş haqqında buddist süjet Uzaq Şərq xalqlarının ədəbiyyatında dəfələrlə rast gəlinir.
O göstərir ki, Koreya yazılı abidələrində dəniz arxasına səyahət süjeti ilk dəfə XV əsrdə zahid Sosil tərəfindən xanmunda, yəni qədim Çin dilinin koreyacalaşmış formasında qələmə alınan “Budda Şakyanın kamilləşməsinin on mərhələsi” adlı mənbədə qeydə alınıb.
Alim eyni süjetlə Koreya dilində olan “Ay əks olunur. Buddanın həyat hekayəsi” adlı başqa bir mənbədə də rastlaşdığını göstərir. Sedjon adlı cəngavər tərəfindən qələmə alınan bu abidə də XV əsrə aiddir. Lakin onun da ilk qaynağı sözsüz ki, şifahi xalq ədəbiyyatıdır.
Beləcə həmin süjetlərin yazılı folklor abidələri vasitəsi ilə Uzaq Şərqdən Yaxın Şərqə, bu yolla da Azərbaycana gəlişi mümkün olub ki, dahi Nizaminin də həmn süjetlə tanış olması növbəti sənət şedevrinin yaranmasına səbəb olub. Böyük ehtimal ki, Nizami “Xeyir və Şər” hekayəsini qələmə alarkən bu ana mənbədən bilvasitə bəhrələnib.
Vasitə qismində çıxış edən ədəbi-bədii qaynaq isə hələlik bizə bəlli deyil”,- deyə Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə müsabihəsini bitirdi.
Anar Rəhimov, Bizim.Media