Bakı “müharibə”nin astanasında: “Hazırlıq başlamalıdır!” – Bu tarixdə…
Bu gün, 11:18

Yay fəsli ilə əlaqədar Bakı şəhərində tıxaclar azalıb. Məktəblər, universitetlər bağlanıb və əhali tətilə, məzuniyyətə çıxıb. Nəticədə paytaxt yolları qismən boşalıb. Lakin sentyabr ayından etibarən həyat öz axarına qayıdacaq, hər zaman olduğu kimi tıxaclar yenidən artacaq. Bildirilir ki, sentyabrın 15-dən sonra sıxlıq ən pik nöqtəyə çata bilər.
Aidiyyəti qurumlar bununla bağlı nə kimi işlər görə bilər? Tıxacları heç olmasa əvvəlki illərə nisbətdə azaltmaq mümkündürmü? Ümumiyyətlə, Bakı “yeni mövsüm müharibəsinə” hazırdırmı?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, aidiyyəti qurumların bu istiqamətdə ciddi tədbirlər görməməyi təəssüf doğurur:
“Bakı normativ göstəricilərdən 4-5 dəfə artıq nəqliyyat vasitəsi ilə yüklənib. Tıxaclarla bağlı vəziyyətin artıq dönüşü yoxdur və bu prosesin qarşısını almaq mümkün görünmür. Əslində, bu sahədə heç bir irəliləyiş müşahidə olunmur, yalnız kosmetik müsahibələr verilərək, “yol ayrıcıları çəkirik”, “yol ötürücüləri inşa olunacaq”, “metro tikiləcək” kimi vədlər səsləndirilir. Nəticə etibarilə bunların reallaşmadığını görürük və bir vətəndaş olaraq, düzələcəyinə inanmırıq”.
Ekspert qeyd edib ki, ölkəyə idxal edilən nəqliyyat vasitələrinin sayı dayanmadan artır və əksəriyyəti paytaxtda istifadə olunur:
“Şəhər isə bu həcmi qəbul edə bilmir. Digər tərəfdən, köhnə avtomobillər utilizasiya edilmir. Yerüstü və yeraltı parkinqlər, qarajlar, avtoparklar artıq dolub. Bir ailədə dörd maşın varsa, vəziyyətin dəyişməsi mümkün olmur. Sadaladığım problemlər həll olunmasa və qurumların verdiyi vədlər yerinə yetirilməsə, tıxaclar sentyabrdan etibarən əvvəlki illərdən də pis vəziyyətə gələcək”.