Niyə bu universitet Bakıda tikilir? – Ekspertlər
5-02-2021, 00:08
İtaliya-Azərbaycan Universitetinin yaradılması və bunun üçün artıq Bakıda yer ayrılması barədə xəbər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
İqtisadçı ekspert Natiq Cəfərli universitetin təhsilimizin inkişafında mühüm rol oynayacağını qeyd edərək, onun işğaldan azad edilmiş torpaqlarda tikilməsinin tərəfdarı olduğunu bildirib. O, həmin torpaqlarda tələbə şəhərciyinin salınmasının həm əlavə iş yerləri, həm iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Təhsil eksperti Kamran Əsədov da saytımıza açıqlamasında qeyd edib ki, sözügedən universitetin bölgədə inşası ali təhsil müəssisələri arasında rəqabət mühitini formalaşdırar:
“İtaliya universitetlərinin əksəriyyəti dünya reytinqində ilk yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Bundan başqa hazırda İtaliyada 5 min azərbaycanlı gənc ali təhsil alır. Bütün sahələrdə bizimlə əməkdaşlıq münasibətində olan ölkənin Azərbaycanla ortaq ali təhsil müəssisəsi yaratması müsbət addımdır. Onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Hesab edirəm ki, bu tip universitetlər işğaldan azad edilmiş hər bir şəhərdə qurulmalıdır. Bu, insanların məskunlaşması üçün də çox vacibdir. Hazırda Bakı şəhərində sıxlıqdır. Ölkədə kampusu olan universitetlərə ehtiyac var. Kampusda açıq və qapalı futbol meydançası, açıq hava kinoteatrı və tədbirlər məkanı, voleybol, basketbol meydançaları, rəqs zalları, kiçik tennis zalı, müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar və s. imkanlar həmin universitetin tələbələrinin ixtiyarına verilməlidir. Bakıda isə bu qeyd olunanları yaratmaq üçün imkan yoxdur. Burada Avropa və dünyanın ən qabaqcıl universitetlərinin tələbə şəhərcikləri səviyyəsində müasir standartlara cavab verən bütün şərait yaradılmalıdır ki, xarici ölkələrdən də tələbə qəbulu həyata keçirilə bilsin”.
Qeyd edək ki, məsələ ilə bağlı Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib.