"Ürəyimin 3-4 barmaq yuxarısından güllə dəyib, "yüngül yaralı" yazıblar" –
5-02-2021, 16:04
"Mənim ürəyimin 3-4 barmaq yuxarısından güllə dəyib. Yüngül yaralı yazıblar. Özüm ondan-bundan borc alıb “Papanin”ə gəlmişəm. Atam-anam da yoxdur, boşanıblar. Nənəm mənə analıq edib, baxıb, böyüdüb. Amma burada heç bir həkim mənə baxmadı. Hamısı pul istəyir. Mənim pulummu var?".
Bu sözləri Yeniavaz.com-a danışan Qazax rayonun Çaylı kənd sakini, Vətən Müharibəsi qazisi 19 yaşlı İlkin Kosayev deyib. O bildirib ki, səhhətində ciddi problemlər olduğu halda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında heç bir həkim onu müalicə etməyib:
“2019-cu il oktybarın 21-də - ad günümdə hərbi xidmətə yollanmışam. 2020-ci il oktyabrın 21-də - ad günümdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə yaralanmışam. Bir gün orada yaralı qaldım, qolumdan xeyli qan axdı. Qanımı görüb öz-özümə gülürdüm. Gətirmək istəyirdilər, gəlmirdim. Özümdən asılı deyildi. Başımdan travma almışdım. Yaralandıqdan sonra məni Şəkidə əməliyyat etdilər. Sonra da oradan Qax rayonuna gətirdilər. Ürəkgetməm var. Çox danışa bilmirəm. Tez-tez əsəbləşirəm, travmam var. Sol gözümdə zəifləmə var, baxan yoxdur. Heç icra nümayəndəmiz indiyə kimi qapımızı açmayıb, maraqlanmayıb. Getmişən “Papanin”ə, baxan yoxdur. Biz gedib onlar üçün döyüşmüşük. Bütün hərbçilərimiz qalıb qapının ağzında. Ayağı olmayanlara yer verən yoxdur”.
İlkinin himayəsində böyüdüyü nənəsi Məryəm Kosayeva isə bildirib ki, nəvəsinin səhhətindən nigarandır və ona əlillik dərəcəsinin verilməyini istəyir:
“Qolunu işlədə bilmir, başında travması var. Yetimliklə baxıb böyütmüşəm. Mən bu gün varam, sabah yoxam. Kim baxacaq ona? Niyə əlillik dərəcəsi verilmir? Hərbi xidməti bitirməyinə 1 ay qalıb. 1 aylıq məzuniyyət veriblər. Tərxis etmirlər. Niyə?!”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
İ. Kosayev yaralandıqdan sonra həkimlər tərəfindən çiynindən qəlpənin çıxarılma anının görüntülərini də redaksiyamıza təqdim edib.