Elməddin Behbud ictimai nəzarətlə bağlı açıqlama yaydı
8-02-2016, 20:28
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud ictimai nəzarətlə bağlı açıqlama verib.
Avropa.info xəbər verir ki, Elməddin Behbud 2014-cü ildə Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin təşəbbüsü ilə parlamentdə “İctimai iştirakçılıq” haqqında qanun qəbul edilməsini QHT-dövlət münasibətlərinin tənzimlənməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, qərarların qəbul olunmasında vətəndaş iştirakçılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:
“Qanunun tələbinə görə yerli və mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuralar yaradılmalıdır. Bu qanunun qəbul edilməsinədək bildiyim qədər bir neçə dövlət qurumunda, o cümlədən Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində belə şuralar fəaliyyət göstərirdi. Bu qanunun tələblərindən irəli gələrək bütün mərkəzi və yerli icra hakimiyyəti strukturları yanında İctimai Şuralar qurulmalıdır. Ötən müddət ərzində müxtəlif dövlət orqanları artıq bu məsələ ilə müvafiq addımlar atıblar. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında hökumətin fəaliyyətinə ictimai nəzarət vacibliyini vurğuladı. Biz bunu bilavasitə QHT-lərə ünvanlanmış çağırış kim qəbul etdik və dərhal fəaliyyət başladıq. Belə ki, Şuranın təşəbbüsü ilə ölkənin bir sıra aparıcı QHT-lərinin iştirakı ilə 14 yanvarda toplantı keçirərək geniş müzakirələr apardıq və nəticədə ictimai nəzarətin təşkili mexanizmlərinin müəyyən edilməsi və konkret addımların atılması üçün 3 istiqamət üzrə işçi qruplar yaradıldı: 1. İqtisadi məsələlər; 2. Sosial məsələlər; 3. İctimaiyyətlə əlaqələr. Burada ən müxtəlif sahələr üzrə illərdir cəmiyyət üçün faydalı layihələr icra edən, QHT sektorunda aktiv fəaliyyət göstərən QHT-lər toplaşıb. Bu işçi qruplar artıq fəaliyyətə başlayıb, onların aidiyyatı nazirliklərdə görüşlər keçirməsi və vətəndaşlardan gələn müraciətləri səlahiyyətli şəxslərlə müzakirə etməsi nəzərdə tutulur. Hər işçi qrupunun iş planı mövcuddur. Bu plan əsasında onlar QHT-lərdən gələn təkliflərləri cəmləşdirərək müavfiq qurumlara çatdıracaqlar. Eyni zamanda paytaxt və regionlarda maarifləndirici görüşlərin keçirilməsinə də başlanılacaq”.
Hökumətin fəaliyyətinə ictimai nəzarətin təşkili bildiyimiz kimi dünyanın müxtəlif ölklərində mövcuddur. İctimai nəzarətin əsas məqsədi qəbul edilən qərarların və onun icrasının qanunvericiliyə uyğun olmasını diqqətdə saxlamaq, vətəndaşların mənafe və hüquqlarının qorunmasına yardımçı olmaqdır. Yəni istənilən icra orqanının işinə ictimai əsaslarla fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının ictimai nəzarəti həyata keçirməsi neqativ halların yerindəcə aşkarlanaraq aradan qaldırılması üçün əlverişli imkan yaradır. İctimai nəzarəti həyata keçirmək üçün vətəndaş cəmiyyətinin müxtəlif strukturları QHT-lər, KİV-lər, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları yaxından əməkdaşlıq edirlər. İctimai Şuralar resursların səmərəli istifadəsinə, idarəetmənin çevikliyinə, qanunların icrasına, məhdudiyyətlərə nə dərəcədə riayət edilməsinə və s. məsələlərə nəzarət edəcəklər. İctimai İştirakçılıq" haqqında qanun qəbul olunandan sonra təəssüflər olsun ki, hələ də bütün dövlət qurumları yanında adıçəkilən şuralar yaradılmayıb.
Ancaq qanunun tələbi birmənalıdır bə dövlət strukturları onun icrasını mütləq şəkildə təmin etməlidirlər. Ancaq bir dövlət qurumunun yanında yaradılan ictimai şuranın ona nəzarət edəcəyini düşünsək görərik ki, həmin qurumun bu işdə maraqlı olmaması yalnız ortada neqativ halların mövcud olduğu halda mümkündür. Cənab Prezident son bir ayda bildiyimiz kimi çoxsaylı mühüm sərəncamlar vermiş, eyni zamanda manatın məzənnəsində baş verən məlum dəyişikliklə əlaqədar yeni mərhələdə zəruri institutsional və maliyyə islahatları həyata keçirmişdir. Bu proses hazırda da davam etdirilməkdədir. QHT-lər bu mühüm islahatlara dövlət strukturlarına ictimai nəzarətin təmin olunmasında yaxından iştirak etməklə dəstək olmaqdadırlar. Çünki ictimai nəzarətin təmin olunmasında ən effektiv və həlledici rollardan biri məhz QHT-lərin üzərinə düşür. Yaxın zamanlarda Milli Məclisdə "İctimai nəzarət" haqqında qanunun da qəbuluda gözlənilir. Dünyada təcrübədən çıxmış, kifayət qədər effektiv bir üsul olan ictimai nəzarətin praktik mexanimzlərinin müəyyən olunaraq yaxın vaxtlarda real addımların atılmasına şahidlik edəcəyik. Düşünürəm ki, dövlət orqanlarının fəaliyyətlərindəki çatışmamazlıqların əhəmiyyətli qismini bu üsulla aradan qaldırmaq mümkün olacaq”.