“Azərbaycanda dizel mühərrikli avtomobillərin qadağan olunması...” – Ekspertdən CAVAB
10-02-2021, 19:03
“Rəqabət prinsipi qorunmadığı üçün qısa zamanda dizel mühərrikli avtomobillərdən imtina edilməsi real görünmür”.
Bunu ölkədə dizel yanacağının bahalaşması fonunda dizel mühərrikli avtomobillərə tələbatla bağlı vəziyyəti dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, dizel yanacağının bahalaşması dizel mühərrikli avtomobillərlə bağlı tələbata ciddi təsir etməyib:
“Demək olar ki, ölkəmizdəki avtomobillərin çoxu benzin və dizel yanacağı işlədir. Bu maşınlara alternativ kimi hibrid avtomobillərini göstərmək etmək olar. Ümumiyyətlə, rəqabət prinsipi qorunmadığı üçün qısa zamanda dizel mühərrikli avtomobillərdən imtina edilməsi real görünmür. Bu, uzun zaman tələb edən prosesdir.
Böyük Britaniyada 2030-cu ilədək dizel avtomobillərinin satışının qadağan olunması nəzərdə tutulur. Bu, ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri sayılır. Lakin bizdə dizel mühərrikli avtomobillərin qadağan edilməsi və ya onlara tələbatın azalması müşahidə olunmur”.
Xatırladaq ki, bu il yanvarın 5-dən dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik müəyyən edilib.