Əyani dərslərlə bağlı qərarı kim verib?: “ Yazılışda səhv olub” - Nazirlik qalmaqala aydınlıq gətirdi
4-02-2021, 18:02
Məlum olduğu kimi, V-IX siniflərdə, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə əyani dərslərin davam etdirilməsi ilə bağlı qərar verilib.
Qeyd edək ki, həmin qərarla bağlı yayılan xəbərin başlıq hissəsində bildirilir:
“Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq aşağıda qeyd edilmiş qaydada davam etdiriləcək”.
Məsələ ilə bağlı bu gün Təhsil Nazirliyi “Facebook” rəsmi səhifəsində canlı yayın təkil edərək sualları cavablandırıb. Ancaq canlı yayım yarımçıq kəsilib.
Cebhe.info-ya daxil olan məlumatda bildirilib ki, qərar Nazirlər Kabinetinin narazılığına səbəb olub. Belə ki, ölkəmizdə pandemiya yayılmağa başlandığı zamandan etibarən bu cür qərarların verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə verilib. Fevralın 1-də ibtidai siniflərdə tədrisin əyani formada bərpasına dair qərar də məhz Qərargah tərəfindən elan olunmuşdu.
Məsələ ilə bağlı Cebhe.info-nun suallarını cavablandıran Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu dəfə də qərarı Operativ Qərargah verib: “Təhsil Nazirliynin təkliflərini nəzərə alıb, yenə də qərarı Operativ Qərargah verib”.
Yayılmış rəsmi xəbərdə Operativ Qərargahın adının olmamasına gəldikdə isə nazirlik rəsmisi bildirib ki, xəbərin giriş hissəsi geniş olduğuna görə, yazılışda səhv olub.