Yaşı 65-dən yuxarı olan məşhurlardan kimlər könüllü vaksinasiya olunacaq - rəylər
9-02-2021, 08:10
Azərbaycanda fevralın 8-dən etibarən 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. Beləliklə, yanvarın 18-də Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksinindən istifadə olunmaqla başlanılan vaksinasiya prosesində ilkin mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər peyvənd olunmağa başlayıb.
Maraqlıdır, yaşı 65-dən yuxarı olan məşhurlardan kimlər könüllü vaksinasiya olunacaq?
Bu haqda “Yeni Müsavat”a danışan 75 yaşlı Xalq artisti, cazmen Cavan Zeynallı hələlik ona poliklinikadan dəvət gəlmədiyini dedi:
Cavan Zeynallı: “Ola bilsin ki, 2 aydan sonra vaksinasiyanın nəticələrini görəcəyik, onda daha dəqiq qərar verəcəm”
“Hələ ki heç bir çağırış olmayıb. Baxacam görüm kimlər vaksinasiya olunacaq, proses necə olacaq və sairə, bunları müşahidə etmək üçün isə zaman lazımdır. Zamanla nə lazımdırsa, onu da edərik. Vaksinasiyaya inanıram. Ən azından ona görə ki, bütün dünya bu prosesi keçir.
Lakin elə insanlar var ki, hələ də qorxur ki, vaksin əvəzinə baş bir şey vurulsun və sairə. Hər halda, biz yaşlılar daxilən uşaq kimiyik, bəzən nədənsə qorxuruq, çəkinirik... İndi baxacam hamı edəcəksə, mən də vurduracam. Ola bilsin ki, 2 aydan sonra vaksinasiyanın nəticələrini görəcəyik, onda daha dəqiq qərar verə biləcəyik".
Fikrət Qoca: “Əgər hər kəs vaksinasiya etdirib, bir tək mən etdirməzsəm belə çıxacaq ki, mən hamıdan ağıllıyam?”
85 yaşlı Xalq yazıçısı Fikrət Qoca isə qeyd etdi:
“Artıq 85 yaşımı ötmüşəm. İndi 65 yaşdan yuxarılara vaksinasiya tətbiq olunur. Əgər hər kəs etdirir və bir tək mən etdirməzsəm belə çıxacaq ki, mən hamıdan ağıllıyam? Tutaq ki, inanmayıb neyləyəcəyik? İnanmamağın özü xəstəlikdir. Hələ ki heç bir dəvət gəlməyib. Hətta mən istəyərdim ki, birinci növbədə övladlarımıza, gənclərimizə tətbiq edilsin, qoy onlar yaşasın. İndi elə bir yaşdayam ki, bundan sonra nə qədər yaşayacağım önəmli deyil. Əsas odur ki, övladlarımız daha çox yaşasın”
Baloğlan Əşrəfov: “Heç vaxt inanmaram ki, mənə vaksin vurulsun”
69 yaşlı Əməkdar artist Baloğlan Əşrəfov isə bildirdi ki, zamanında ağır xəstəlik keçirdiyi üçün ona vaksin tətbiq edilməyəcək:
“Bildiyiniz kimi, uzun illər öncə Türkiyədə qara ciyərimlə əlaqədar əməliyyat olunmuşam. Mənə elə dərmanlar vurulur ki, heç vaxt inanmaram ki, vaksin vurulsun. Çünki bu, mümkün deyil, qaraciyəri dəyişdirilən insanlara bu cür proseslər tətbiq edilmir.
O ki qaldı ümumi rəyə, inanmaram ki, hökumətimiz ölkəsinə qarşı ziyanlı bir iş görsün. Əgər məsləhət olmasaydı, vaksinasiya prosesi başladılmazdı. Lakin əzəldən insanlar hər şeyə o dəqiqə inanmayıb. Hesab edirəm ki, bu vaksinasiya vacibdir ki, hökumət tətbiq edir".
Əbdül Mahmudov: “Bəzən vaksinlərin yan təsirləri haqda müxtəlif fikirlər eşidirik, bu səbəbdən bəzi insanlarda vaksinlərə qarşı inamsızlıq yaranır”
76 yaşlı Xalq artisti, kinoaktyor və rejissor Əbdül Mahmudov da qeyd etdi ki, sağlamlığında problemlər olduğu üçün pandemiyanı özünə çox təhlükəli hesab edir:
“Mən bağırsaqlarımdan əməliyyat olunmuşam, öd kisəm yoxdur və sairə. Yəni, sağlamlığımla bağlı problemlərim var. Bu səbəbdən pandemiyadan olduqca ehtiyat edirəm. Hətta verilişlərə dəvət alanda beşindən yalnız birinə razı olub, efirlərə çıxıram. Onda da şərt kəsirəm, mənim üçün studiyada şərait yaradılır, yalnız o zaman qonaq gedib iştirak edirəm.
Vaksinasiyaya gəldikdə isə, dünyada müxtəlif növ vaksinlər var. Bəzən onların yan təsirləri haqda müxtəlif fikirlər eşidirik, bu səbəbdən bəzi insanlarda vaksinlərə qarşı inamsızlıq yaranır. Lakin hesab edirəm ki, koronavirus pandemiyası bütün dünya üçün bir bəla, müharibədir. Ondan qurtulmaq üçün vaksinasiya olunmalıyıq".
Novella Cəfəroğlu: “Oğlum həkimdir, o demişdi ki...”
79 yaşlı hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd etdi ki, hələlik ona vaksinasiya ilə bağlı çağırış gəlməyib:
“Yaxın dost-tanışlardan eşidirəm ki, poliklinikalardan vaksinasiya ilə bağlı çağırışlar gəlir. Amma məsələn, qeydiyyatda olduğum poliklinikadan hələlik səs-soraq yoxdur. Çağırış edən polilinikalar isə yaşlılara müraciət edir ki, ərizə yazsınlar və sairə. Tutaq ki, mənim imkanım var ki, gedib poliklinikaya ərizə yazım, peyvənd vurdurum. Amma elə yaşlılar var ki, onların evlərində nə interneti, telefonu yoxdur və yaxud onu poliklinikaya aparacaq bir ailə üzvü yoxdur, tək-tənha yaşayır. Gərəkdir ki, poliklinikanın özü bu işlə məşğul olsun. Hesab edirəm ki, tamamilə ahıl yaşda olan insanların vaksinasiyaları evlərdə olmalıdır, çünki çoxu evdən çölə çıxa bilmir.
İnanmağa qaldıqda isə oğlum həkimdir və o demişdi ki, vaksinasiya olunmaq mütləqdir. Bu baxımdan vaksinasiyaya inanıram".
Xatırladaq ki, vaksinasiyanın ikinci mərhələsində tibbi baxımından yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.
Xalidə GƏRAY,
“Yeni Müsavat”