“İstismar müddəti bitən avtomobillər yığışdırılsın” deyən DEPUTATA CAVAB
5-02-2021, 18:53
Bir neçə gün öncə Milli Məclisin iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev belə bir fikir səsləndirdi. Millət vəkili bildirdi ki, istismar müddəti başa çatan avtomobillər üçün ciddi cərimələr müəyyən edilməlidir. Həsənquliyev fikirlərini belə əsaslandırdı ki, həmin avtomobillər havanı əhəmiyyətli dərəcədə çirkləndirir. Deyəsən, hörmətli millət vəkili ölkə əhalisinin yarıdan çoxunun istismar müddətini başa vuran avtomobilləri idarə etdiyini ya unudub, yaxud da bundan xəbərsizdir.
Bəs görəsən, deputatın səsləndirdiyi fikirlər nə dərəcə realdır? Ümumiyyətlə, ölkədə bütün istismar müddətini başa vuran avtomobilləri cərimələsələr, yaxud yığışdırsalar, bu, hansı problemlərə gətirib çıxarar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, istismar müddətini başa vuran avtomobillərin hamısını sərt tədbirlər görərək birdəfəlik yollardan çıxarmağa cəhd etsək, o zaman həm mobillik, həm də logistika ilə bağlı çox ciddi problemlər yaranar:
“Həm yük, həm avtobus, həm də fərdi minik avtomobilləri arasında belə nəqliyyat vasitələri çoxluq təşkil edir. Ona görə də, standarta uyğun gəlməyən avtomobillərin yığışdırılması yük və sərnişinlərin daşınmasında, eləcə də, insanların fərdi avtomobilləri ilə öz mobilliklərinin təminatında ciddi problemlər yaradar”.
Ekspertin sözlərinə görə, hansı nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması, bu işi kimin və hansı müddətdə həyata keçirəcəyi, yaxud avtomobil götürüləcəksə, onun əvəzində vətəndaşa nə veriləcəyi müəyyənləşdikdən sonra, istismar müddətini başa vuran avtomobillərin istifadəsinin qadağan edilməsi məsələsi öz həllini tapa bilər. Ancaq bu iş sərnişin və yükdaşımaya ziyan vurmadan həyata keçirilməlidir”.