Generallar niyə ehtiyata buraxıldı? - Əsl səbəb: “Sadıqovdan sonra...”
9-02-2021, 19:05
Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb. Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən savaşı ərəfəsində Müdafiə Nazirliyində keçirdiyi müşavirələrin birində bəzi generalların uğursuz fəaliyyəti ilə bağlı müəyyən məqamları diqqətə çatdırmışdı. Həmçinin cəmiyyətimizdə də bəzi iddialar səslənirdi ki, generalların bir qismi qələbəmiz üçün görülən işlərin tormozlanmasına şərait yaradıb. Maraqlıdır, sözügedən bu generalların da fəaliyyətində nöqsanlar olub, yoxsa...?
Gəlin, "yoxsa"dan sonrakı məqamı Qarabağ qazisi, tanınmış hərbi jurnalist Rey Kərimoğlunun fikirləri ilə izah edək.
R.Kərimoğlu "Sherg.az"a bildirib ki, oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov ehtiyata göndərildi. Onun ardınca isə general-mayor Xəqani Cəbrayılov və general-leytenant Rövşən Əkbərov ehtiyata buraxıldı:
“Hərbi xidmət keçmə haqqında qanunun əsasnaməsinə uyğun olaraq hərbçilər ehtiyata buraxılır və onlara 3 ay vaxt verilir. Həmin 3 ay ona görə verilir ki, bu şəxslər gedib haradasa özlərinə iş tapsın. Lakin general-mayor Xəqani Cəbrayılovun işində pərakəndəlik və mənfi hallar da istisna edilmir. General-leytenant Rövşən Əkbərovun isə səhhətində problemlər olduğuna dair iddialar var”.