Rasim Məmmədovun həbsi armatur bazarını canlandırıb - GƏLİŞMƏ
4-02-2021, 10:28
“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri Rasim Məmmədovun saysız-hesabsız qanunsuzluqları cinayət işi çərçivəsində araşdırılır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti(DTX) məlumat yayıb. Rəsmi məlumata görə, Rasim Məmmədovun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılıb. Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun sədr olarkən öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
55 milyon manatlıq mənimsəmədə ittiham edilən Rasim Məmmədovun metallurgiya sahəsində çalışmış iş adamlarına qat-qat artıq məbləğdə ziyan vurduğu da gizli deyil. İstintaqın gedişində Rasim Məmmədova qarşı irəli sürülmüş ittihamın vurulmuş ziyanla bağlı hissədə dəyişəcəyi, artacağı da gözlənilir.
Rasim Məmmədov 2007-ci ildən başlayaraq Azərbaycanda metallurgiya sənayesinin çökdürülməsinə yönəlmiş fəaliyyətlə məşğul olub. Xırda sexlərdən tutmuş metallurgiya sənayesinin əsas istehsal müəssisələri, zavodlarına qarşı reyder hücumlara başlayıb. Nəticədə hər ötən il Azərbaycanda metallurgiya ilə məşğul olan iş adamları, xırda sex sahibləri belə sıradan çıxarılıb. Reyder hücumları nəticəsində Rasim Məmmədovun başçılıq etdiyi “Baku Stell Company” metal bazarında inhisarçı mövqeyə çıxıb. Bu isə öz növbəsində tikinti sektorunun Rasim Məmmədovun şıltaqlıqları ilə qarşı-qarşıya qalmasına yol açıb.
Bakının məşhur tikinti bazarının yerləşdiyi Dərnəgüldə sorğuladığımız bir neçə satıcı deyib ki, Rasim Məmmədovun həbsi haqda eşidiblər.
“Rasim Məmmədovun vaxtında bazara ”Baku Stell Company" istehsalı olmayan armatur gəlmirdi. Belə kimsə ordan-burdan köhnə armatur alıb satırdı. Rasim də nə qiymət istəyirdi, onu da qoyub satırdı. Alıcı da məcbur olub onun bazara çıxardığını alırdı. İndi vəziyyət dəyişib, başqalarının da malları gəlib. Armatur bazarında vəziyyət stabilləşir" - deyə Məmməd adlı satıcı bildirdi.
Yaxınlıqda armatur satışı ilə məşğul olan Həsən adlı satıcı da deyir ki, illərdir “Baku Steel Company” armaturlarının topdansatışı ilə məşğuldur: “Bax bu armatur 12-likdir, 1 manat 20 qəpiyədir metrəsi. 14-lük 1 manat 86 qəpiyə, 16-lıq 2 manata, 18-lik 2 manat 50 qəpiyə, 20-lik 2 manat 90 qəpiyədir. Sertifikatı olan sex mallarımız da var. Sex malları yarıbayarı ucuzdur. Armatur 8-lik - metrəsi 55 qəpiyədir, 10-luq 68 qəpiyə, 12-lik 75 qəpiyə, 14-lük 1 manat 10 qəpiyə, 16-lıq 1 manat 39 qəpiyə, 18-lik 1 manat 72 qəpiyə, 20-lik 2 manat 7 qəpiyədir. Hamısı da sertifikatlı mallardır. Sadəcə, ”Baku Stell Company"nin adı çıxıb, illərdir ki, bazarda onların malını satdırırlar. Başqaları gələndə başlarına oyun açıb, qaçırırlar. Yəqin bundan sonra bazarda qiymətlər həm ucuzlaşar, həm də stabil olar. Yoxsa bir gün bu qiymətdir, sabah bir başqa qiymət qoyurdular. Danışanda da mal vermirdilər, alıb satmağa başqa yer də yox idi".
Satıcılar digər istehsalçıların armaturlarının 1 tonunun qiymətinin 800-850 manat arasında dəyişdiyini, “Baku Stell Company” istehsalı olan armaturun isə 1 tonunun 1100 manata satıldığını deyiblər.
“Yeni Müsavat”