“Kölgə iqtisadiyyatı”nın baş memarı da həbs olunacaq? - İzlər Fazil Məmmədova aparır...
5-02-2021, 17:05
Ölkəmizdə vəzifə səlahiyyətlərindən sui-istifadə edən, korrupsiya əməllərinə yol verən məmurlara qarşı hüquqi tədbirlər gücləndirilib. Həm Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı tədqiqatlar göstərir ki, rəhbər vəzifələrdə çalışan bəzi şəxslərin fəaliyyətində çoxsaylı qanun pozuntularına rast gəlinir.
Bir neçə rayonun icra başçısının, müxtəlif sahələrə aid olan yüksək çinli məmurun cinayət məsuliyyətinə cəlb edilməsi korrupsiya, rüşvət tələb etmə hallarının çox olmasının göstəricisidir.
Vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına qarşı mübarizə tədbirləri ilk vaxtlar həmin dövrdə vəzifədə çalışan şəxslərlə bağlı həyata keçirilirdi. Lakin sonralar aparılan tədqiqatlar nəticəsində əvvəllər rəhbər vəzifələrdə çalışmış çəxslər də hüquqi məsuliyyətə cəlb edilməyə başlanılıb ki, bununla istintaqa cəlb edilən şəxslərin siyahısı genişlənir. Eyni zamanda istintaqa cəlb edilənlər arasında sadəcə yerli icra orqanlarının əməkdaşları deyil, mərkəzi icra hakimiyyətinin nümayəndələri də var.
Sfera.az-ın məlumatına görə yaxın müddətdə istintaqa cəlb edilən korrupsioner məmurların sayı artacaq. Onların arasında korrupsiya hallarında adı daha çox hallanan dövlət qurumlarında əvvəllər çalışan yüksək vəzifəli şəxslərin olması ehtimalı güclüdür. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət məsuliyyətinə cəlb edilməsi də bunu təsdiq edir.
Azərbaycanda uzun müddət adı korrupsiya, rüşvət anlayışları ilə paralel çəkilən əsas dövlət qurumlarından biri Vergilər Nazirliyi olub. Bu qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi çoxlu sayda fiziki və hüquqi şəxslərlə təmasları olub, hər il milyardlarla manat həcmində vəsait toplayıb. Vergilər Nazirliyi mövcud olduğu dövrdə korrupsiya əməllərini genişləndirməklə iqtisadiyyatda şəffaflığın qarşısını alıb, kölgə iqtisadiyyatının miqyasını genişləndirib. Bu prosesdə 17 il Vergilər Nazirliyinə rəhbərlik edən Fazil Məmmədovun "xidmətləri” hamıdan yüksəkdir.
2017-ci ilin sonlarında F.Məmmədov vəzifəsindən azad edilib. Onun bu vəzifədən azad edilməsinə səbəb islahatlara maneçilik yaratması, əvvəlki idarəetmə üslubunun saxlanması cəhdi idi. O, kölgə iqtisadiyyatının "baş memarı” və əsas "rəhbər”lərindən biri kimi tanınırdı. Buna görə də Vergilər Nazirliyində 2017-ci ilin əvvəllərindən islahatalar aparılsa da kölgə iqtisadiyyatının miqyasını kiçiltmək mümkün olmadı. Yalnız nazirin dəyişdirilməsindən və Mikayıl Cabbarovun bu vəzifəyə təyin edilməsindən sonra gizli iqtisadiyyata qarşı mübarizə gücləndirildi. Yeni şəxslə gələn yeni yanaşma təsdiq etdi ki, ucuz illər vergi yığımlarının az olmasının, kölgə iqtisadiyyatının miqyasının böyük olmasının əsas səbəbi F.Məmmədovla bağlıdır.
M.Cabbarovun təyinatından sonra Vergi Xidmətinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə təmin edilən gəlirlər davamlı artdı. 2019-cu il üçün 4,98 milyard manat məbləğində müəyyən edilən proqnoz 5,43 miilyard manat və ya 9,1% çox icra olundu. İcra səviyyəsi 2017-ci və 2018-ci illərlə müqayisədə müvafiq olaraq 4,7% və 9,2% çoxdur.
Böyük ehtimalla F.Məmmədovun rəhbərlik etdiyi dövr də yoxlanılacaq və bu dövrdə sahibkarlara, dövlət büdcəsinə dəyən zərər aşkarlanacaq. F.Məmmədovun vəzifəsindən uzaqlaşdırılması onu məsuliyyətdən azad etmir. Tədqiqatlar onun yeyintilərini də gün üzünə çıxaracaq və bu əməllərə hüquqi qiymət veriləcək.
Əgər zamanında vergi sistemində zəruri islahatlar aparılsaydı və korrupsiya əməlləri zəiflədilsəydi həm sahibkarlığın inkişafı üçün imkanlar genişlənərdi, həm də dövlət büdcəsinin gəlirlərinin neft pullarından asılılığı zəifləyərdi.