Daha bir qayda müəyyənləşdi - Aprelin 1-dən qüvvəyə minir
6-02-2021, 12:06
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi "Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya norma və qaydaları”nı müyyənləşdirib.
Sfera.az xəbər verir ki, sənəd 2021-ci il aprelin 1-dən qüvvəyə minir.
Qaydalarda qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsuldar heyvanlardan əldə edilən heyvan mənşəli qida məhsullarında aşkar edilən baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin yolverilən maksimum qalıq miqdarını, o cümlədən heyvan mənşəli qida məhsullarında yol verilməsi qadağan olunmuş farmakoloji aktiv maddələri müəyyənləşdirir.
Bu qaydaların işlənib hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı "Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin "Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.
Bundan başqa, qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida məhsullarında aşkar edilən çirkləndiricilərin yolverilən maksimum miqdarını müəyyənləşdirir. Qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının "Qida məhsulları və yemlərdə çirkləndirici və toksinlər üçün ümumi standart” (CODEX STAN 193-1995) və "Yeyinti məhsullarında müəyyən çirkləndiricilər üçün maksimum səviyyələrin qurulması” Avropa Birliyi Komissiyasının 1881/2006 saylı Reqlamentinə istinad edilib.