Məmurlara 3 aya tətbiq olunacaq qanun 16 ildir gecikir: - “Çünki milyonluq evlərdə yaşayır, 100 minlik avtomobil sürürlər”

4-02-2021, 13:59           
Məmurlara 3 aya tətbiq olunacaq qanun 16 ildir gecikir: -
Azərbaycanda dövlət qurumlarında korrupsiya, qanunsuz mənimsəmələr, rəqəmlərin şişirdilməsi, büdcədən ayrılan vəsaitlərin qeyri-şəffaf xərclənməsi kimi halların olması artıq rəsmi olaraq etiraf olunur.

Müzakirələrdə, müşavirələrdə bu kimi hallarla bağlı iradlar səslənir. Eləcə də vəzifəsindən kənarlaşdırlan, bəzən isə vəzifədə olan məmurlar əmlaklarının siyahısı mətbuat orqanlarında, sosial şəbəkələrdə yer alır. Siyahının uzunluğu isə sadə vətəndaşlarda heyrət doğurmaya bilmir.

Məlumdur ki, dünyanın əksər inkişaf etmiş ölkələrində dövlət qulluğunda çalışan şəxslərin gəlirləri cəmiyyətə açıqlanır. Azərbaycan qanunvericiliyində də bu məsələ öz həllini tapıb. Hələ 2005-ci ildə "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunun tətbiqi isə 16 ildir ki, gecikir.

Ötən müddət ərzində bu məsələ dəfələrlə gündəmə gəlib. Hökumətin bir sıra sahədə islahatlar apardığı, şəffaflığın təmin olunmasında maraqlı göründüyü son illərdə isə adı qısaca olaraq “gəlir deklorasiyası” qanunu adlandırılan qaydaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

Bəs bu qanun indi niyə öz tətbiqini tapmır?

İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, gəlir deklorasiyasının təqdim edilməsi haqqında nəinki çoxdan qanunvericilik hazırlanıb, hətta Nazirlər Kabinetinə bu qaydaların işləməsi üçün mexanizmlərin yaradılması üçün 3 ay vaxt verilib:

"Amma indi bundan 3 ay yox, 16 ilə yaxın bir vaxt keçir. Qaydalar tətbiq olunmayıb, belə bir sistem də yaradılmayıb. Təbii ki, buna səbəb maraq qruplarının olmasıdır. Əgər bununla bağlı hakimiyyət tərəfindən hansısa addımlar atılmırsa, deməli maraq qrupları buna mane olur. Çünki onlar gəlir deklorasiyasını elan etsələr məlum olacaq ki, illik gəliri 10-15 min manat olan məmur milyonlarla dəyəri olan evlərdə yaşayır, 100 minlərlə dəyəri olan avtomabillər sürür. Qaydaların tətbiqinə maneəçiliklərin yaradılması sistemli şəkildədir. Əks təqdirdə, çox qısa zaman müddətində bu qaydaları tətbiq edərdilər”.

İqtisadçı hesab edir ki, gəlir deklorasiyası qaydalarının təsdiq olunması üçün örnək addımların atılmasına ehtiyac var:

“Ölkə rəhbərliyi birbaşa bu məsələyə müdaxilə edib, özü ilk olaraq gəlir deklorasiyasını açıqlasa, bu digər məmurlara da dərs və örnək olar. Məcburiyyətdən bu addımın atılması üçün şərait yaradılardı. Nə qədər ki, maraq qruları mövcuddur, bu qərarın tətbiqində kifayət qədər əngəllərlə qarşılaşacağıq”.

Natiq Cəfərli qeyd etdi ki, gəlir deklorasiyası ilə bağlı məsələ uzun müddət Rusiyada da müzakirə olunub:

“Amma bir neçə il öncə Baş nazir və Prezident öz deklorasiyalarını açıqladılar. Təqribən 6-7 ildir ki, Rusiyada hər il mart-aprel aylarında gəlir dekolorasiyalarının açıqlanması ənənəsi yaranıb”.

İqtisadçı bildirir ki, bu qaydaların tətbiqi baş tutarsa, bir sıra neqativ halların qarşısı alınar:

“Artıq bir sıra məmurlar qanunları o dərəcədə heçə sayırlar, o qədər cəzasızlıq mühiti formalaşıb ki, təxminən 10-15 il əvvəl məmurlar daşınan, daşınmaz əmlaklarını yaxın qohumlarının adlarına rəsmiləşdirirdilərsə, indi çəkinmədən ya birbaşa öz adlarına, ya da həyat yoldaşlarının adına rəsmiləşdirirlər. Bu qaydalar qəbul olunarsa, bilərdik ki, rəsmi şəkildə kimin nəyin var və kim hansı maaşla, gəlirlə bugünkü həyat şəraitini formalaşdırıb. Bu bir düzən yaradar, ən azı məmurların etk qaydalara riayət etməsinə səbəb olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.